EN

Xankəndi Zirvəsi böyük birlik və həmrəyliyin təməlini qoydu

3-4 iyul tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT-ECO) 17-ci Zirvə görüşünün nəticələri Prezident İlham Əliyevin və bütövlükdə Azərbaycanın növbəti uğuru kimi olduqca əhəmiyyətlidir. İlk növbədə onu qeyd etməliyik ki, İƏT-in Xankəndi Zirvəsi təkcə iqlim məsələləri və iqtisadi əməkdaşlıq baxımından deyil, həm də Azərbaycan və Türkiyənin birgə səyləri ilə Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyanın formalaşdırılması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

İkincisi, Prezident İlham Əliyevin Zirvə görüşü üçün məkan olaraq məhz Xankəndini seçməsi strateji addımdır. İƏT üzvü olan 10 ölkənin liderlərinin və hökumət üzvlərinin məhz Xankəndidə bir araya gəlməsi xüsusi olaraq diqqətçəkən məqamdır. Bu, həm bölgədə yeni dövrün başlandığını göstərir, həm də Azərbaycanın suverenliyinin tam bərpa edilməsi faktının beynəlxalq müstəvidə qəbul olunması baxımından olduqca önəmlidir. İki il öncə Ermənistanın işğalından azad edilən və separatçılardan təmizlənən Xankəndi şəhərinin bu gün beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın regiondakı yeni siyasi reallıqları sözün tam mənasında beynəlxalq tərəfdaşlarına qəbul etdirməsi deməkdir. Cənab Prezidentin liderliyi ilə Xankəndi yalnız müharibə izlərini deyil, geosiyasi mənzərəsini də dəyişərək, sülhün və sabitliyin, inkişafın və regional əməkdaşlığın mərkəzinə çevrilir. Xankəndi Zirvəsi böyük birlik və həmrəyliyin təməlini qoydu.

Zirvə görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi azərbaycanlıların qayıdışı məsələsini yenidən qaldırması və bu məsələnin görüşün yekunlarına dair “Xankəndi Kommunikesi”nin mətninə salınması Xankəndi Zirvəsinin əhəmiyyətini artıran növbəti əsas məqamlardan biridir. Cənab Prezidentin Qərbi Azərbaycana qayıdış məsələsini davamlı olaraq hər fürsətdə gündəmə gətirməsi beynəlxalq aləmin diqqətini bu məsələyə yönəltmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə İƏT üzvlərinin Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək vermələri beynəlxalq dəstəyin möhkəmləndirilməsi işinə çox ciddi dəstəkdir.

Xankəndi Zirvəsi Quzey Kipr Türk Cümhuriyyətinin (QKTC) beynəlxalq səviyyədə tanınması üçün əlverişli zəmin yaradılması və eyni zamanda, QKTC-nin Prezidenti Ersin Tatarın türk dövlətlərinin başçılarına təqdim olunması, onların cərgəsinə daxil edilməsi baxımından da fövqəladə əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti bunun üçün əlindən gələni edir. Dünya tərəfindən tanınmayan (Türkiyə istisna olmaqla) bu bağımsız türk dövlətinin rəhbərinin məhz Azərbaycanın təşkil etdiyi beynəlxalq tədbirlərə davamlı olaraq dəvət edilməsi yaxın gələcəkdə QKTC-nin beynəlxalq birlik tərəfindən tanınması üçün legitim zəmin yaradır.

Həmçinin, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Xankəndiyə səfəri və onun Prezident İlham Əliyev tərəfindən xüsusi hörmət və səmimiyyətlə qarşılanması da Xankəndi Zirvəsinin ən önəmli məqamlarından biridir. Bu, İran-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasına rəvac verə bilər. Prezident İlham Əliyev fars-molla rejiminin uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü toksik siyasətin ilk növbədə İranın özü üçün zərərli olduğunu mollalara başa salmaq istəyir. Bu baxımdan, Xankəndi Zirvəsində İlham Əliyevin Pezeşkianla səmimi görüşü molla rejiminə açıq mesajdır. Zirvə görüşü onu göstərdi ki, İran-Azərbaycan münasibətləri həqiqətən də normal məcrada inkişaf edə bilər. Bununçün sadəcə sağlam siyasət və ağıllı diplomatiya tələb olunur. Ümid edək ki, rəsmi Tehran da tezliklə məhz bu yolu tutacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
11
43
ictimairey.az

10Sources