EN

Cəhənnəmdən çıxmış Süleymanovlar cənnət Xocalıya qayıtdılar

Erməni cəlladlarının törətdikləri amansız Xocalı soyqırımı ilə bağlı bir fotoda 2 yaşlı balasını bağrına basmışı, yanındakı yaralı qız uşağının əlindən tutmuş, qışın dondurucu şaxtasında ayaqyalın, başıaçıq ölümün pəncəsindən qurtularaq Ağdama pənah gətirmiş Cəmilə Süleymanovanın dəhşətli görüntüsü cəhənnəm mənzərəsidir. Yolda məcbur qalıb bacısına verdiyi və sonra ayrı düşdüyü digər övladı 3 aylıq Vüsaldan, müdafiə postuna getmiş həyat yoldaşı Zülfüdən xəbər tuta bilməməsi Cəmiləni ikiqat dəhşətə gətirmişdi...

Ancaq heç bir zülm yerdə qalmaz. Azərbaycan yüzminlərlə insanımızın acı taleyini öz çirkin maraqlarının qurbanına çevirməyə çalışan dünyanın “ədalət təmsilçiləri”nin oyunlarını pozaraq özü ilahi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz torpaqlarımızın işğalına birdəfəlik son qoydu, Xocalı cəlladlarının bir qismi indi Bakıda məhkəmə qarşısında törətdikləri əməllərə görə mühakimə olunurlar.

Xocalı isə yenidən qurulur, tikilir, gözəlləşir, öz əzəli sakinlərinə qucaq açır.

2025-ci il aprelin 28-də “Böyük Qayıdış” çərçivəsində Xocalıya baş tutan növbəti köç zamanı mənzillərin açarlarının təqdimetmə mərasimində doğma yurda qovuşanların siyahısında Süleymanovlar ailəsinin də adı çəkildi.

Həmin kadrlarda da Cəmilə var, bu dəfə isə üzündən sevinc, qürur və xoşbəxtlik yağırdı. Tədbirdə biz də iştirak edirdik, ancaq yaxınlaşıb hisslərinə ortaq olmadıq. Fikirləşdik ki, Xocalı torpağına yenicə ayaq basıblar, evlərinə yerləşsinlər, köç həyəcanını atlatsınlar, necə deyərlər, özlərinə gəlsinlər, daha sonra.

Beləliklə, təxminən, 2 aydan sonra Xocalıda Süleymanovların yaşadığı 159 nömrəli evin qarpısını döydük. Həyətə daxil olar-olmaz xoş bir mənzərənin şahidi olduq: Evin ətrafında güllər, çiçəklər ətir saçırdı, qısa müddətdə əməlli-başlı bostan salmışdılar, dirriklərdə əkilmiş müxtəlif bitkilər məhsul verə biləcək qədər böyümüşdü.

Elə Zülfü və Cəmiləni də iş başında gördük. Şitillərin arasındakı torpağı yumşaldır, alağını edir, bir-biri ilə zarafatlaşır, öz aralarında deyib-gülürdülər. Salamlaşıb, ata-baba yurdlarına dönüşləri, yenidən tikilmiş, təmir edilmiş evlərində yaşamağa başlamaları münasibətilə təbrik etdik. Söhbətimizə də elə evlərində onlar üçün yaradılmış şəraitdən, günlərinin necə keçməsindən, həyət-bacada gördükləri işlərdən başladıq.

Zülfü Süleymanov bildirdi ki, Xocalıda ötən hər gün onların illərlə çəkdikləri acılarına məlhəm olur:

– O dəhşətli günləri unutmaq mümkün deyil. Mən də, həyat yoldaşım da erməni vəhşiliyinin canlı şahidiyik. Soyqırımı gecəsi əsir düşmüşəm, əsir düşənlərin əksəriyyəti kimi işgəncələrə məruz qalmışam, başımda avtomatın qundağı ilə vurub yardıqları yaranın yeri həmişəlik qalır (əli ilə başındakı çapığı göstərir – M.R.). Ancaq Xocalıya qayıdandan sanki yenidən dünyaya gəlmişəm. Bu evi 24 yaşım olanda özüm tikmişdim, işğal vaxtı ermənilər dağıtmışdılar. İndi dövlətimiz yenidən bərpa edib bizi öz evimizə köçürdü. Özü də, sağ olsunlar, burada rahat yaşamağımız üçün hər cür şərait yaradıblar.

Bu xoşbəxtlik duyğuları sözlə ifadə ediləsi deyil. Hər səhər tezdən durub təmiz havanı ciyərlərimizə çəkə-çəkə həyətdə gülləri, bostanımızda əkdiyimiz tərəvəzləri sulayırıq, elə səhər çayımızı da qapının ağzında qoyduğumuz stolda içirik. Görün, bitkilər cəmi 2 ayda nə qədər inkişaf ediblər, bu torpaqlar necə bərəkətlidir? İnşaallah, tezliklə evimizə gələn qohum-əqrəbanı, övladlarımı, nəvələrimi zəhmətimizin bəhrəsinə qonaq edə biləcəyik.

Xocalı arzuları reallaşana qədər məcburi köçkün kimi Goranboy rayonunda məskunlaşmış Süleymanovlar ailəsi hər zaman dövlətin qayğısı ilə əhatə olunduqlarını dedilər. Orada da müvəqqəti olaraq yeni mənzillə təmin ediliblər. Doğma yurda dönəcəkləri günə olan inamları isə heç zaman tükənməyib.

Söhbətimizə Cəmilə xanım da qoşuldu:

– O soyuq fevral gecəsi yaşadıqlarım yadıma düşəndə hisslərimə hakim ola bilmirəm, qəhər məni boğur. Gözümün qarşısında gülləbaran edilən günahsız insanlar, al qana bölənmiş ağ qar, ayaqyalın qarın üstündə saatlarla sürünməyimiz, qonşumuzun körpəsini sinəmə basıb əmizdirməyim, yaralı bacım qızı ilə öz qızımı sürünərək bir-bir irəli daşıdığım, həmin gecə soyuqdan xəstələnərək iki ay sonra ölən körpə Vüsalım canlanır (elə bizimlə danışa-danışa da göz yaşlarına hakim ola bilmir – M.R.)! Yəni mənfur düşmənə sonsuz nifrətim elə-belə yaranmayıb. Bütün bunları ona görə xatırladıram ki, hamı xocalılıların nələr yaşadıqlarını, ermənilərin necə qaniçən, vəhşi bir tayfa olduqlarını unutmasın. Ancaq bu gün biz yenidən öz yurdumuzdayıq. Əkirik, becəririk, xoşbəxt günlərimizə geri dönmüşük. Sanki, zülmətdən çıxıb cənnətə qovuşmuşuq.

Bəli, yuxarıda da qeyd etdiyimiz kimi, heç bir zülm yerdə qalmaz. Zalımın zülmü varsa, tanrının da ilahi ədaləti var. Qarabağda, Şərqi Zəngəzurda yağı düşmən qarşısında bərpa etdiyimiz o ilahi ədalətin nəticəsidir ki, Zülfü və Cəmilə də bu gün Xocalıdakı öz yeni evlərində yenidən xoşbəxt, qayğısız günlərinə geri dönüblər. Özü də həmişəlik.

Bu tarixi anların şahidi olmağın qüruru ilə sağollaşdıq Süleymanovlar ailəsi ilə. Bir də növbəti dəfə bu evə xoşməramlı məclislərdə, nəvələrin xeyir işlərində iştirak etmək üçün gəlmək arzusu ilə...

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Chosen
35
4
xalqqazeti.az

10Sources