Azərbaycan xalqı Aşura günündə, həmçinin Vətən, torpaq və ədalət uğrunda şəhid olan bütün qəhrəmanların xatirəsini ehtiramla anır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında çıxışı zamanı səsləndirib.
Şeyxülislam əlavə edib ki, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Əvvəllər bəzi radikal qruplar bu günü sui-istifadə mövzusuna çevirmişdi. Ulu Öndərin təşəbbüsü ilə bu məsələ müdrikcəsinə həll olundu – kim bu yolda qan vermək istəyirsə, qoy, bu qanla bir həyat xilas etsin. Bu təşəbbüs bu gün Azərbaycanda sabit və humanist ənənəyə çevrilib".