Memar Elçin Əliyevin adı Azərbaycanın ictimai-siyasi düşüncə məkanında xüsusi heç nə ifadə etmir. Hərçənd o, Qərbi Kaspi Universitetinin professorudur, memardır, gümanımca, öz sahəsində peşəkar insandır. Açıq mənbələrdə yayımlanan bioqrafiyasına görə, REAL Partiyasının üzvü, hətta Mədəniyyət Komitəsinin sədridir.
Memarın öz Facebook səhifəsində paylaşdığı və medianın da diqqətini cəlb etmiş bir rəy onu gündəmə gətirib.
Azərbaycanda rus dilində genişmiqyaslı təhsilin qatı və radikal müdafiəçisi kimi çıxış edən müəllifin əsas tezisləri bunlardır:
1. Ölkə rəhbərliyi istedadsız, yaltaq çevrənin girovuna çevrilib.
2. Təhsilsiz və dar düşüncəli məmurlar rus dilinin tədrisdən çıxarılmasını istəyir.
3. Rus dili sivilizasiyanın, dərin biliyin və Avropa mədəniyyətinə girişin əsas yoludur.
4. Azərbaycanın yüksəlişi yalnız SSRİ dövründə baş verib, müstəqillik dövründə isə heç nə yaradılmayıb.
5. Azərbaycanda rusdilli təhsilə alternativ yoxdur.
6. Hakimiyyət rusdilli təhsil əleyhinə çıxış edənləri “yerbəyer” etməlidir.
7. Rus dilindən imtina Azərbaycanın mədəni və strateji geriliyinə səbəb olacaq və Azərbaycan üçüncü dünya ölkəsinə çevriləcək.
Bu iddialar ictimai şüur üçün kifayət qədər aktual və polemilk olduğundan məsələnin üstündən sükutla keçmək mümkün deyil. Odur ki, gəlin, Elçin Əliyevin arqumentlərini bir-bir incələyək.
Birinci tezis barədə:
Bu fikir daha çox yarğılama, ümumiləşdirmə və etiketləmədir. Hökumətin və məmurların fəaliyyətini tənqid etmək hüquqi və ictimai baxımdan yolveriləndir, lakin bu cür ifadələr (məsələn, “yaltaq”, “istedadsız”) subyektiv, qərəzli və qeyri-konstruktiv yanaşmadır. Azərbaycan Prezidentinin Administrasiyasında çalışan əsas fiqurların bioqrafiyasına nəzər salanda, onların həm Azərbaycanda, həm Avropa və ABŞ-da, həm də elə Rusiyada yüksək səviyyədə ali təhsil aldıqları bəlli olur. Məsələnin şəxslərə fokuslamamaq üçün xüsusi adlar çəkməyəcəm, ancaq özünü yüksək intellek daşıyıcısı sayan şəxs bilməlidir idi, təhsillə bağlı siyasət ümumiyyətlə, fərdlərin psixoloji portretinə yox, strateji və sistemli meyarlara əsaslanmalıdır.
İkinci tezis barədə:
İlk növbədə nəzərə almaq lazımdır ki, rus dilinin tədrisdən çıxarılması ilə bağlı rəsmi səviyyədə heç bir qərar yoxdur. Bu yöndə uzun zamandır ki, cəmiyyətdə müzakirələr gedir və tərəflərin hər birinin öz baxışı, öz yanaşması var. “Plüralizm” də elə cəmiyyətdə çoxfikirlililiyi ifadə edən termindir. Plüralizm- vətəndaş cəmiyyətinin əsas anlayışlarından biridir və Azərbaycanın bir dövlət olaraq əsas məramı vətəndaş cəmiyyəti bərqərar etməkdir. Bu, konstitutsion məqsəddir. Elə həmin konstitusiyada o da deyilir ki, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Odur ki, heç kimin rus dilinə təhsil sistemində tamamilə yasaq qoymaq, ümumiyyətlə hər hansı xarici dildə təhsilə çıxışı əngəlləmək kimi bir fikri yoxdur. Söhbət Azərbaycanın dövlət büdcəsindən maliyyələşən məktəblərdə rus dilində təhsilin mövcud reallığa uyğunlaşdırılmasından gedir. Bu yöndə dövlətin tənzimləyici addımlar atmağa tam ixtiyarı var. Çünki konstitusiyanın 42-ci maddəsinə görə, dövlət təhsil sisteminə nəzarət etməlidir. Belə olan təqdirdə, Elçin Əliyevin aşağılayıcı, qütbləşdirici və ifrat mövqeyi də heç də "ziyalı" adına uyğun görsənmir, sərgilədiyi təşviş süni təəssürat yaradır.
Üçüncü tezis barədə:
Rus dili özü-özlüyündə zəngin ədəbiyyat daşıyıcısı, xüsusilə post-sovet məkanında hələ də əhəmiyyətli dildir. Lakin rus dili Hind-Avropa ailəsinə daxil olsa belə, modernizm baxımından Avropa dili deyil və onu Avropa mədəniyyətinə əsas körpü kimi təqdim etmək yanlış ümumiləşdirmədir. Müasir dünyada Avropa mədəniyyətinə inteqrasiyada əsas vasitə ingilis dilidir. Çünki bu gün iqtisadiyyatın, texnologiyanın, hüququn, elmin və qlobal kommunikasiyanın dili ingiliscədir. Rus dili, çox təəssüflər olsun ki, Kreml tərəfindən daha çox post sovet məkanına ideoloji təzyiq dilinə çevrilib, eləcə də Rusiyanın öz daxilində bir dilin klassik təyinatından kənara çıxan məqsədlər üçün istifadə olunur. Odur ki, bu məsələdə mövqe bildirməyi zəruri edən şəxslər rus dili və sivilizasiya arasında rabitə axtararkən, rus dili və neoimperalizm arasındakı sistematik əlaqələri də görməyə, vurğulamağa borcludurlar.
Dördüncü tezis barədə:
Yaxşı yadımdadır, gənc parlament müxbiri idim, mərhum prezident Heydər Əliyevin iştirakı ilə Milli Məclisdə qızğın müzakirələr gedirdi. Bir müxalif deputat “Azərbaycanın xarici siyasətinin hansı uğurları var” sualı ətrafında bəlağətli, uzun və skeptik bir çıxış etdi.
Ulu Öndər ona sadəcə bir cümlə ilə cavab verdi:
“Bizim bütün sahələrdə siyasətimizin ən böyük uğuru Azərbaycanın dövlət müstəqilliyidir, dövlət müstəqilliyinin qorunması və inkişafıdır”.
Bəli, bu gün cəmiyyətdə və idarəçilikdə ən müxtəlif problemlər var, bunu heç kim inkar etmir, danmağa da gərək yoxdur. Ancaq 30 ildə ən böyük tarixi nailiyyətimiz Azərbaycanın dövlət müstəqilliyinin qorunması, tərəqqisi, ərazi bütövlüyümüzün bərpası, bunlarla birgə milli identifikasiyamızın güclənməsi, sivil xalqlar arasında tutduğumuz mövqenin ardıcıl bir şəkildə möhkəmlənməsidir. Azərbaycan dövlətçiliyinin dəyişməz əsası Azərbaycan xalqıdır. Bizim xalqımız azadlıq haqqına söykənən dövlət quruculuğunu öz potensialı ilə bütün post-sovet məkanına və dünyaya isbatlayan avanqard toplumdur. Odur ki, hörmətli opponentimin danışdıqları həm ədalətsizlik, həm də yeni nəsil yaradıcı insanlara qarşı hörmətsizlikdir.