EN

Postsovet məkanında geosiyasi düzən sürətlə dəyişir: “Azərbaycanın xarici siyasətində…”

Son illərdə Cənubi Qafqazda və daha geniş mənada postsovet məkanında geosiyasi düzən sürətlə dəyişir. Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi, Qərbin regiona marağının artması, Türkiyə və İran kimi regional güclərin fəallaşması fonunda Azərbaycanın xarici siyasətində balanslı mövqe saxlamaq nə dərəcədə mümkündür? Bu dəyişən konfiqurasiyalar Azərbaycanın strateji tərəfdaşlıqlarına və uzunmüddətli diplomatik prioritetlərinə hansı təsirləri göstərə bilər?

Məsələ ilə bağlı Editor.az-a danışan siyasi analitik Tural İsmayılov bildirib ki, son illərdə Cənubi Qafqazda baş verən geosiyasi transformasiyalar Azərbaycanın xarici siyasətinə həm çağırışlar, həm də fürsətlər təqdim edir. Rusiya-Ukrayna müharibəsi postsovet məkanında sabitliyi kökündən sarsıdıb və yeni güc balansları formalaşdırır:

“Qərbin bölgəyə artan marağı, eyni zamanda, regionda Türkiyənin yüksələn rolu və İranın revanşist davranışları fonunda Azərbaycan ağıllı və çevik diplomatiya ilə öz maraqlarını qorumağa çalışır. Azərbaycanın əsas prinsipi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursudur. Biz nə bir qütbdən tam asılıyıq, nə də digərlərinə qarşı yönəlmişik – maraqlar əsas götürülür. Strateji tərəfdaşlıqlarımız – Türkiyə, Avropa İttifaqı və müəyyən mənada Rusiya ilə münasibətlər fərqli istiqamətlərdə inkişaf etdirilir. Bakı bu gün həm enerji təhlükəsizliyi sahəsində əsas oyunçudur, həm də nəqliyyat dəhlizlərinin mərkəzində qərarlaşıb. Bu mövqe bizə həm iqtisadi, həm də siyasi baxımdan əlavə rıçaqlar verir. Yeni reallıqlar fonunda Azərbaycanın Qərblə daha yaxın əməkdaşlıq qurması ehtimalı yüksəlir. Lakin bu, Rusiya ilə münasibətləri tamamilə kəsmək anlamına gəlmir – Moskva regionun hərbi-siyasi reallığında hələ də faktordur. Digər tərəfdən, Türkiyə ilə müttəfiqlik münasibətlərimiz bölgədəki siyasi manevr imkanlarımızı gücləndirir. İranın təhdidkar ritorikası isə daha çox öz daxilindəki siyasi xaosu regiona transfer etmə cəhdidir. Azərbaycan bütün bu oyunçularla münasibətlərində suverenlik prinsipini əsas götürür. Diplomasiyamızın əsas məqsədi – milli maraqları təmin edən sabit və davamlı tərəfdaşlıqlar qurmaqdır. Gələcək illərdə Bakı məhz bu zəmində yeni diplomatik prioritetlərini müəyyənləşdirəcək. Azərbaycanın mövqeyi nə tərəddüdlüdür, nə də reaktiv – əksinə, o, ağıllı, soyuqqanlı və strateji yönümlüdür”.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
50
editor.az

10Sources