ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Suriya Prezidenti Əhməd əş-Şaraanın İsraillə münasibətlərin normallaşdırılmasına açıq olduğu xəbəri artıq Yaxın Şərqdə sükutu pozub.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, iddialara görə, Şaraa hökuməti Suriyanın İsrailin işğalı altında olan Colan təpələri ilə bağlı kompromisə getmək, bunun əvəzində sanksiyaların və beynəlxalq təcridin aradan qaldırılması üçün yeni yol xəritəsi üzərində çalışır.
"The Times", "New York Post", "Reuters", "The Guardian", "Financial Times" kimi nüfuzlu beynəlxalq media orqanları ABŞ Konqresi nümayəndələri Cory Mills və Martin Stutzmannın Suriyanın yeni Prezidenti Əhməd əl-Şaraa ilə görüşdüyünü, görüş zamanı əş-Şaraanın İsrail ilə normallaşma və "Avraam razılaşmaları"na açıq olduğunu ifadə ediblər.
Sözügedən agentliklər konqresmenlərə istinadən bildiriblər ki, Suriya lideri bunun üçün bir neçə mühüm şərtlərin yerinə yetirilməsini tələb edir. Bu şərtlər İsrailin Suriyaya qarşı hava hücumlarını dayandırması, Suriyanın ərazi bütövlüyünün tanınması, Colan təpələri ilə bağlı razılaşmanın əldə edilməsidir.
Eyni zamanda mənbələr bildirirlər ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanında ABŞ Prezidenti Donald Tramp Əhməd əş-Şaara ilə görüşüb və Suriya lideri ABŞ-li həmkarına "Avraam razılaşmaları"nda iştirakı etməklə bağlı müsbət fikirlər səsləndirib. Təbii ki, bu iddialar öz təsdiqini tapsa, atılacaq mümkün addımlar regionun diplomatik mühitində ciddi dönüş nöqtəsi olacaq.

Colan təpələri müqabilində sülh: mif, yoxsa razılaşma?
Düzdür, bu məsələdə diplomatik üslubla razılığa cəhdlər edilsə də, Suriya hələlik Colan təpələrindən rəsmi olaraq imtina etməyib. Lakin paytaxtda bu istiqamətdə hazırlıqlar və təbliğat işləri hiss olunmaqdadır. Əsas məsələ isə razılaşmanın baş tutacağı təqdirdə bölgədə yeni güc xəritəsinin cızılmasıdır.
Çünki İsrailin sərhəd təhlükəsizliyi artacaq, İran bölgədə daha da təklənəcək, Suriya birmənalı şəkildə Qərbə və Körfəzə doğru meyillənəcək. Nəticədə Ərəb dünyasında "Avraam razılaşmaları"na qoşulan ölkələrin sayı artacaq.
Regionda itki təkcə İran üçün yox, Rusiya üçün də keçərli olacaq. Çünki Suriya artıq Vaşinqtonla bir masa arxasında əyləşəcək. Eyni zamanda, Fələstin problemi də açıq qalacaq ki, bu da bölgədə həm ideoloji, həm də diplomatik parçalanmaya gətirib çıxara bilər.
"Avraam razılaşmaları" nədir?
Saziş İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında 2020-ci ildə diplomatik münasibətləri normallaşdırmaq üçün imzalanıb.
Razılaşmaların adı İbrahim peyğəmbərə ithafən seçilib. Çünki İbrahim peyğəmbər hər üç səmavi dində mühüm şəxsiyyətdir. Müqavilə bu mənada dini və siyasi, ortaq miras və əməkdaşlıq ruhunu ifadə edir.
Bu baxımdan, "Avraam razılaşmaları" Yaxın Şərq diplomatiyasında yeni dövrün başlanğıcı sayılır. Bu sazişlər təkcə siyasi yox, həm də iqtisadi və mədəni sferalarda əməkdaşlıq platforması yaradır, ənənəvi düşmənlikləri yumşaldır.
Amma bütün bunların fonunda Fələstin məsələsi həll edilmədən sülhün tam olmadığı fikri də aktual olaraq qalır.
Bəs, Suriya ilə İsrail arasında da "Avraam razılaşmaları" mümkündür?
Əhməd əş-Şaraa yeni lider kimi əvvəlkilərdən fərqli olaraq daha realist və kompromisyönlüdür. Əgər Colan təpələri məsələsində də kompromisli razılaşma əldə olunarsa, bu, region ölkələri arasında münasibətləri daha da yumşalda bilər.
Artıq ABŞ və Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları yüngülləşdirir və ləğv edir, Körfəz ölkələri Suriyanın bərpasına və diplomatik əlaqələrin inkişafına dəstək vəd edir. Bu da rəsmi Dəməşqin də "Avraam razılaşmaları"na motivasiyasını artıran amil kimi qiymətləndirilir. Lakin əngəllər də çoxdur. Suriya ictimaiyyəti Colan təpələrini "milli şərəf" məsələsi sayır, İran və "Hizbullah" bu prosesə qarşı çıxacaq, eləcə də Fələstin tərəfdarları Dəməşqi "xəyanətdə" ittiham edə bilər. Bu da öz-özlüyündə yerli hakimiyyətə problem yarada və atılacaq addımları ləngidə bilər.

Gələcək perspektivdə gözləntilər
Əhməd əş-Şaraa-nın rəhbərliyi altında Suriya özünün xarici siyasətində dönüş nöqtəsinə çatır. Colan təpələri ətrafında gedən diplomatik oyun təkcə Suriya-İsrail münasibətlərini deyil, bütövlükdə Yaxın Şərqdəki güc balansını dəyişə bilər.
"Avraam razılaşmaları" isə artıq sadəcə körfəz diplomatiyasının deyil, həm də Şam səmasının, bəlkə də elə bütün dünyanın reallığına çevrilmək üzrədir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.