Fransanın müdafiə naziri Sebastyen Lekornü Rusiyanın Ukraynanın demilitarizasiyası ilə bağlı tələbini Avropa ölkələri üçün “qəbuledilməz” adlandırıb. Bu barədə o, Fransanın Valeurs actuelles nəşrinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, Ukraynanın hərbisizləşdirilməsi rəsmi Paris üçün “qırmızı xətt” sayılır:
“Biz ardıcıl olmalıyıq. Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib, eyni zamanda onun ordusuz qalması ilə barışa bilmərik. Ukraynalılar öz təhlükəsizliklərini təmin edə bilməlidirlər”.
Lekornü əlavə edib ki, “istəkli ölkələr koalisiyası” Ukraynanı gələcək ordusunun formatı barədə düşünməyə təşviq edir, Fransa isə bu kontekstdə öz müdafiə sənayesinin imkanlarını nəzərdən keçirir. O, həmçinin qeyd edib ki, Ukrayna “Starlink və ya ABŞ istehsalı olan Patriot zenit-raket komplekslərindən asılı vəziyyətdə qala bilməz”.
Xatırladaq ki, bundan öncə Fransa prezidenti Emmanuel Makron Britaniya parlamentində çıxışı zamanı Avropanın “heç vaxt Ukraynanı tərk etməyəcəyini” bəyan etmişdi. O, Avropanın “güc haqqdır” nəzəriyyəsini qəbul etmədiyini vurğulamışdı.
//Samir Qurbanov, Editor.az