EN

Ölkədə 40 yaşdan yuxarı məktəb müəllimi qalmayacaq - prosesə baxın...


Kamran Əsədov: "40 yaşdan yuxarı müəllimlərin zəif nəticələri təhsildə keçmişin kölgəsində qalmağın nəticəsidir"

Məlum olduğu kimi, dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılmadan keçir. Sertifikasiya zamanı müəllimlərin bilik və bacarıqları üzə çıxır. Maraqlı məqam ondan ibarətdir ki, sertifikasiya imtahanında daha çox gənc nəslin nümayəndələri yüksək nəticə göstərir.

40 yaşdan böyük müəllimlərin bir qismi demək olar ki, ya sertifikasiyadan kəsilib, da ya zəif nəticə göstərib. Bunu statistik rəqəmlər də təsdiq edir.

Maraqlıdır, nə üçün 40 yaşdan böyük müəllimlər sertifikasiyadan keçə bilmir?

Məsələni baki-xeber.com-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirdi ki, sertifikasiya imtahanlarında 40 yaşdan yuxarı müəllimlərin zəif nəticə göstərməsi son illərdə müşahidə edilən ciddi və davamlı tendensiyadır: "2023 və 2024-cü illərdə keçirilən imtahanların nəticələrinə əsasən, minimal keçid balını toplaya bilməyən müəllimlərin əhəmiyyətli hissəsi məhz 40 yaş və yuxarı yaş qrupuna aiddir. 2024-cü ildə imtahan nəticələri göstərdi ki, imtahanda iştirak edən müəllimlərin təxminən 35%-i 40 yaşdan yuxarı şəxslərdən ibarət olub və bu qrupun 70%-i keçid balını toplaya bilməyib. Bu, təkcə yaş amili ilə bağlı deyil, daha çox sistemli yanaşma çatışmazlığı ilə əlaqədardır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinə əsasən, müəllimlər öz peşəkarlığını artırmalı, yeni təlim metodları və kurikulum tələbləri ilə tanış olmalı, müasir yanaşmaları tətbiq etməlidirlər. Amma real vəziyyət onu göstərir ki, uzun müddət eyni məktəbdə, dəyişməyən metodlarla dərs deyən müəllimlər yeni qiymətləndirmə meyarları, səriştə əsaslı təlim modeli və kurikulumun tələbləri ilə uyğunlaşmaqda ciddi çətinlik çəkirlər. Məsələn, fənn məzmunu üzrə verilən testlərə yanaşma, təlim nəticələrinin müəyyən olunması və formativ-summativ qiymətləndirmə kimi anlayışlar bir çox yaşlı müəllim üçün ya tamamilə yad, ya da ötəri şəkildə mənimsənilib.

Sertifikasiya imtahanlarının məzmunu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 19 aprel tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin sertifikatlaşdırılması Qaydaları”na uyğun təşkil olunur və burada məqsəd müəllimlərin pedaqoji, metodiki və ixtisas biliklərini obyektiv qiymətləndirməkdir. Burada əsas tələblərdən biri də məhz fənn üzrə biliklərlə yanaşı, müasir təlim yanaşmalarına dair məlumatlılıq və tətbiq bacarığıdır. Bu isə uzun illərdən bəri özünü yeniləməyən, ixtisasartırma kurslarında formal iştirak edən və ya heç iştirak etməyən müəllimlər üçün ciddi əngəl yaradır".

Ekspertin sözlərinə görə, davamlı peşəkar inkişafın (DPİ) sistemli şəkildə təşkil olunmaması da vəziyyəti gərginləşdirir: "Məsələn, Finlandiya, Estoniya və Sinqapurda müəllimlər illik olaraq ixtisasartırma təlimlərinə cəlb olunurlar və bu proses dövlət tərəfindən tənzimlənir. Orta və yaşlı nəsil müəllimlər üçün isə xüsusi modullar, mentorluq dəstəyi və çevik qiymətləndirmə sistemləri tətbiq olunur. Azərbaycanda isə bu sahədə daha çox layihə xarakterli və qısa müddətli tədbirlər keçirildiyi üçün real nəticələrə gətirib çıxarmır. Xüsusən regionlardakı müəllimlər üçün bu imkanlar ya əlçatmazdır, ya da keyfiyyətsizdir.

Müsbət tərəf ondan ibarətdir ki, sertifikasiya imtahanları bu günə qədər diqqətdən kənarda qalan bir çox problemi üzə çıxarır və nəticələr təhsildə real mənzərəni göstərir. Əgər 40 yaşdan yuxarı müəllimlərin böyük əksəriyyəti sadə fənn bilikləri və metodik yanaşmalar üzrə minimal bal belə toplaya bilmirsə, bu, artıq ciddi struktur dəyişikliklərinə ehtiyac olduğunu sübut edir. Bu məlumatlar həm də məktəblərdə keyfiyyətli təhsilin niyə bərabər şəkildə təmin olunmadığını izah edir. Məsələn, həmin müəllimlər 20 ildən çoxdur şagird yetişdirir, lakin özləri baza bilikləri üzrə minimal səviyyəni keçə bilmirlərsə, bu, nəticə etibarilə təhsil nəticələrinə də mənfi təsir göstərir.

Məktəblərdə tədris keyfiyyətinin yüksəldilməsi üçün yaşlı müəllimlərin prosesdən kənarlaşdırılması deyil, onları sistemli şəkildə peşəkar inkişaf prosesinə cəlb etmək daha dayanıqlı yanaşmadır. Məsələn, Estoniyada yaşlı müəllimlər üçün xüsusi “təcrübənin transformasiyası” modulları var – burada müəllimlər öz illərdir topladığı praktik bilikləri müasir metodlarla birləşdirərək sinifdə effektiv şəkildə istifadə etməyi öyrənirlər. Azərbaycanda da buna bənzər modullar tətbiq olunmalıdır: fərdi inkişaf planları, mentorluq proqramları və regional peşəkar inkişaf mərkəzləri yaradılmalıdır.

Əgər bu istiqamətdə islahatlar aparılmasa, təcrübəli, lakin köhnəlmiş yanaşmalarla işləyən müəllimlərin sayının çoxluğu təhsil sisteminin yenilənməsinə əngəl olacaq. Sertifikasiya bu problemləri aşkarlayır, lakin problemin özünü həll etmədən təkcə nəticəyə əsaslanaraq müəllimi işdən çıxarmaq və ya onu prosesdən uzaqlaşdırmaq təhsilin keyfiyyətinə uzunmüddətli töhfə vermir. Bu səbəbdən, sertifikasiya nəticələrini təhlil əsasında istifadə etməklə yanaşı, müəllimin inkişafına yönəlmiş siyasətlər formalaşdırılmalı, yaşdan asılı olmayaraq hər kəs üçün öyrənmə imkanları bərabər təmin edilməlidir.

Nəticə etibarilə, 40 yaşdan yuxarı müəllimlərin zəif nəticələri təhsildə keçmişin kölgəsində qalmağın nəticəsidir. Onların bu vəziyyətə düşməsində həm şəxsi məsuliyyət, həm də sistemin uzun illər bu sahəyə laqeyd yanaşması rol oynayıb. Artıq bu problemi görməməzlikdən gəlmək yox, onu həll etməyə yönəlmiş təlim, təşviq və struktur dəyişikliyi zəruridir".

Günel CƏLİLOVA

Chosen
12
6
baki-xeber.com

10Sources