“Liverpul”un ulduzu Luis Dias yay transfer dönəmində klubdan ayrılmağa hazır olduğunu rəhbərliyə açıq şəkildə bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçunun satışı üçün maraqlı və uyğun təklif daxil olduğu təqdirdə, “Liverpul” onun transferinə yaşıl işıq yandıra bilər. Buna baxmayaraq, “qırmızılar” daha əvvəl kolumbiyalı hücumçunu nə “Bavariya”ya, nə də “Barselona”ya satmağa razı olmayıb.
Son günlərdə “Bavariya”nın idman direktoru Maks Eberl “Liverpul”la növbəti danışıqlar raundunu həyata keçirib, lakin hələlik tərəflər arasında hər hansı rəsmi razılıq əldə olunmayıb.
Luis Dias geridə qalan 2024/25 mövsümündə “Liverpul” formasında 50 oyuna çıxaraq 17 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun adı bu yay PSJ, “Barselona” və “Bavariya” ilə də hallanır.