"Tesla" şirkətinin səhmləri bazar ertəsi günü 3%-dən çox ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, bu, şirkətin rəhbəri İlon Maskın yeni ABŞ siyasi partiyası yaratmaq niyyətini açıqlamasından sonra investorlar arasında yaranan narahatlıqlarla əlaqələndirilir.
Maskın bu addımı ABŞ prezidenti Donald Tramp ilə arasında davam edən gərginliyi daha da artırıb.
Frankfurt birjasında "Tesla" səhmləri 3%-dən çox dəyər itirib və bu, ABŞ-də Müstəqillik Günü səbəbilə yaşanan üçgünlük fasilədən sonra bazaröncəsi ticarətdə də enişin davam edə biləcəyinə işarədir.
"Wedbush" analitik şirkətindən texnologiya üzrə təcrübəli mütəxəssis Den Ayvs bildirib ki, Mask şirkətin "ən böyük üstünlüyü" olsa da, onun siyasətə bir daha qarışması "Tesla"nın səhmlərinə mənfi təsir göstərə bilər.
“Tesla”nın Mask kimi bir baş direktora ehtiyacı var, lakin onun siyasi səhnəyə qayıtması və eyni zamanda Trampın narazılığına səbəb olması şirkət üçün əlavə risk yaradır,” – deyə Ayvs bazar günü qeyd edib.
O, həmçinin istisna etmir ki, Mask bu siyasi təşəbbüsünü davam etdirərsə, "Tesla"nın idarə heyəti məsələ ilə bağlı müdaxilə edə bilər.
Qeyd edək ki, Tramp bazar günü Maskın yaratmaq istədiyi "America Party" (Amerika Partiyası) planını “absurd” adlandırıb.
Sərvanə Rəmixanova