ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun imzası ilə mətbuata açıqlamasında “Heyət Təhrir əş-Şam”ın rəsmi olaraq terror təşkilatları siyahısından çıxarıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
"Prezident Trampın mayın 13-də Suriyaya qarşı sanksiyaları yumşaltmaq vədinə uyğun olaraq, İmmiqrasiya və Vətəndaşlıq Qanunu çərçivəsində “Nusra Cəbhəsi” kimi tanınan “Heyət Təhrir əl-Şam”ın ( HTŞ ) xarici terror təşkilatı statusunu ləğv etmək qərarımı elan edirəm. Bu qərar iyulun 8-də qüvvəyə minəcək".
Bəyanatda deyilir ki, bu addım HTŞ-nin ləğvi və Suriya hökumətinin terrorun bütün formaları ilə mübarizə öhdəliyinin elan edilməsindən sonra atılır.
"Bu addım həm də Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı Prezidentin 30 iyun tarixli fərmanının yaratdığı impulsu davam etdirir və Suriya prezidenti Əhməd Şəranın rəhbərlik etdiyi yeni Suriya hökumətinin atdığı müsbət addımları təsdiqləyir. Terror təşkilatının siyahıdan çıxarılması ilə bağlı bu qərar prezident Trampın sabit, vahid və sülhsevər Suriya vizyonunun həyata keçirilməsi istiqamətində mühüm addımdır".