Futbol üzrə İngiltərə milli komandasının və “Nyukasl”ın hücumçusu Kallum Uilson Premyer Liqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti ötən ayın sonunda başa çatıb. Klub təcrübəli oyunçunu saxlamaqda maraqlı olmayıb. “Nyukasl” ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Kallum Uilson 2020-ci ilin sentyabr ayında “Bornmut”dan 22,25 milyon avro qarşılığında “Nyukasl”a keçmişdi. İngilis forvard bu komandanın heyətində bütövlükdə 130 oyuna çıxıb, 49 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
İngilis hücumçu “Bornmut”, “Koventri Siti”, “Ketterinq Tuan” və “Tamuort” klublarının da formasını geyinib.
Uilson İngiltərə milli komandasında da 9 oyuna çıxıb, 2 qola imza atıb.
“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.