EN

Səfəvi xanım şahzadənin oğlu Baburi şahı Övrəngzib

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

V YAZI

“Mən bu dünyaya tək gəldim, tək gedirəm, kim olduğumu, nə etdiyimi bilmədim, boş keçirdiyim günlər yalnız peşmançılıqla qaldı. Nə hökumət yaratdım, nə də rəiyyətin himayəsini təmin etdim, bu qədər dəyərli bir ömür hədər getdi”.

Böyük Moğol imperatoru (Baburilər dövləti) Övrəngzib (Aləmgir) ölüm ayağında oğlanlarına məktubunda belə yazmışdı, ancaq həqiqətənmi o, hökmdarlığı dövründə heç nə etməmişdi.

1658-ci il iyulun 31-dən 1707-ci il martın 3-dək Böyük Moğol İmperiyasının hökmdarı olan Övrəngzibin şahlığı dövründə onun apardığı müharibələr nəticəsində dövlətin sərhədləri xeyli genişlənib, Hindistan yarımadasının cənubunda yerləşən kiçik bölgədən başqa bütün yarımada Böyük Moğol İmperiyasının sərhədlərinə daxil edilib. Hindistanı demək olar ki, tamamilə Türk dövlətinə çevrilib. İmperiyada fars və indus dilləri üstünlük təşkil etsə də Övrəngzib türk dilinin və ədəbiyyatının inkişafına dəstək verib, onun hakimiyyəti dövründə türk (Çağatay) lüğətləri tərtib olunub, ulu babası Əmir Teymurun məqbərəsinin bərpası üçün xəzinədən vəsait ayırıb.

Övrəngzibin əmri ilə 1667–1675-ci illərdə bir qrup alim tərəfindən hənəfi məzhəbinə uyğun olaraq “Fətava-i-Aləmgiri” adlı çoxcildlik hüquqi hökmlər (fətvalar) toplusu tərtib edilib. Müəlliflər komandasına Burhanpurlu Şeyx Nizam başçılıq edib, Şeyx Vacihəddin, Şeyx Cəlaləddin Məhəmməd, Qadi Məhəmməd Hüseyn və Molla Həmid onun yardımçıları olub. Dörd köməkçinin hər biri on müəllifdən ibarət qrupa rəhbərlik edib. Fətvaların tərtibinə xəzinədən 200 min rupi xərclənib. O dövrdə Övrəngzibin fətvaları müsəlmanlar üçün bələdçi olaraq Hindistanda və İslam dünyasının digər yerlərində sürətlə yayılıb. Sadiq müsəlman olan Övrəngzib Baburilər dövlətində çoxsaylı məscidlərin tikilməsi və ərəb xəttatlığının himayədarı kimi də tanınıb.

Türk və müsəlman dövlətləri ilə yaxşı münasibətlər qurub, imperatorluqda vergilər nəzərə çarpacaq dərəcədə azaldılıb, dövlətdə nizam-intizam və əmin-amanlıq, ədalət təmin olunub. Yəmən imamına, Həbəşistan hökmdarına gümüş və qızıl pulla kömək göstərib.

Baburilər dövlətinin sabit yaşaması və xəzinəyə pul daxil olması naminə ingilislərə və hollandlara Qucarat limanlarında bir sıra imtiyaz verib.

Sadalanan və sadalanmayan çoxsaylı xeyirxah işlər görmüşdü Sultan Övrəngzib...

Övrəngzib atası Cahan şahı taxtdan salır

O da var ki, Sultan Övrəngzib hakimiyyətə gəlməsi naminə atası Cahan şahı Dehlidəki “Qırmızı Qala” adlı həbsxanaya saldıran qəddar hökmdar kimi də tarixə düşüb. Cahan şah ömrünün ixtiyar çağını xatirələrin girdabında həbsdə keçirib və “Qırmızı Qala”nın kiçik pəncərəsindən görünən, zamanında Övrəngzibin anası, Cahan şahın sevimli arvadının xatirəsinə tikdirdiyi Tac Mahalı izləməklə təskinlik tapıb, Mümtaz Mahalla keçirdiyi xoşbəxt günlərini, övladlarının hər birinin uşaqlıq dövrünü, oğlu Övrəngzibin bu addımı atmasının səbəbini, onun tərbiyəsində hansı qüsura yol verdiyini, həbsxanaya nədən salınmasını bilməyə-bəlməyə dağı arana, aranı dağa daşıyaraq ölüm gününü gözləyib.

Cahan şah həbsxanada dünyasını dəyişdikdən sonra Tac Mahalda, həyat yoldaşı Mümtaz Mahalın yanında dəfn olunub.

Sultan Övrəngzib hakimiyyətinin ilk günlərindən hakimiyyətə iddialı olan rəqiblərini müxtəlif bəhanələrlə öldürtdürüb və hakimiyyətini möhkəmləndirib. Övrəngzib bölgələrdə hakim olan, taxt-tac uğrunda mübarizəyə qalxan qardaşlarını və onların övladlarını da aradan götürüb.

Beləliklə Sultan Övrəngzib 1658-ci il iyulun 31-də Böyük Moğol İmperiyasının (Baburilər dövləti) taxtına çıxıb.

Övrəngzibin hakimiyyətdə olduğu 48 il imperiyanın müstəqil və qismən sabit keçən dövrü hesab olunur.

Əbül Müzəffər Məhiyəddin Məhəmməd Övrəngzib (Taxtın bəzəyi) və ya Aləmgir şah (Kainatın fatehi), 1618-ci il noyabrın 4-də Böyük Moğol İmperiyasının Dahod şəhərində Cahan şah və Səfəvi şahzadəsi Mümtaz Mahalın ailəsində dünyaya gəlib, onların üçüncü övladı olub. Mümtaz Mahal Böyük Moğol İmperiyasının imperatoru Cahangir şahın vəziri, Səfəvilər sülaləsindən olan Əbülhəsən Asəf xanın qızı idi.

Şahzadə Övrəngzib döyüş, hərbi strategiya və idarəetmə istiqamətində yaxşı təhsil alıb. Onun tədris proqramına islamşünaslıq, türk və fars ədəbiyyatı kimi sahələr də daxil idi. O, cığatay türkcəsini, indus dilini də mükəmməl bilib. Bununla belə sələfləri kimi fars dilindən istifadə etməyə üstünlük verib.

Sultan Övrəngzib sələflərinə nisbətən daha sərt xarakterə malik hökmdar olub.

Sultan Övrəngzib qatı dindar idi, Quranı tam olaraq əzbər bilirdi, hədisləri öyrənir və İslamın ayinlərinə ciddi riayət edirdi. İslam xəttatlığı əsərlərini himayə edib, Quran nüsxələrini köçürməsi ilə də tanınıb. Xəttat Seyid Əli Təbrizidən xəttatlıq dərsləri də alıb və istedadlı xəttat kimi də tanınıb.

Övrəngzib hakimiyyəti dövründə atası qədər memarlıq abidələri tikməyib. Bununla belə onun inşa etdirdiyi bir neçə yaddaqalan abidə günümüzə qədər qalıb. Sultan öz şəxsi istifadəsi üçün Dehlidəki “Qırmızı Qala” kompleksində mərmərdən Moti Məscidi (İnci məscidi) tikdirib.

Daha sonra o, Lahorda bu gün Hindistan yarımadasında ən böyük məscidlərdən biri olan Padşah Məscidini inşa edib. Onun Şrinaqarda tikdirdiyi məscid hələ də Kəşmirdə ən böyük tarixi abidələrdən sayılır.

Sultan Övrəngzib öz adına inşa etdirdiyi Övrəngabadda Diras Banu Bəyimin şərəfinə Bibi Ka məqbərəsinin tikintisinə əmr verib və oğlu Əzəm şah tikintini başa çatdırıb. (Diras Banu Bəyim haqqında ayrı material veriləcək). Bibi Ka və ya Rabia-ud-Daurani məqbərəsi Övrəngzibin sevimli arvadının şərəfinə inşa olunan məşhur abidə kimi tarixə düşüb. İndi də hər gün yüzlərlə turist bu abidəni ziyarət edir və abidə məşhur Tac Mahalın heyrətamiz dərəcədə bənzəridir.

* * *

1633-cü ildə Sultan Övrəngzibin 15 yaşı olanda bir döyüş fili Moğol düşərgəsindən qaçır. Övrəngzib atlanıb filin başını bir nizə ilə vurur, sonra atdan yıxılır, lakin ölümdən xilas olur. İgidliyinə görə Övrəngzibin atası ona Bahadur (igid) titulu və hədiyyələr verir, ehtiyatsızlığına görə məzəmmət edir. Onun fillə döyüşdə göstərdiyi şücaət fars və urdu poeziyasında öz əksini tapıb.

Şahzadə Övrəngzib atası Cahan şahın dövründə inzibati və hərbi vəzifələrdə çalışıb və təcrübəli hərbi komandir kimi tanınıb.

Sülalənin böyük sərvətə malik olmasına, zəngin ailədə böyüməsinə baxmayaraq Sultan Övrəngzib təvazökar və gözütox adam kimi ad çıxarıb.

Şahzadə Övrəngzib region hakimi təyin olunur

1634-cü ilin dekabrında Cahan şah Övrəngzibi on min atlı və dörd min əsgərlə ilk vəzifəsinə təyin edir və ona qırmızı çadırın kral imtiyazından istifadə etməyə icazə verilir.

1636-cı ildə atası Cahan şah Övrəngzibi Dekan hakimi təyin edir. O dövrdə Xandeş, Berar, Telangan və Dövlətabad , Dekanın Moğol əyalətləri 64 qala ilə Övrəngzibin nəzarəti altında idi, digər on qala isə hələ fəth olunmamışdı və bu istiqamətdə hazırlıqlar aparılırdı.

Övrəngzib 1636-1644 və 1652-1657-ci illərdə Dekanın, 1645-1647-ci illərdə Qucaratın, 1647-ci ildə Bəlx və Bədəxşanın, 1648-1652-ci illərdə Multanın hakimi olub.

Övrəngzib özünü imperator elan edir

1657-ci ilin sentyabrında Övrəngzibinn atası Cahan şah xəstələnir və böyük oğlu Dara Şikohu öz varisi elan edir. Bu, Övrəngzibin xoşuna gəlmir, qardaşı Dara Şikohla müharibəyə hazırlaşır və 1658-ci ilin aprelində onun ordusunu məğlub edir.

Övrəngzib 1658-ci ilin fevral ayında, 24 yaşında özünü imperator elan edir,may ayında Samuqarh döyüşündəki qəti qələbəsi onun suverenliyini daha da möhkəmləndirir və Övrəngzibin hökmdarlığı bütün imperiyada tanıyır.

Cahan şah 1658-ci ilin iyulunda xəstəlikdən sağaldıqdan sonra Övrəngzib atasının özünü idarə etmək qabiliyyətində olmadığını elan edir və Cahan şahı Aqra qalasına atır. Həmin il avqustun 22-də Cahan şah 74 yaşında həbsxanada dünyasını dəyişir.

1686-1687-ci illərdə Övrəngzib almazla zəngin olan Bicapur və Qolkondanı fəth edir.

Övrəngzibin dövründə Moğol ordusu getdikcə təkmilləşir və dünyanın ən güclü ordularından birinə çevrilir.

1689-cu ilə qədər Baburilərin Qolkondanın fəthi və cənubdakı zəfərləri İmperiyanın ərazisini 4 milyon kvadrat kilometrə qədər genişləndirir, o dövrdə imperiya əhalisinin sayı 158 milyondan çox idi. Övrəngzib həyatının son iyirmi altı ilini Dekan fəthinə həsr etmişdi. Bu, müharibənin son on ilində ildə təxminən yüz min insanın həyatı bahasına başa gəlmişdi. Təkcə Övrəngzibin səyyar paytaxtı, ətrafda otuz mil uzunluğunda çadır şəhəriciyi, yarım milyon əsgər və zabit, əlli min dəvə və otuz min fili qidalandırmaq lazım idi və bu məsrəf imperiyanı taxıl və sərvətdən məhrum etmişdi...

Səfəvilər sülaləsi ilə əlaqələr

Səfəvi və Baburilər apasında Qəndəharla bağlı münaqişə və hətta müharibələr olub. Şəhər strateji mövqedə yerləşdiyindən dəfələrlə əldən-ələ keçib. Övrəngzib 1649 və 1652-ci illərdə Qəndəharı geri almaq üçün iki uğursuz yürüşə rəhbərlik edib. Daxili çəkişmələrlə bağlı Moğolların 1653-cü ildən sonra Qəndəhara hücumlarını dayandırıb.

Övrəngzib taxta çıxdıqdan sonra hakimiyyətinin legitimliyini gücləndirmək üçün Səfəvilərdən diplomatik tanınma istəyib. II Şah Abbas 1661-ci ildə Baburilər İmperiyasına səfir göndərib. Övrəngzib səfiri səmimiyyətlə qəbul edib və II Şah Abbasın hədiyyələrini qəbul etdikdən sonra özü də II Şah Abbasa hədiyyələr göndərib.

Qəndəhar ətrafında gərginlik yenidən artdığından Övrəngzibin 1664-cü ildə Səfəvilərə göndərdiyi səfir isti qarşılanmır. 1666-cı ildə II Şah Abbasın ölümündən sonra münasibətlər yaxşılaşır. Övrəngzibin üsyankar oğlu şahzadə Əkbər Səfəvilərə-I Süleymana sığınır.

Övrəngzibin vergi və gömrük siyasəti tənqid edilir

Övrəngzib xəzinədarlığının Hindistan yarımadasının 24 əyalətdən vergilər, gömrük rüsumları və torpaq gəlirləri və s. kimi müxtəlif mənbələrdən illik gəliri indiki pulla 450 milyon dollardan çox idi. O bu sərvətdən Hindistanda, xüsusən də Karnatik, Dekan, Benqal və Lahorda bazalar və istehkamlar qurmaq üçün istifadə edib.

1679-cu ildə Övrəngzib yüz il müddətinə azaldılan hərbi xidmət əvəzinə qeyri-müsəlmanlara hərbi vergini-cizyəni yenidən tətbiq etmək qərarına gəlir, bu addım bir çox indus hökmdarları, Övrəngzibin ailə üzvləri və Moğol məmurları tərəfindən tənqid edilir.

Onun göstərişi ilə vergi yığan məmurlar müsəlman olmalı idi. Övrəngzib müsəlman tacirlər üçün 2,5%, indus tacirlər üçün 5% ilə vergi yükü tətbiq edib ki, bu da xeyli narazılığa səbəb olub. Qeyri müsəlmanların vergi ödəyərkən Qurandan ayə oxumaları tələbi də induslar arasında iğtişaşlara gətirib çıxarıb, yerli məmurlar etiraza qalxıb. Xəzinəni doldurmaq üçün Övrəngzib torpaq vergisini də qaldırıb.

Övrəngzib səbəbi bilinmədən indus məbədlərinin dağıdılmasını, yeni məbədlərin tikilməsininin dayandırılmasını əmr edib, bu addım da induslar arasında narazılıq yaradıb.

Bundan sonra imperiya nisbətən zəifləməyə başlayıb, Övrəngzibin başı vaxtaşırı üsyanları yatırmağa, Dekandakı hücumları dəf etməyə və əhəmiyyətsiz Maratha dağ qalalarını mühasirəyə almağa qarışıb. Bundan əvvəlki hökmdarların xəzinəyə topladığı sərvət imperiyanın kövrək sabitliyini qorumaq üçün xərclənib.

Ölkədə ingilislər və hollandların mövqeyi getdikcə güclənməyə, imperiyanın ticarəti getdikcə avropalıların əlinə keçməyə başlayıb.

Sultan Övrəngzibin hakimiyyəti zəifləyir

1680-ci ildən sonra İslamı silah gücünə yayan Övrəngzibin hakimiyyətinin sonlarına yaxın ayrı-ayrı əyalətlərdə üsyanlar başlayır. Buna səbəb həm də Övrəngzibin repressiv siyasəti idi. 1681-ci ilin yanvar ayında hökmdarın dördüncü və sevimli oğlu, 1680-ci ildən Rajputanda orduya komandanlıq edən Şahzadə Sultan Məhəmməd Əkbər atasına qarşı üsyan qaldırır. Üsyan Rajput liderləri tərəfindən dəstəklənir, bununla belə, üsyan tezliklə yatırılır və Şahzadə Məhəmməd Əkbər Sambhaci marathalarına sığınır.

Övrəngzib bütün təbəələrinə təsir edən 80-dən çox vergi növünü ləğv edir. Rajput və Maratha məmurları, brahmanlar, qadınlar, uşaqlar, qocalar, əlillər, işsizlər, xəstələr və dəlilər daimi olaraq vergidən azad edilirlər.

Övrəngzib 88 yaşında vəfat edir

Övrəngzib 1707-ci imartın 3-də Əhmədnaqar yaxınlığındakı Bhingardakı hərbi düşərgədə 88 yaşında vəfat edərkən övladlarından çoxu artıq dünyasını dəyişmişdi. O, dəfninin sadə olmaslını vəsiyyət etmişdi, odur ki, Övrəngzib Övrəngabad şəhəri yaxınlığında Xuldabad adlanan yerdə açıq səma altında torpağa tapşırılır.

Mənbələrin məlumatına görə ölərkən onun cəmi 300 rupisi olub, vəsiyyətinə uyğun olaraq bu vəsait xeyriyyə işlərinə sərf edilib. Övrəngzib üçüncü oğlu Əzəm şahı varis elan etmişdi. Bununla belə Övrəngzibin ikinci oğlu Birinci Bahadur şahın ordusu 1707-ci ilin iyun ayında Əzəm şahın tərəfdarlarını Cacau döyüşündə məğlub edir, qardaşını öldürtdürür və taxta çıxır. Birinci Bahadur şah zəif hökmdar olduğundan imperiyanın torpaqları yavaş-yavaş itirilir.

Övrəngzibin xanımları və övladları...

Sultan Övrəngzibin üç arvadı və azı dörd cariyədən altı oğlu və altı qızı olub, onlardan bəziləri uşaq vaxtı dünyasını dəyişib.

• Diras Banu Bəyim, Səfəvi şahzadəsi, Şahzadə Mirzə Bədiuzzaman Səfəvinin qızı, Övrəngzibin birinci arvadı.

• Nəvvab Bai, Övrəngzibin ikinci arvadı, Raca Tacuddin Xanın qızı.

• Övrəngabadi Mahal, Övrəngzibin ilk cariyəsi.

• Udaipuri Mahal, Övrəngzibin ikinci cariyəsi. O, hərəmxanaya gəlməzdən əvvəl rəqqasə olub.

Oğlanları

• Nəvvab Baidən Şahzadə Mirzə Məhəmməd Sultan (30 dekabr 1639 – 14 dekabr 1676). Atası tərəfindən həbs edilib.

•Nəvvab Baidən I Bahadur şah (14 oktyabr 1643 – 27 fevral 1712). Moğol İmperatoru, kiçik qardaşını devirmək üçün plan quran hökmdar.

•Diras Banu Bəyimdən Məhəmməd Əzəm şah (28 iyun 1653 – 20 iyun 1707). Böyük ögey qardaşı tərəfindən vəzifədən uzaqlaşdırılıb.

•Diras Banu Bəyimdən Şahzadə Mirzə Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706). Səfəvi imperiyasına sürgün edilib.

•Udaipuri Mahaldan Şahzadə Mirzə Məhəmməd Kam Baxş (7 mart 1667 – 14 yanvar 1709). Bijapur hökmdarı.

Qızları

•Diras Banu Bəyimdən Şahzadə Zebunnisə (15 fevral 1638 – 26 may 1702). Şairə idi, atası tərəfindən həbs olunmuşdu, evlənməyib və övladı olmayıb.

•Diras Banu Bəyimdən Şahzadə Zinətunnisə Bəyim (5 oktyabr 1643 – 7 may 1721). O, Moğol İmperatriçası (Padşah Begum) olub.

• Nəvvab Baidən Şahzadə Bədrunnisə Bəyim (17 noyabr 1647 – 9 aprel 1670). Evli olmayıb.

•Diras Banu Bəyimdən Şahzadə Zübdətunnisə Bəyim (2 sentyabr 1651 – 17 fevral 1707). Evlənib, bir oğlu olub.

•Övrəngabadi Mahaldan Şahzadə Mihrunnisə Bəyim (28 sentyabr 1661 – 2 aprel 1706). Bir dəfə evlənib, 2 oğlu olub.

Sultan Övrəngzib ədəbiyyatda:

• 1675-ci ildə Con Drydenin imperatorun sağlığında yazdığı Övrəngzibin həyatı ilə bağlı London səhnəsində oynanılan dram əsəri.

• 1688-ci ildə “Aləmgirnamə” əsəri Övrəngzibin sarayında yaşayan rəsmi bioqraf Mirzə Məhəmməd Qasim tərəfindən yazılan məşhur əsər.

• 19?? – Övrəngzibin 48 illik şahlığı haqqında Açari Çatursen Şastrinin indus dilində romanı.

• 1970-ci ildə Sultan Övrəngzibin həyatı haqqında N. S. İnamdar tərəfindən yazılan “Şahənşah” əsəri, 2017-ci ildə Vikrant Pande tərəfindən ingilis dilinə “Şahenşah” kimi tərcümə edilib.

• 2017-ci ildə Erik Flint və Qriffin Bərbərin “1636: Moğolların missiyası” əsəri

• 2018-ci ildə Audrey Truşkenin yazdığı “Övrəngzib: İnsan və mif”əsəri

Son olaraq onu da deyək ki, 2015-ci ilin məlumatına görə hazırda Hindistanda təxminən 177 şəhər və kənd imperator Övrəngzibin adını daşıyır.

Beləliklə 48 il Böyük Moğol İmperiyasının (Baburilər dövləti) taxtında oturan, Hindistan yarımadasının cənubundakı kiçik bölgədən başqa bütün yarımadanı Türk dövləti edən imperator Övrəngzib 88 yaşında həbsxaana divarları arasında dünyasını dəyişib.

Qulu KƏNGƏRLİDaşkənd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
5
xalqqazeti.az

10Sources