EN

Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son illərdə ardıcıl olaraq müşahidə olunur. Xüsusilə Bakıda aparılan söküntü işləri, əhalinin sıx məskunlaşması, torpaq sahələrinin məhdudluğu və artan investisiya maraqları bu bahalaşmanın əsas səbəbləri kimi göstərilir.

"Report" qiymət dəyişikliklərini araşdıraraq mövcud vəziyyəti ekspertlərlə təhlil edib.

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı "Report"a açıqlamasında hazırkı vəziyyəti və bazarda müşahidə olunan prosesləri dəyərləndirərkən bildirib ki, qiymət artımı son illərdə davamlı hal alıb və 2025-ci ildə də bu tendensiya qorunub:

“Hazırda bazarda nisbətən sabit, lakin davamlı qiymət artımları müşahidə edilir. İlin müəyyən dövrlərində artım daha dinamik olur, bəzi aylarda isə stabilləşmə və 1-2 % arası dəyişikliklər qeydə alınır”.

Onun sözlərinə görə, qiymət artımı daha çox aşağı seqmentdə – mənzil, torpaq sahələri və fərdi yaşayış evləri üzrə hiss olunur: "Ən çox bahalaşma isə mənzil bazarında müşahidə olunur. Səbəb kimi yaşayış və investisiya məqsədilə mənzillərə artan tələbat göstərilir. Son illərdə xüsusilə kiçik ölçülü və nisbətən əlçatan qiymətli mənzillərə maraq artıb. Əvvəllər böyük mənzillərə üstünlük verilirdisə, indi alıcıların çoxu kompakt və büdcəyə uyğun mənzillərə yönəlir”.

R. Osmanlı əlavə edib ki, qiymət artımı yalnız mənzillərlə məhdudlaşmır. O hesab edir ki, torpaq bazarında da artım müşahidə olunur və bu, fərdi yaşayış evlərinin qiymətinə təsir edir: "Qeyri-yaşayış obyektlərindəki qiymət artımı isə mənzil və torpaq sahələri ilə müqayisədə daha zəif tempdə baş verir".

Ən yüksək artım Bakıda və turizm zonalarında

R. Osmanlının sözlərinə görə, daşınmaz əmlak bazarında qiymət artımı daha çox Bakıda və paytaxta yaxın turizm potensialı yüksək olan ərazilərdə qeydə alınır:

“Şamaxı, İsmayıllı, Quba-Xaçmaz kimi bölgələrdə qiymət artımı, məsələn, Daşkəsən, Gədəbəy və Zaqatala ilə müqayisədə daha sürətlidir. Quba-Xaçmaz iqtisadi rayonunda qiymət artımı paytaxtdan daha uzaq olan ərazilərə nisbətən yüksəkdir. Lakin ümumilikdə ən yüksək artım Bakıda müşahidə olunur”.

Onun fikrincə, bunun səbəbləri çoxşaxəlidir: "Bakıda yeni tikililərin intensivliyi, boş torpaq sahələrinin azlığı, köhnə yaşayış sahələrinin sökülməsi ilə təklifin azalması, tikinti xərclərinin artması, şəhərsalma siyasətinin bazara təsiri, paytaxtda əhali sıxlığının artması və kirayə tələbinin yüksəlməsi kimi amillərlə izah olunur.

Söküntü prosesi bir tərəfdən təklifin azalmasına, digər tərəfdən isə əlində nağd vəsait olan yeni alıcı kütləsinin yaranmasına səbəb olur. Bu da qiymətlərin yüksəlməsinə şərait yaradır”.

Onun sözlərinə görə, Bakıda mənzil bazarında ötən ilin sonundan etibarən ümumi orta qiymətlərdə təxminən 8 %-lik artım müşahidə olunur: "Son 6 ay ərzində paytaxtın demək olar ki, bütün rayonlarında qiymətlər yüksəlib. Lakin bu artımlar dinamik deyil və əsasən nisbi xarakter daşıyır. Ümumi qiymət artımı baxımından Xətai, Binəqədi və Yasamal rayonları ön sıralarda yer alır.

Xətai rayonunda qiymətlərdəki artım 12 %-ə yaxınlaşıb. Ən az artım isə Səbail rayonunda qeydə alınıb - burada mənzil qiymətləri ilin əvvəlindən cəmi 4,7 % bahalaşıb”.

Chosen
43
18
aznews.az

10Sources