Bakı, 7 iyul — Azadmedia.az
Qarabağın Siyasi Dirçəlişi, Prezident İlham Əliyevin Sülh Mesajı: Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın Geosiyasi Zəfəridir
Azadmedia.az-a özəl olaraq Politoloq Ülkər Piriyeva yazır..
Tarixə çevrilən Zirvə: Diplomatiyanın Qarabağ çağırışı
3–4 iyul 2025-ci il tarixində Azərbaycanın qədim və yenidən dirçələn şəhəri olan Xankəndi tarixi hadisəyə şahidlik etdi – İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü məhz burada baş tutdu. Bu, sadəcə regional iqtisadi inteqrasiya tədbiri deyildi – bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının və təsdiqlənməsinin növbəti siyasi rəmzi idi.
BMT tərəfindən tanınan sərhədlər çərçivəsində öz ərazilərində suveren hüquqlarını bərpa edən Azərbaycan, bu dəfə Qarabağın siyasi və diplomatik xəritədəki yerini bütün dünyaya nümayiş etdirdi. ECO kimi nüfuzlu bir təşkilatın 17-ci Zirvəsinin məhz Xankəndində keçirilməsi, Ermənistanın və onu dəstəkləyən qüvvələrin illərlə yaratmaq istədiyi “qondarma status” mifini tamamilə darmadağın etdi.
Xankəndi - Simvolik məkanda regional gələcəyin inşası
Qarabağda keçirilən bu Zirvə, Azərbaycanın nəinki hərbi və siyasi, eyni zamanda diplomatik və iqtisadi qələbəsinin də təsdiqidir. Xankəndində ECO liderlərinin toplaşması region ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq tanımasının və dəstəkləməsinin təzahürüdür.
Əgər bir vaxtlar bu torpaqlarda separatizm, işğal və qeyri-qanuni idarəetmə hökm sürürdüsə, bu gün burada müasir beynəlxalq tədbirlər, zirvə görüşləri və əməkdaşlıq platformaları həyata keçirilir. Bu keçid – işğaldan dirçəlişə – Azərbaycan diplomatiyasının və dövlət idarəetmə modelinin gücünü sübut edir.
Azərbaycan nəyi göstərdi?
1. Geosiyasi reallıqların dəyişməsi: Xankəndində keçirilən ECO Zirvəsi göstərdi ki, Qarabağın siyasi statusu məsələsi artıq regional və beynəlxalq gündəlikdə yoxdur. Bu gündəliyi Azərbaycan özü tamamilə ləğv etdi və əvəzində iqtisadi dirçəliş, enerji inteqrasiyası və infrastrukturla bağlı yeni gündəlik təqdim etdi.
2. Diplomatiyanın davamı olaraq güc: Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, dövlət gücünün mərkəzində həm hüquq, həm də diplomatiya dayanır. Azərbaycan hərbi qələbədən sonra qarşı tərəfi alçaltmaq deyil, regional sülhə və əməkdaşlığa çağırmaq yolunu seçdi.
3. İnkişaf edən tərəfdaşlıq xəritəsi: Zirvə zamanı qəbul edilən sənədlər və razılaşmalar, xüsusilə “ECO 2035” strateji yol xəritəsi, Azərbaycanın özünü Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz arasında əsas tranzit, enerji və ticarət mərkəzi kimi formalaşdırmaq məqsədinin bir hissəsidir.
Prezident İlham Əliyevin çıxışı: Siyasi uzaqgörənliyin təntənəsi
Zirvə görüşünün açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin nitqi bir neçə istiqamətdə strateji mesajlar daşıyırdı:
- Qarabağda bərpa və quruculuq prosesi: Prezident bildirdi ki, azad edilmiş ərazilərdə 100-dən çox şəhər və kənd bərpa olunur, yollar, dəmir yolları, hava limanları, sosial və sənaye infrastruktur layihələri sürətlə davam etdirilir. “Qarabağ yaşıl enerji zonası olacaq” ifadəsi isə Azərbaycanın gələcəyə baxışını və post-münaqişə dövründə iqtisadi modelini ortaya qoydu.
- Regional əməkdaşlıq çağırışı: İlham Əliyev çıxışında qeyd etdi ki, ECO məkanı bir-biri ilə tarixi, dini, mədəni və iqtisadi bağlarla bağlı olan xalqları birləşdirir. Bu əməkdaşlığın yeni mərhələyə keçməsi üçün enerji, nəqliyyat, ticarət və rəqəmsal sahələrdə birgə fəaliyyətlərin genişləndirilməsi vacibdir.
- Sülh və sabitlik mesajı: Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan sülh istəyir, amma bu sülh ədalətli və beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Bu çağırış, eyni zamanda Ermənistana və onun arxasında dayananlara verilən incə və düşünülmüş mesaj idi: keçmişə yox, gələcəyə baxın.
Hesab edirəm ki, Xankəndində keçirilən bu Zirvə görüşü təkcə diplomatik tədbir deyil, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, quruculuq və inteqrasiya siyasətinin təntənəsidir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan müharibədən sonra barışa, barışdan sonra isə iqtisadi və siyasi zirvələrə doğru irəliləyir.
Bu Zirvə Azərbaycanın təkcə öz taleyinə deyil, həm də regional tarazlığa yön verən “güc” olduğunu göstərdi.