EN

La Casa de Baku ... Müğənnilik etməyə gələn əlcəzairli qohumların paytaxt Bakıda oğurluq macəraları

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əlcəzairdə anadan olsa da, sonradan Belçikaya köçüb orada yaşayan və Brüsseldə qeydiyyatda olan Əli Mosouri müvəqqəti Bakıya gəlib. Bura gələndən qısa müddət sonra da həbs olunub.

Bizimyol.info xəbər verir ki, 1995-ci il təvəllüdlü Əli Mosouri hazırda Azərbaycanda oğurluğa görə məhkumluq həyatı yaşayır. O, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (bir qrup şəxs tərəfindən və təkrar törədilməklə oğurluq) maddələrilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, 2026-cı ilin oktyabrında cəzasını çəkib qurtaranda məcburi şəkildə Azərbaycandan çıxarılacaq.

Əli Mosouri Bakıya müğənnilik eləmək məqsədilə gələn dayıcı oğlu və onun həyat yoldaşı ilə birlikdə olub. İttihama əsasən, o, Fəvvarələr meydanında yerdən bank kartı tapıb. Həmin kartdakı hesabda olan puldan təxminən 200 manatını mağazada xərcləyib. Çünki kartdan pul çıxılması üçün kod tələb olunmayıb. Kart sahibi də onu itirməyindən gec xəbər tutub və bloklatdırana qədər içində olan məbləğin bir hissəsi xərclənib.

Əli Mosourinin digər oğurluğu isə planlı şəkildə olub. O, Bakıda olarkən Hussam adlı başqa bir əlcəzairli ilə tanış olub. Restoranlardan birinin yanında qızın çantasında pul kisəsini görüb, onu oğurlamaq qərarına gəliblər. Plan da belə olub ki, Hussam qıza yaxınlaşıb, hansısa otelin yerini soruşur, Əli isə başı qarışıq olan qızın çantasını oğurlayır.

Plan baş tutur. Əli Mosouri bir qədər irəlidə kisənin içindən pulu götürüb, özünü isə tullayır. Lakin çox keçmədən onu saxlayırlar.

O, ifadəsində bildirib ki, subaydır, kollec təhsili alıb: “Dayım oğlu Recham Qussama müğənnidir. O və həyat yoldaşı Boubetra Abır Bakıya gəlirdi, məqsəd restoranda müğənni kimi fəaliyyət göstərmək idi. Mən də onlara qoşulub gəldim. Pul qurtardığı üçün oğurluq etmək qərarına gəldik. “Torqovı”da gəzəndə yerdən sahibsiz çanta tapdım. İçinə baxdım, bank kartı gördüm. O kartdan müxtəlif mağazalarda alış-veriş elədim. Sonra “Torqovı”da gəzəndə bir nəfərin oturduğunu gördüm. Yanında pul kisəsi var idi. Onu oğurlamaq qərarına gəldik”.

Lakin o bildirib ki, oğurladığı pul kisəsindən 140 manat pul tapıb. Zərərçəkən isə orada 1400 manat olduğunu iddia edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, 140 manat götürsə də, həbsindən sonra qohumları zərərçəkmişə 1400 manat qaytarıb. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödədiyini qeyd edib.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
bizimyol.info

1Sources