
Vasif Talıbovun hələ də boş qalan vəzifəsinə namizəd olmaq üçün 5 il muxtar respublikada yaşamaq tələbi ləğv olundu
Naxçıvan MR Ali Məclisinin sədrliyinə namizədlər üçün tələblər azaldılır. Bu, Milli Məclisin iyulun 8-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə biləcək.
Qüvvədə olan Konstitusiyaya əsasən, yaşı 30-dan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Ali Məclis sədrinin müavininin seçilməsi isə çətinlik yaratmayıb. Arzu Abdullayevin namizədliyi dəstəklənib və səsvermə nəticəsində o, Ali Məclis sədrinin müavini seçilib.
Sədrin səlahiyyətlərini isə birinci müavin seçilmiş Bəxtiyar Məmmədov icra edir. Muxtar respublikanın konstitusiyasında sədrin seçilməsi ilə bağlı son 5 ili Naxçıvanda yaşamaq tələbi var ki, Bəxtiyar Məmmədov bu tələbə cavab vermir.
Yada salaq ki, müstəqillik dövründə Ali Məclisə 4 nəfər rəhbərlik edib. Afiyəddin Cəlilov noyabr 1990 - aprel 1991 tarixlərində Naxçıvan MR Ali Məclisinin sədri olub. Heydər Əliyev 3 sentyabr-1991 15 iyun 1993-cü il tarixləri arasında Ali Məclisə sədrlik edib. 1994-cü ilin aprelindən 1995-ci ilin iyulunadək Ali Məclisə Namiq Həsənov rəhbərlik edib. Vasif Talıbov 1995-ci ilin dekabrından 2022-ci ilin dekabrınadək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyib.
Qanunvericiliyə görə, muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir.
Qeyd edək ki, V.Talıbovun işdən çıxarılmasından sonra Prezident Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyətini ləğv edib. Naxçıvan Konstitusiyasında ən vacib dəyişiklik Naxçıvan Ali Məclisi sədrinin xüsusi statusu ilə bağlıdır. Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilir.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”