EN

Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..


Tural İrfan: “Qafqaz Müsəlmanları İdarəsinin öz təqvimi var”

Aşura günü Məhərrəm ayının 10-cu günü və İmam Hüseynin, onun ailə üzvlərinin, eyni zamanda tərəfdarlarının qətl olunduğu gündür. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşları Kərbəlada şəhid edilib və şiələr bu günü yas günü kimi qəbul edirlər.

Aşura günü ənənəvi olaraq Azərbaycanda da qeyd olunur və insanlar məscidlərə axışıb İmam Hüseynin müsibətinə yas tutur, əzadarlıq edirlər.

Bu il Azərbaycanda Aşura günü iyulun 5-də, bəzi yerlərdə isə iyulun 6-da qeyd edildi.

Kənardan görünən odur ki, Aşuranın qeyd edilməsi günü ilə bağlı fikir ayrılığı var. Yəni Qafqaz Müsəlmanları İdarəsi (QMİ) başda olmaqla Aşura mərasimi iyulun 5-də Bakıda keçirildi, Gəncədə isə iyulun 6-da qeyd olundu. Gürcüstan azərbaycanlıları da bu günü iyulun 6-da qeyd ediblər. Yeri gəlmişkən, İranda da Aşura günü iyulun 5-də keçirildi.

İnsanlarımız çaş-baş qaldılar ki, Aşura günü niyə iki fərqli tarixdə qeyd olundu. QMİ-nin Aşuranı İranla eyni gündə qeyd etməsi suallar doğurub.

Aşuranı məhz İranla eyni gündə keçirmək zorundayıq?Niyə Azərbaycanın özünün heç kimə bənzəməyən dini təqvimi olmasın?

“Nə qədər ki İran var, oradakı siyasi mollaları təqlid edən bizim din xadimlərimiz var, bu problem də olacaq”

Milli Cəbhə Partiyasının (MCP)sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə “Qafqaz Müsəlmanları İdarəsinin öz təqvimi var. Bu təqvimə görə Aşura günü iyunun 5-ə təvafüq edir. Lakin həmişə olduğu kimi İran mollaları ikitirəlik saldılar. Qurban və Ramazan bayramlarında olduğu kimi indi də Aşura günündə fərq yaratdılar. İslam təqvimi indiki Səudiyyə Ərəbistanında yaranıb. Orada da ayın 5-də qeyd olunub. Lakin İranın təsiri olan ölkələrdə ayın 6-da qeyd olunub. Nə qədər ki İran var, oradakı siyasi mollaları təqlid edən bizim din xadimlərimiz var, bu problem də olacaq. Xalqın həmrəyliyini İran beləcə pozur. Daxildə ikitirəlik yaradaraq cəmiyyətin parçalanmasına səbəb olur. Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti, təsir qüvvəsi elə olmalıdır ki, din xadimləri bu idarəni qoyub İrana, İraqa möhtac qalmasın”-deyə bildirdi.

T.İrfan qeyd etdi ki, idarənin inkişafı üçün də islahatlar aparılmalı, sağlam fəaliyyət göstərməlidirlər. T.İrfan hesab edir ki, bu İdarə özünün daxilindəki boşluqları, problemləri, çatışmayan cəhətləri aradan qaldırmalıdır: “Əgər din xadimləri bu idarəyə və sədrinə etimad etsələr başqa təqvimlərə meyl etməzlər. Əsasən işi pozan, ixtilaf və fitnə yaradan İrandır. Dünya müsəlmanlarının vəhdətini, həmrəyliyini pozmaq üçün, aralarında məzhəb qırğını yaratmaq üçün İran molla rejimi qurulduğu andan bəri bu kimi problemlər yaradır. İslam ümmətinə liderlik uğrunda mübarizəsinə başlayan andan müsəlman ölkələrinin birliyini pozur, dini yöndən müxtəlif bəhanələrlə ikitirəlik salır. Digər müsəlman ölkələri ilə də münasibətlərinin səmimi olmamasının səbəb olur ki, təqvim məsələsində ortaq nöqtəyə gələ bilmirlər.

Ölkəmizdə İranın təsirini azaltmaq, ümumiyyətlə bitirmək lazımdır. Aşura anım günüdür. Onu qeyd etmək vacib hökm deyil. Belə bir günün qeyd olunması da hökm deyil ki, dəqiq həmin günə düşsün. Bəzən sadə insanların anım gününün vaxtını da irəli, geri çəkirlər. Əslində hamı İranın fitnəsinin təsirinə düşüb. Yoxsa anım gününün hər hansı gündə keçirilməsində problem yoxdur. Çünki onsuz da bu fərz ibadət, vacib hökm deyil”.

İradə SARIYEVA

Chosen
12
15
baki-xeber.com

10Sources