EN

“5-dən 9-a” trendləri Z nəslinə necə təsir edir?

Sosial şəbəkələrdə, xüsusilə TikTok-da geniş yayılan və “5-dən 9-a” adlanan gündəlik məhsuldarlıq videoları gənc nəsil arasında psixoloji təzyiqi artırır.

Valyuta.az xəbər verir ki, “5-dən 9-a” trendi səhər saat 5-dən axşam saat 9-a qədər hər dəqiqəsi planlaşdırılmış, ideal korporativ həyat tərzini təbliğ edən videoları əhatə edir. Bu videolarda səhər idmanları, sağlam qidalanma, kitab oxumaq, yüksək tempdə iş saatları, sosial fəaliyyətlər və gün sonu dəriyə qulluq rutinləri göstərilir. Hər şeyin “nümunəvi” göstərildiyi bu paylaşımlar Z nümayəndələri üçün yeni bir “görünməz təzyiq” formalaşdırır.

“İşdən çıxıb yenidən onlayn işləməyə qayıdırıq”

Amerikalı jurnalist Mariah Alanskas yazır ki, bu videolar xüsusilə 20-30 yaşlı, ofis işində çalışan şəxsləri hədəf alır. Onlar işdən çıxandan sonra sosial mediaya daxil olub, başqalarının günün hər dəqiqəsini necə “məhsuldar” keçirdiyini görür və qeyri-ixtiyari şəkildə özlərini onlarla müqayisə edirlər.

"Talker Research"in sorğusuna görə, Z və millennial nəslin nümayəndələri tükənmişlik hissini orta hesabla artıq 25 yaşda yaşamış olur. Müqayisə üçün qeyd edək ki, əvvəlki nəsillərdə bu yaş 42 idi. Ekspertlər bildirirlər ki, bu nəsil daim iş-həyat balansından danışsa da, sosial mediada gördükləri məzmun onların yavaşlama səylərini zərbə altına alır.

Sosial medianın təsiri: standartlar yüksəlir, özünüqiymətləndirmə düşür

2022-ci ildə McKinsey tərəfindən aparılmış araşdırma göstərir ki, Z nümayəndələri sosial medianın mənfi təsirlərinə daha çox məruz qalır və onu daha intensiv şəkildə istifadə edirlər. Sorğulara əsasən, Z istifadəçilərinin 35 faizi gündəlik olaraq sosial şəbəkələrdə iki saatdan çox vaxt keçirir. Bu da onların qeyri-realist həyat tərzi standartları ilə daha tez-tez üz-üzə gəlməsinə səbəb olur.

Stenford Universitetinin doktorantı Anjela Yuson Li bildirir ki, bu videolar sadəcə ideal bir korporativ işçini yox, eyni zamanda idmançı, gözəllik influenseri və sosial ulduz olmağı da “normal” kimi göstərir. O, bu halı “Stenford ördək sindromu” adlandırır, yəni hamı səthdə sakit və uğurlu görünür, amma suyun altında hər kəs “boğulmadan” yaşamağa çalışır.

Alternativ yanaşmalar da var

Lakin bu trendlərə qarşı alternativ mövqedə olan influenserlər də mövcuddur. Məsələn, Nyu-Yorkda yaşayan və həm də TikTok-da 77 mindən çox izləyicisi olan Çiara Luçia adlı kontent yaradıcısı öz videolarında reallığa daha yaxın məqamları paylaşır: işdən sonra yorğunluq, “pulsuz günlər” və şəxsi istirahət saatlarının dəyəri.

“İşim bitdikdən sonra gecəni necə özüm üçün geri qazanıram, ona fokuslanıram,” – deyə Luçia bildirir. Lakin o da etiraf edir ki, “böyük şəhərdə yaşayıram, niyə içəridə oturmalıyam?” düşüncəsi onu da bəzən psixoloji təzyiqə salır.

Nə etməli? – Medianı şüurlu izləmək çağırışı

Ekspertlər və sosial media istifadəçiləri razılaşır ki, bu problemin kökündə təkcə platformalar deyil, həm də bizim onlara yanaşma tərzimiz dayanır. Anjela Li hesab edir ki, istifadəçilər məzmunu izləyərkən onun onlara necə təsir etdiyini düşünməlidirlər. O, mediaya qarşı daha yüksək şüurluluq və fərqindəlik formalaşdırmağın vacibliyini vurğulayır.

"TikTok" və digər sosial platformalarda paylaşılan “super-məhsuldar həyat tərzi” trendləri Z nəslində təkcə motivasiya yox, həm də ciddi tükənmişlik yaradır. Gələcəyin gənc işçiləri və liderləri üçün bu məzmunlar daha balanslı və reallığa uyğun olmalıdır.

Sərvanə Rəmixanova

Chosen
24
50
valyuta.az

10Sources