Bizi təməli azadlıq, qardaşlıq, sülh olan bu yoldan heç bir qüvvə döndərə bilməz
Məqsədə, hədəfə çatmaq üçün seçilən yolun doğru, rahat və təhlükəsiz olması vacib şərtdir. Yol adi və sadə bir söz olsa da, özündə çox geniş mənaları ehtiva edir. Yol var könülləri birləşdirir, sevənləri qovuşdurur. Yol var kəndləri, şəhərləri, ölkələri bir-birinə bağlayır. Yol var əyridi, qaranlıq dalanlardan keçir, bəd niyyətlərə aparır.
Müqəddəs yol da var – haqq yolu. Xalqına, dövlətinə, millətinə, soyuna, kökünə sədaqət, bəşəri amallar uğrunda şərəfli mübarizə yolu. Azad, müstəqil yaşamaq istəyi, özgürlük yolçusu olmaq arzusu... Bu yollarda nə qədər qurbanlar verdik, nə qədər ağrı-acılar çəkdik, dözülməz məhrumiyyətlər yaşadıq. Xalqın önünə çıxıb ona doğru yol göstərənin qüdrəti, zəkası, müdrikliyi sayəsində bu keşməkeşli yolları uğurla addımlayıb, sonda tarixi bir zəfərə qovuşduq. Simasız havadarlarının köməyi ilə ərazilərimizin 20 faizini 30 il işğal altında saxlayan Ermənistan silahlı qüvvələrini darmadağın edib, diz çökdürdük. Nankor düşmənlərimizin daş üstdə daş qoymadığı, xarabalıqlara çevirdiyi Qarabağ və Şərqi Zəngəzur indi başdan-başa yenidən qurulur. Kəndlər, şəhərlər yüksək zövqlə inşa edilir, yollar çəkilir, körpülər salınır. Azad nəfəs alan torpaqlarımızda əkin-biçin işləri aparılır.
Bərdədən Ağdama çəkilən dəmir yolu və avtomobil yolu bəlkə də Avropa standartlarından da üstündür. Hazırda Xankəndiyə, Şuşaya yeni yol çəkilişi sürətlə davam edir. İndi bütün bu yollar Qarabağa aparır desək, şübhəsiz, mübaliğə olmaz. Tikilən, qurulan ərazilərimizə inşaat materialları daşıyan ağır yük maşınları xeyli vaxtdır ki, bu yolları əriş-arğac edir. Bu yollarda doğma yurduna, dövlətin qayğısı ilə yenidən tikilən, yaxud bərpa edilən evlərinə qayıdan soydaşlarımızın köç karvanları da gündən-günə intensivləşir.
Böyük məmnunluq doğuran reallıqdır ki, ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılmasına, müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Son illər bu istiqamətdə böyük işlər görülüb. Bu gün Qarabağ və Şərqi Zəngəzurun hava yolları da təhlükəsizdir. Laçında, Şuşada, Xankəndidə keçirilən möhtəşəm beynəlxalq tədbirlərə dəvət alan dövlət başçılarının, dünya liderlərinin təyyarələri indi Laçın və Füzuli hava limanlarına çox rahatlıqla eniş edirlər. Xoş niyyətlə gələn hər kəsə sevgi və ehtiramla qucaq açırıq.
Ərazilərimizin işğaldan azad edilməsi, müharibənin xarabalıqları üzərində xüsusi zövqlə yeni kəndlərin, şəhərlərin salınması, yeni və müasir sənaye müəssisələrinin qurulması, Avropa standartlarından geri qalmayan infrastrukturun yaradılması son dərəcə qururvericidir. Dünən döyüş meydanında düşmənə qan udduran vətən sevdalı igid oğullar bu gün Qarabağın və Şərqi Zəngəzurun tikilib qurulmasında gerçək hünər göstərirlər. Dünən erməni faşistlərini diz çökdürən oğullar eyni ata-ananın övladlarıdır, eyni dövlətin vətəndaşlarıdır, eyni idealların daşıyıcılarıdır. Bu qəhrəman oğulların gücünü birləşdirib “dəmir yumruğ”a çevirən, yenilməz bir ordu yaratmağa nail olan, 44 günlük savaşda kəndlərin, şəhərlərin azad edilməsi sevincini sevimli və doğma xalqı ilə paylaşmaqdan xüsusi zövq alan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev üzərinə düşən şərəfli missiyanı uğurla reallaşdıraraq öz mübarək adını şanlı ənənələrə malik bir xalqın, azad, suverən və müstəqil bir dövlətin tarixinə qızıl hərflərlə yazmağı bacardı, milyonlarla könüldə özünə sonsuz sevgi, əbədi ehtiram, böyük xilaskar abidəsi ucaltdı.
Günümüzün reallığıdır ki, düzgün seçilən yol bizi yeni zirvələrə aparır. Yüksəlişə, tərəqqiyə qovuşdurur, dünyada artmaqda olan nüfuzumuza yeni dividendlər gətirir.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün nəticələri çox mətləblərə aydınlıq gətirdi. Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev demişdir: “Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şürasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Kongres Mərkəzində keçirilir”.
Dünyanın müxtəlif ölkələrindən gəlmiş ali qonaqlar, dövlət və hökumət başçıları ECO-nun 17-ci Zirvə görüşündən zəngin təəssüratla döndülər. Qonaqlar Ermənistan quldurlarının törətdikləri vəhşiliklərin nəticələrini, dağıtdıqları kəndlərin, şəhərlərin xaraba görkəmini öz gözləri ilə gördülər. Onu da gördülər ki, doğma yurdun bağrına amansızlıqla vurulmuş yaraları ən qısa zamanda sağaltmaq üçün xalq və dövlət necə böyük hünər göstərir, gerçək xariqələr yaradır. Onun da şahidi oldular ki, Azərbaycanın tutduğu yol azadlıq, dostluq, qardaşlıq, əməkdaşlıq, bərabərlik, həmrəylik və sülh yoludur. Bizi bu yoldan heç bir qüvvə döndərə bilməz.
Lazım QULİYEV,
“Azərbaycan”