EN

Valideynlərin 90 faizi bu xətanı yayda edir – Pediatrdan vacib tövsiyələr

Yay aylarında uşaqların sağlamlığını qorumaq üçün valideynlər xüsusilə diqqətli olmalıdırlar. Artan temperatur, günəşin intensivliyi və su ilə təmas uşaqlarda müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən yay mövsümündə həm günəş şüalarından qorunmaq, həm də dəniz və hovuz kimi yerlərdə təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək vacibdir.

"Saat 12:00-dan 17:00-a qədər uşaqları günəş altında gəzdirmək olmaz. Əgər çölə çıxmaq zəruri olarsa, 6 aydan yuxarı bütün uşaqlar üçün qoruyucu papaqlardan və günəş kremlərindən istifadə olunmalıdır". 

Bu sözləri "Yeni Sabah"a açıqlamasında Dr. Pediatr Günay Rəsulova deyib. O, bildirib ki, SPF qoruyucu kremləri hər 2-3 saatdan bir yenilənməlidir: Dominos pizza

"Günəşin, yəni ultrabənövşəyi şüaların birbaşa düşdüyü saatlarda – xüsusilə, saat 12:00-dan 17:00-a qədər uşaqları günəş şüaları altında gəzdirmək olmaz. Əgər çölə çıxmaq zəruri olarsa, 6 aydan yuxarı bütün uşaqlar üçün qoruyucu papaqlardan və günəş kremlərindən istifadə olunmalıdır. SPF qoruyucu kremlər isə hər 2-3 saatdan bir yenilənməlidir. Bununla yanaşı, uşaqlar bol maye qəbul etməli və bədənləri tez-tez sərin su ilə silinməlidir. Zərurət olmadıqda bu saatlarda uşaqları birbaşa günəş şüasına məruz qoymaq tövsiyə olunmur. Həmçinin uşaqların olduqları mühitin temperaturuna və rütubətinə də diqqət edilməlidir – otaq temperaturu 22 dərəcədən artıq olmamalıdır".

Pediatrın sözlərinə görə, hovuz infeksiyalarından qorunmaq üçün etibarlı və gigiyenik baxımdan uyğun yerlər seçilməlidir:

"Yay mövsümündə dəniz və hovuzlarda uşaqların boğulma riskinin qarşısını almaq üçün onları nəzarətsiz buraxmaq olmaz. Mütləq qoruyucu jiletlərdən istifadə edilməlidir. Hovuz infeksiyalarından qorunmaq üçün etibarlı və gigiyenik baxımdan uyğun yerlər seçilməlidir. Suyun dezinfeksiya səviyyəsinə diqqət edilməli, xüsusilə xlorla təmizlənən hovuzlardan allergik uşaqlar uzaq tutulmalıdır. Həmçinin, suya xüsusi hovuz geyimləri ilə daxil olunmalı, hovuzdan sonra uşaqlar dərhal təmiz su ilə yuyundurulmalı və nəm paltarları tez bir zamanda dəyişdirilməlidir. Uşağın nəm paltarla qalması sağlamlıq baxımından risklidir. Göz infeksiyalarının qarşısını almaq üçün hovuz eynəklərindən istifadə məsləhətdir. Çünki hovuz suyunun, xüsusən də xlorlu suyun gözlə təması yanma və qaşınma hissi yarada bilər. Suya sürətlə tullanan və yaxşı üzə bilən uşaqlar üçün qulaq tıxaclarından istifadə də faydalı ola bilər".

Günay Rəsulova bildirib ki, yay aylarında susuzlaşmanın qarşısını almaq üçün uşaqların su ehtiyaclarına xüsusi diqqət yetirmək lazımdır:

"Susuzlaşmanın qarşısını almaq üçün uşaqların su ehtiyaclarına xüsusi diqqət yetirilməlidir. Onlara tez-tez su verilməli, isti havalarda yeməkdən imtina, yuxusuzluq, sidik ifrazının azalması kimi əlamətlər müşahidə olunmalıdır. Südəmər körpələrin bezində sarı, narıncı və ya kərpic rəngli ləkələr görünərsə, bu da susuzlaşmanın göstəricisi ola bilər. Bu hallar valideynlər üçün xəbərdarlıq siqnalı olmalıdır".

Aydan Hacı


Telegram kanalımız
Chosen
10
49
yenisabah.az

10Sources