EN

Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...


Fuad Hüseynzadə: “Bu gün Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması və ya diaspora təşkilatlarının bağlanması...”

Rusiyada Azərbaycan diasporunun təmsilçilərinə qarşı sərgilənən və hazırda da davam edən xoşagəlməz münasibət ciddi narahatlıq doğurur.

Yekaterinburq hadisəsi zamanı baş verən faciəvi duruma səssiz qalmayan, soydaşılarımızın OMON-çular tərəfindən zorakılğa məruz qalması, qətlə yetirilməsi, həbs olunması faktlarına etiraz edən azərbaycanlı diaspor təmsilçilərinin özlərinə qarşı zorakılıq, həbslər, döyülmələr baş verib. Bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun Ural bölgəsi üzrə tanınmış lideri Şahin Şıxlınskinin vəhşicəsinə saxlanıldığı, işgəncələr altında tutulduğu məlumdur. Düzdür, Ş.Şıxlinski hazırda azalıqdadır, amma Rusiyanın müvafiq orqanlarının məhz azərbaycanlı olduğu və azərbaycanlılara qarşı zorakılığı tənqid etdiyi üçün ona qarşı belə vandal davranış sərgilədiyi də faktdır.

Ş.Şıxlınskidən sonra Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılıb. Onun deportasiya olunduğu bildirlir.

Qeyd edək ki, E.İbrahimov Rusiyadakı Azərbaycan diasporunun fəal üzvlərindəndir.

Ekspertlər hesab edir ki, bu kimi hallar Rusiya dövlətinin Azərbaycana və onun diaspor nümayəndələrinə qarşı yürütdüyü ikili, hətta düşmənçilik ruhunda aparılan siyasətin təzahürüdür. Rusiyanın bu düşmənçilik siyasətini OMON-un, FSB-nin əli ilə ortaya qoyduğu da bilinən məsələlərdəndir.

Azərbaycanlı diaspor rəhbərlərinə qarşı bu cür addımların mənası, mahiyyəti nədir?

“Rusiyada Azərbaycan diasporuna qarşı zorakılıq, ayrıseçkilik, həbs və təzyiqlərin artması təsadüfi deyil və onların arxasında, heç şübhəsiz, siyasi məqsədlər və mesajlar durur”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra erməni lobbisi müxtəlif ölkələrdəki Azərbaycan diaspor üzvlərinə fərqli yollarla təzyiq edir: “Təəssüf ki, bu kimi bir çox hallar demokratik dövlətlərdə baş verir. Belə ki, soydaşlarımıza böhtanlar ataraq məsuliyyətə cəlb edir və ya töhmətlər verirlər. Hətta bəzən soydaşlarımıza qarşı sosial mediada qarayaxma kampaniyası aparır və fəaliyyət göstərdikləri yerlərə şikayət ünvanlayırlar. Hətta xaricdə ölümlə təhdid edilən soydaşlarımız da var.

Diasporumuza qarşı eyni təhlükə bu gün də davam edir. Xüsusən Rusiyada soydaşlarımıza son bir ildə daha aqressiv şəkildə təzyiqlər edilir. İyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlıları kütləvi həbs etməsi və həmyerlilərimizə olunan zorakılıq bunun bariz nümunəsidir.

Yeri gəlmişkən, bu gün Rusiyada Azərbaycanın tanınmış diaspor üzvlərinin vətəndaşlıqdan çıxarılması və ya diaspora təşkilatlarının bağlanması hallarına da rast gəlinir”. F.Hüseynzadə qeyd etdi ki, ümumiyyətlə, Rusiyada bir çox diaspor üzvünə təşkilatları bağlamaqla bağlı dolayısı ilə xəbərdarlıq edilib və onlar da sakitcə təşkilatın fəaliyyətini dayandırıblar. “Bunun da altından erməni izinin çıxması şəksizdir. Çünki Rusiyadakı quberniya administrasiyalarında saysız ermənilər yüksək vəzifələrdə çalışırlar. Onlar da indiki vəziyyətdə Azərbaycan-Rusiya münasibətlərindən istifadə edərək, maksimum səylə imkan düşdükcə bizim diaspor üzvlərinə ləklə yaxmağa çalışırlar.

Rusiyada Azərbaycan diasporuna qarşı zorakılıq, ayrıseçkilik, həbslər və təzyiqlərin artması təsadüfi deyil və onların arxasında, heç şübhəsiz, siyasi məqsədlər və mesajlar durur. Rusiyada yaşayan azərbaycanlı diaspor nümayəndələri zaman-zaman həm yerli icmalarda, həm də beynəlxalq səviyyədə fəal olublar. Onların ictimai fəallığı, xüsusilə Qarabağ müharibəsi dövründə və sonrasında Azərbaycan dövləti ilə sıx təmasda olması Rusiyada bəzi dairələrdə narahatlıq doğurub. Görünür, Kreml diaspor üzərində nəzarəti artırmağa çalışır. Şahin Şıxlinski və Elşən İbrahimov kimi tanınmış şəxslərə qarşı atılan addımlar digərlərinə "səssiz olun" mesajı verir.

Rusiyanın postsovet ölkələri ilə münasibətlərində qeyri-rəsmi təzyiq vasitələrindən biri də həmin ölkələrin diaspor nümayəndələrinə təzyiq göstərməkdir. Deportasiya, vətəndaşlıqdan çıxarma və hüquqi təzyiqlər bu baxımdan siyasi alətə çevrilir. Fikrimizcə, xaricdəki soydaşlarımızın da təhlükəsizliyi qorunmalıdır. Artıq bununla bağlı strateji olaraq dəstək planlarının hazırlanması zərurətə çevrilib”-deyə F.Hüseynzadə bildirdi.

İradə SARIYEVA

Chosen
8
2
baki-xeber.com

10Sources