EN

Qadın ərinin dayısının evindən oğurluq etdi: “Evə ərzaq almışam, qalan pulları isə...” – MƏHKƏMƏ

BAKI, 10 iyul. TELEQRAF

Saatlı rayonunda qohumunun evindən oğurluq edən qadının barəsində cinayət işi başlanıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Zülfiyyə qohumunun evindən oğurluq edib.

Hadisə 2024-cü ilin fevralın ortalarında saat 13 radələrində Saatlı rayonu Azadkənd kəndində baş verib. O, zərərçəkmiş şəxsin evinə girərək 750 manat, 300 ABŞ dolları və qızıl oğurlayıb. Zərərçəkmiş şəxsə ümumilikdə 2306 manat maddi ziyan vurulub.

Müttəhim xanımın barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oğurluq etdiyi evin sahibi Maqsud qayınanası Zenfiranın qardaşıdır, iş üzrə zərərçəkmiş şəxs isə Maqsudun arvadı Sevdadır: “Mən rəsmi olaraq heç bir yerdə işləmədiyimdən yaşadığım kəndin çöl sahəsində pambıq alağına və yığımına gedərək pul qazanıram. Lakin pambıq yığımından qazandığım pullarla ehtiyaclarımı ödəyə bilmədiyimdən, maddi cəhətdən çətinlik çəkdiyimdən və borclarım yarandığından oğurluq etmək qərarına gəldim. Maqsud və digər ailə üzvlərinin Bakı şəhərinə işləmək üçün getdiyini bildiyimdən yaşadıqları evə daxil olaraq oradan rahat oğurluq edəcəyimi fikirləşmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, bu səbəbdən təxminən 2024-cü ilin fevral ayının ortalarında yaşadığı evdən çıxaraq Maqsudun evinə gedib: “Bağçadan həyətə daxil olaraq evə yaxınlaşdım. Evin giriş hissəsindəki pəncərənin qismən açıq olduğunu gördüm və oradan içəri keçdim. Evin içərisində pul və qızıl-zinət əşyalarını axtarmağa başladım. Yataq otağına daxil olarkən divardan asılmış çantanın olduğunu gördüm. Çantanı götürərək içərisinə baxdım. 3 ədəd 100 dollarlıq pul əskinası, 5 ədəd 100 manatlıq, 5 ədəd 50 manatlıq, 1 ədəd 20 lirə, 1 ədəd 5 lirə türk pulu, 5 ədəd 100 rus rublu olduğunu gördüm. Pulların hamısını götürdükdən sonra çantanı həmin yerə atdım. Sonra zala daxil olaraq oranı axtararkən şkafdakı bankanın içərisində 1 ədəd qızıl qolbağın olduğunu gördüm. Qızılı da götürərək cibimə qoydum. Evə daxil olduğum pəncərəyə yaxınlaşaraq oradan həyətə düşdüm. Həyətdə olarkən 1 ədəd alüminium qazanı da özüm ilə götürdüm. Yaşadığı evə qayıtdıqdan sonra oğurladığım pulları və 1 ədəd qızıl qolbağı gizlətdim”.

Zülfiyyənin ifadəsinə görə, bundan təxminən 10 gün sonra Maqsudun evindən oğurladığı 3 ədəd 100 dollarlıq pul əskinaslarını Sabirabad şəhərində yerləşən bazarın içərisində tanımadığı şəxsə verib və 510 manat alıb: “Həmin pullarla yaşadığım evə ərzaq məhsulları almışam, qalan pulları isə borclarıma vermişəm. Oğurladığım pulların hamsını xərcləmişəm. Lakin 1 ədəd 20 türk lirəsi və 1 ədəd 5 türk lirəsini isə yaşadığım evdə saxlamışam. Maqsudun evindən oğurladığım 5 ədəd 100 rus rublunu dəyişmək məqsədilə aparsam da, hazırda həmin pul əskinaslarının dövriyyədən çıxarıldığını bildiriblər. 1 ədəd qızıl qolbağı çöl sahəyə pambıq alağına gedərkən qolumdan düşürmüşəm. Həmin qolbağı sonradan axtarsam da, heç bir yerdə tapa bilmədim”.

Daha sonra ifadəsində göstərib ki, əvvəllər əsəbi olduğundan Sevdanın yaşadığı evdən özünün deyil, oğlu İsmayılın oğurluq etdiyini bildirib: “Çünki Sevda ona məxsus evdən xeyli sayda əşyalar oğurladığımı bildirdiyindən, ərim Sərxanla ayrıldıqdan sonra övladlarımı məndən alaraq yaşadığı evdə saxladığından yalandan o cür demişəm. Zərərçəkmiş şəxsin yaşadığı evdən oğurluğu oğlum deyil, özüm etmişəm”.

Bu cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə qadın 2 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Chosen
25
1
teleqraf.com

2Sources