EN

Turançılıq ideyaları müasir ədəbiyyatda

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ Zəfərindən Turana doğru”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində nəşr olunan “Qarabağ Zəfərindən Turana doğru” antologiyası türk xalqlarının mənəvi birliyinin sarsılmazlığını göstərən gözəl nümunədir.

Qarabağ Zəfərindən sonra siyasi anlamda Turan konsepsiyası dediyimiz birgəlik ideyaları digər sahələrdə olduğu kimi, ədəbiyyatda da aktual mövzulardan birinə çevrilib. Bu baxımdan çağdaş şair və yazıçılar XIX əsr türk və müsəlman dünyasının nəhəng fikir adamlarından biri olmuş İsmayıl bəy Qaspıralının dediyi kimi: “Dildə, işdə, fikirdə birlik” ideyasının “çətiri” altında birgə toplusunun hazırlanması ilə bir araya gəliblər.

Doğrudur, turançılığı təkcə coğrafiya ilə əlaqələndirmək olmaz, harada türk toplumu varsa, orada bu ideya vardır. Amma kitabın Sumqayıt şəhərindəki Poeziya Evində keçirilən təqdimat mərasimində də deyildiyi kimi, Azərbaycan turançılıq ideyasına daha çox can atan və bu birliyə çalışan ölkədir. Bəlkə də bu, bir az da hazırda ölkə gündəmində olan Zəngəzur dəhlizinin açılmasına çalışmağımızla əlaqəlidir, amma ideya özlüyündə və həyati vacibliyində nəqliyyat kommunikasiyasından daha geniş anlam kəsb edir.

Mərasimdə AYB-nin Poeziya bölməsinin rəhbəri və təqdimatın keçirildiyi məkanın direktoru İbrahim İlyaslı, “Kitab Evi” İctimai Birliyinin sədri və layihə rəhbəri Adilə Nəzərova, filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, ünlü qələm sahibləri –

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Yusif Nəğməkar və başqaları çıxış etdilər. Vurğulandı ki, antologiyada təkcə Qarabağ Zəfəri ilə daha da güclənən turançılıq ideyaları haqqında gəlişigözəl sözlər, fikirlər cəmlənməyib, bu əsərlərdə Azərbaycan xalqının, eləcə də türk toplumunun arzuları, ümidləri və inancları əksini tapıb. Bədii-publisistik nümunələrdə mövzu ilə bağlı xalqımızın (və digər türk xalqlarının) milli dəyərləri və qan yaddaşından gələn turançılıq ideyaları işıqlandırılır. Bu da milli ruhu yüksəldir, qardaş xalqları bir kökə bağlı mənəviyyat ideyası ətrafında daha sıx birləşməyə səsləyir.

Antologiyada Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vahid Əziz, eləcə də Ramiz Qusarçaylı, Elçin Hüseynbəyli, Timuçin Əfəndiyev, Qulu Ağsəs, Giya Paçxataşvili, Xatirə Fərəcli, Ayaz Arabaçı, Əbülfət Mədətoğlu, Nuafiz və onlarla başqalarının seçmə şeir, hekayə, esse və məqalələri toplanıb. Nəriman Həsənzadə “Zəfər yolu” lirik poemasında yazır:

Şuşa yolu, Zəfər yolu,Otuz illik səfər yolu!Cənab Ali Baş Komandan,Səfərdəsən sən o vaxtdan.İstidə, boranda, qarda,Uzaq-yaxın o yollarda!Yol içindən yol seçirsən,Keçilməz yollar keçirsən, –Fikrin, zehnin yollarını,44 günün yollarını...

Digər müəlliflərin də yazıları eyni ruha köklənmiş duyğu və düşüncələrdən ibarətdir. Onların sırasından təqdimatda iştirak edənlər məhz bu ruhlu bədii nümunələrini səsləndirdilər.

Mərasimin bütün iştirakçılarına hədiyyə olunan “Qarabağ Zəfərindən Turana doğru” antologiyasında Azərbaycanın müasir şair və yazıçılarla yanaşı, digər türk xalqlarından olan yazarların da ədəbi nümunələri yer alır. Misal olaraq Güldərən Vəli, Serhat Kabaklı, Lilya Bucurova, Peder Xuzanqay, Servet Gürcan, Altınbek İsmayıl, Nadejda Paina, Abdukaxxor Kosim və başqalarının adlarını çəkə bilərik. Əlbəttə, antologiyaya bu imzaların da düşməsi həm türk dünyasının ədəbiyyat adamlarının ölkəmizin ictimai-siyasi həyatındakı uğurlu gedişatı sevə-sevə izlədiyini göstərir, həm də ictimai-siyasi hadisələri ədəbiyyatın aynasından izləmək imkanı yaradır. Antologiyada çap olunmuş nəzm və nəsr əsərlərində vətənpərvərlik ruhu, birlik, bərabərlik ideyaları mühüm yer tutur. Belə ki, Azərbaycan milli hərəkatının gücləndiyi bir mərhələdə romantizmin mövzu və problematikasında milli mövzu dəyişikliyi diqqəti cəlb edir.

Mərasimdə əsasən qələm adamlarının iştirakı nəzərə alınaraq, hər kəsə yeni kitabla bərabər, bir bloknot da hədiyyə edildi. Rəmzi mənada bunu “Bacardıqca böyük Turana doğru yolda qələm çalın, yeni əsərlərinizlə türk birliyi ideyasına bacardığınız qədər xidmət göstərin” mesajı kimi də mənalandırmaq olar.

Əli NƏCƏFXANLIXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
50
xalqqazeti.az

10Sources