EN

Rənglərlə möcüzə yaradan rəssam

Rənglərin mövcudluğu işıqda sübut olunur. Gecənin zülmətində İlahinin yaratdığı ən mükəmməl tablo adlandırdığımız dünya bir rəngdə görünür. Günəşin işığında isə dünyanın min bir rəngə boyanmış gözəlliyi gözlərimizə rənglərin dili ilə öz musiqisini "dinlədir". 

Rəssamın yaradıcılığının cövhərini məhz rənglər təşkil edir. O rəssam bəxtəvər sənətkardır ki, göy qurşağının 7 rəngindən min bir rəng çaları yaradır, tablolarında gördüyümüz gözəllikləri yeni biçimdə göstərməyə müvəffəq olur.  Yuran Məmmədov məhz rənglərin möcüzəvi estetik dilini bilən rəssamlardan olub.

Cəmi 50 il ömür sürən istedadlı rəssam fitri bədii yaradıcılıq qabiliyyəti sayəsində ölümsüzlük qazanıb. Yuran Əli oğlu Məmmədov (1934-1984) Naxçıvan şəhərində, qədim Şahab mələlləsində anadan olub. Orta təhsilini bu gözəl diyarda alıb. Y.Məmmədovun rəssamlığa olan marağı onu Bakı şəhərinə - Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamılıq Texnikumuna gətirib. O, burada Azərbaycanın tanınmış rəssamları Hafiz Məmmədov, Əyyub Hüseynov və Əyyub Məmmədovdan sənətin sirlərini böyük həvəslə öyrənir. 1955-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirən gənc doğma Naxçıvana qayıdıb iki il şəhər məktəbində müəllim işləyir. Rəssamlığa sonsuz sevgi ilə o, ali təhsil almaq üçün Sankt-Peterburqa yollanır. İ.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olunan (1957) Y.Məmmədov burada SSRİ Xalq rəssamı V.Oreşnikovun sinfində təhsilini davam etdirir. O, 1962-ci ildə təhsilini bitirib bir müddət Sankt-Peterburqda "Lenfilim" studiyasında və Puşkin adına Akademik Dram Teatrında baş rəssam assistenti vəzifəsində işləyir. Orada bədii yaradıcılıq təcrübəsinə yiyələnən rəssamı doğma Naxçıvana olan sevgi bir an belə rahat buraxmır. O, qədim və zəngin mədəniyyət mərkəzi olan Naxçıvana dönərək ömrünü bu diyara bağlayır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 20 ilə yaxın fəaliyyət göstərir, yüksək rəssamlıq şövqü ilə bir çox səhnə əsərinin uğurlu bədii tərtibatını hazırlayır. Rəssamın uğurlu teatr dekorasiya işlərindən Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", Cəfər Cabbarlının "Oqtay Eloğlu", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Şıxəli Qurbanovun "Sənsiz", Hüseyn Razinin "Günəş"  və başqa tamaşaları göstərmək olar. 

1970-ci ildən Rəssamlar İttifaqının üzvü olan Y.Məmmədovun sağlığında əsərlərindən ibarət fərdi sərgisi keçirilməyib. 50 illik yubileyinə hazırlaşan, fərdi sərgisini təşkil etmək istəyən rəssama bu nəsib olmayıb. O, dəzgah rəssamlığı sahəsində bir çox uğurlu süjetli tablo, portret və mənzərə əsərləri yaratmış, əsərlərini yağlı boya və tempera texnikasında işləmişdi. Rəssamın əsərlərinə baxdıqdan sonra onun kamil kolorit ustası, rənglərin estetik mahiyyətini və qüvvətli təsir gücünü dərindən duyan istedadlı rəssam olduğunu əminliklə söyləmək olar. Əcəl imkan versəydi, o, neçə-neçə bitkin sənət nümunəsi yaradacaqdı. Rəssamın süjetli tablolarından "Mənim ailəm" (1980), "Naxçıvan XII əsrdə" (1982), "Xalça toxuyanlar" (1982), "Dağlarda inşaatçılar" (1983), "Tütək səsi" (1984) və digərlərini qeyd etmək olar. 

"Mənim ailəm"  adlı əsərdə dağlar qoynunda yerləşən Naxçıvanın mənzərəsi fonunda rəssam ailəsi ilə eyvanda, masa ətrafında əyləşib. Əsər son dərəcə mükəmməl kompozisiya quruluşu və kolorit həllinə malikdir. Arxa fonda Yusif Küseyir oğlu türbəsinin təsviri diqqəti cəlb edir. Əlində fırça tutmuş rəssamın fikirli nəzərləri tamaşaçıya zillənib. Samovar və masa üzərində kəsilmiş qarpız təsviri əsərin süjet xəttinin açılmasını şərtləndirir. İsti yay günlərindən birində rəssamın ailə üzvləri ilə istirahət etdiyi məqam olduqca canlı təbiət lövhələri ilə ahəngdar biçimdə əks olunub.

"Naxçıvan XII əsrdə" adlı tablo sanki ulu diyarın rənglərlə bəstələnmiş simfoniyasıdır. Nuh əyyamı, Əshabu Kəhf möcüzəsi, Əcəmi xilqəti, Mömünə Xatun şöhrəti, qədim İpək yolu, yüklü dəvə karvanları... nağıl kimi şirin tarixi səhnələr əsərə tamaşa edərkən adamın gözləri önündə canlanır. 

"Tütək səsi" adlı əsər də özünün yüksək bədii estetik məziyyətləri ilə seçilir. Rəssamın süjetli tablolarında mənzərə təsvirinin dominantlıq təşkil etməsi müşahidə olunur. Kompozisiyada açıq təbiət qoynunda, ağacların kölgəsində əsasına söykənən, qayğılı baxışlı ixtiyar nəvələri ilə və ondan bir qədər solda milli geyimli qadın təsvir olunub. Süjetdə kənd həyatının bütün incəlikləri vahid tabloda öz əksini tapıb. Təbii ki, bu məziyyət rəssamın ustalığından irəli gəlir. 

Y.Məmmədov qısa yaradıcılığı dövründə yaddaqalan portret və mənzərələr qalereyası yaratmışdır. "Xəyala dalmış qız" (1978), "Həyat yoldaşı" (1979), "Sevil" (1981), "Səhər" (1982), "Poeziyanın sehrli dünyası. Hüseyn Cavid" (1982), "Qadın" (1984), "Toğrul dünyası" və başqa portret əsərlərində rəssam qəhrəmanlarının daxili mənəvi dünyalarına nüfuz edib, surətlərini yaratmış şəxslərin hiss və həyəcanlarını ustalıqla göstərə bilmişdir.

Rəssam "Poeziyanın sehrli dünyası" əsərində Hüseyn Cavid dünyasını, onun həyat və yaradıcılığının faciəsini və dramatikliyini şairin mənalı çöhrəsində və onu əhatələyən fonda təsvir edib. Bu tablo şairə həsr edilmiş ən uğurlu əsərlərdən biridir. Hüsnü-xuda şairi H.Cavidin yaradıcılıq dünyası və onun həyat faciəsi qəhrəmanın surətinə və əsərin rəng qammasına hakimdir. Koloritin kontrastlığı məzmunun dramatikliyini daha da qüvvətləndirir. 

Y.Məmmədov SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyov və Xalq yazıçısı Anarla yaxın dost olub. Bu insanlar rəssamın yaradıcılığını yüksək qiymtləndiriblər. Rəssam "Toğrul dünyası" adlı əsərində T.Nərimanbəyovu öz emalatxanasında, Anarın portreti  ilə birgə təsvirini yaradıb. Rəssam dostu T.Nərimanbəyov haqqında müsahibələrinin birində deyirdi: "Cəsarətlə deyə bilərəm ki, hamıdan əvvəl Toğrula borcluyam. Ömrüm uzunu. Bizim hamımızın əzizi, doğması, hörmətlisi T.Nərimanbəyova. Muxtar respublikamızın 50 illik yubileyi ərəfəsində Toğrulla birgə yaradıcılıq fəaliyyətim mənə çox şeylər öyrətdi. Onun yaradıcılıq yolu mənim üçün ilham mənbəyi, əsl sənətkarlıq məktəbi oldu".

"Qədim, ulu Naxçıvan torpağı mənim əbədilik mövzumdur. Dağlar, yamaclar, yaşıl meşələr məni gözləyir" deyən rəssam əsrarəngiz Naxçıvan təbiətini öz palitrasında sevə-sevə təsvir etməkdən doymayıb. "Dağlarda mart" (1976), "Rəsədxananın həyəti" (1980), "İlk şüa" (1981), "Dağlarda payız" (1982), "Camışlar" (1983), "Günorta" (1984), "Nəiminin qəbri" və başqa mənzərələri bu qəbildəndir. Y.Məmmədovun mənzərələrində elə bil Naxçıvanın havası, bu diyarın təbiətinin yetirdiyi min bir nemətin rayihəsi duyulur. Doğrudan da, o, əsl rəssam olaraq bərəkətli torpağın misilsiz guşələrini, ülvi gözəlliklərini rəssam təxəyyülü ilə kətanda canlandırmışdır. O, Naxçıvanı qarış-qarış gəzmişdi, müşahidə etmişdi, görüb duymuşdu, özü də ən yaxın dostu, yaradıcı həmkarı Səttar Bəhlulzadə ilə birlikdə. 

Yazıçı Anar "Bir dostum vardı" adlı xatirə yazısında rəssam haqqında "Sən bu torpağı sevirdin, onun təkrarsız mənzərələrini sevirdin, zəhmətkeş adamlarını sevirdin, keçmişini sevirdin, bu gününü sevirdin. Sevirdin və sevdiklərini kətan üzərində tərənnüm edirdin" deyirdi. 

Ötən il həm də istdedadlı rəssamın vəfatından düz 40 il ötdü. Y.Məmmədov yaradıcılığı öz gücünü Azərbaycanın qədim xalça sənətindən almışdır. Rəssamın palitrası xalçalarımızın, miniatür sənətimizin əlvan rənglər qammasını, lokal rəng keçidlərini özündə yaşadır, yaşatdıqca da onun adını yaşatmış olur. 

Əsəd QULİYEV,

sənətşünas,

Rəssamlar İttifaqının üzvü

Chosen
194
20
azerbaijan-news.az

10Sources