Bakı, 9 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Laçın rayonunun Güləbird kəndində növbəti maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a DƏMX-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, tədbir Laçın rayonunda fəaliyyət göstərən 11 müəssisənin 283 işçisini əhatə edib.
Maarifləndirmə tədbiri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçılara yaddaş kitabçaları, maarifləndirici bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, onların sualları cavablandırılıb.
Tədbirdə Əməyin Mühafizəsi Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edib, fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işi aparıblar.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə əməyin mühafizəsinə dair bu cür tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.