EN

“Müharibə heç başlamamalı idi” – Donbas separatçısından RUSİYAYA TƏRS ŞİLLƏ

Donbasdakı separatçı hərəkatın simalarından biri olan, keçmiş “xalq qubernatoru” Pavel Gubaryov “xüsusi hərbi əməliyyat” barədə sensasion açıqlama verib. O bildirib ki, Rusiya bu savaşa ümumiyyətlə başlamamalı idi.

KONKRET.az xəbər verir ki, Gubaryov bu fikirləri “Когда запели пушки” adlı YouTube kanalında yayımlanan yayımda səsləndirib. Onun sözlərinə görə, Böyük Vətən Müharibəsinin dördüncü ilində Sovet ordusu artıq almanları qovurdu, lakin bu gün Rusiya ordusu nə irəliləyə, nə də üstünlük qazana bilir:

“Dördüncü ildə babalarımız almanı döyürdü, sadəcə döyürdü və qovurdu. Biz isə nə döyürük, nə də qovuruq. Eyni ət şturmları ilə irəliləməyə çalışırıq. Heç nə dəyişmir. İrəliləməyə təkan verirlər, amma artıq heç kimin gücü qalmayıb.”

O, həmçinin “əməliyyatın” məqsədlərinin də aydın olmadığını deyib:

“Ümumiyyətlə bilinmir, hakimiyyət nə istəyir… Bizə bu ərazilər nəyə lazımdır? Onları kimlə dolduracağıq — taciklərlə və özbəklərlə? Yoxsa məqsəd Ukraynanı kapitulyasiyaya məcbur etməkdir? O zaman başqa suallar doğur. Niyə təchizat yollarını vurmuruq, qərar qəbul edən mərkəzləri niyə dağıtmırıq? Niyə toza çevirmirik?”

Gubaryov əlavə edib ki, Rusiya rəhbərliyi hərbi itkilərlə maraqlanmır:

“İtkilərimiz var, amma heç kim onlara fikir vermir. Niyə? Çünki elitamız aktivlərə sahib çıxıb, hər şeyi əldə edir. Burada bir feodal zadəganlığı yaranıb. Bu feodal ağacının ən parlaq çiçəyi isə Çeçenistandakı hakimiyyətdir — Kadyrov və onun varisi Adam.”

Gubaryovun bu açıqlamaları Rusiya daxilində belə SVO-ya dair dərin narazılıqların olduğunu və bir zamanlar bu müharibənin önündə gedən şəxslərin belə artıq peşmanlıq yaşadığını açıq göstərir.

 

Müşviq Tofiqoğlu,

KONKRET.az

Chosen
16
1
konkret.az

2Sources