EN

Qarabağda inşası aparılan meqa layihələr – REPORTAJVİDEO

Əhmədbəyli - Füzuli - Şuşa yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib.

Bunu Avtomobil Yolları Dövlət Agentliyinin  layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib. Qeyd edilib ki, yol inşası zamanı yolboyu dəmir - beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Yeni avtomobil yolu "Zəfər yolu"na alternativdir.

Bölgədə xarabalığa çevrilmiş kəndlər də  yenidən qurulur. Tikilmiş evlər sahiblərinə verilir. Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək.

Xıdırlı kəndində məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları var. Uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. 

528 şagird yerlik tam orta məktəbin  binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.

Gələcəkdə Xankəndidə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.  Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikində  hazırda müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.  Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. 

Xankəndi Konqres Mərkəzi özündə müasirliklə milli memarlıq ənənələrini birləşdirib. Mərkəzin binasında müxtəlif konqreslər, konfranslar, seminarlar, işgüzar görüşlər, ölkə və beynəlxalq əhəmiyyətli digər tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Xankəndi Biznes Mərkəzi  isə məşğulluğun artırılmasına  töhfə verir. 4 mərtəbə və zirzəmi hissədən ibarət olan  Mərkəz  Xankəndi şəhərinə açılan füsunkar mənzərəsi ilə rezident şirkətlər üçün müasir və komfortlu işgüzar mühit təklif edir.  İlkin mərhələdə Biznes Mərkəzinə 20 nəfər işçi cəlb olunub. 

Xankəndidə  həyata keçirilən layihələrdən biri də Zəfər parkıdır. Parkın salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. 

Ağdam-Xankəndi dəmir yolu layihəsinin icra müddəti də açıqlanıb. Dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir.

Bu dəmir yolu xətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
16
10
xezerxeber.az

10Sources