BAKI, TurkicWorld
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə əvvəlki isti münasibətlərə son qoyaraq, Ukraynanı NATO vasitəsilə silahlandırma planını gündəmə gətirib.
TurkicWorld xəbər verir ki,Tramp bildirib ki, ABŞ Ukraynaya birbaşa deyil, NATO vasitəsilə silah tədarük edəcək və maliyyə yükünü müttəfiqlər paylaşacaq.
ABŞ mediasının məlumatına görə, Tramp bu planı son NATO sammitində təqdim edib. Plan çərçivəsində ABŞ əvvəlcə NATO-ya silah göndərəcək, daha sonra bu silahlar Ukraynaya ötürüləcək. Xüsusilə hava hücumundan müdafiə sistemləri prioritet olacaq, lakin hücum silahlarının da göndərilməsi nəzərdən keçirilir.
Silahlar NATO-ya göndəriləcək, Ukraynaya verilməsi isə NATO-nun qərarı olacaq.” - deyə Tramp NBC-yə verdiyi müsahibədə bildirib. Ağ Ev rəsmiləri də silahların birbaşa deyil, alyans vasitəsilə ötürüləcəyini təsdiqləyib.
NATO baş katibi Mark Rutte isə Tramp ilə görüşdüyünü və Ukraynaya dəstəyin koordinasiyalı şəkildə davam etdirildiyini açıqlayıb. ABŞ dövlət katibi Marko Rubio da Avropa ölkələri ilə "Patriot" hava hücumundan müdafiə sistemlərinin bölüşdürülməsi ilə bağlı aktiv müzakirələrin aparıldığını deyib.
Qeyd edək ki, Tramp administrasiyası əvvəlcə Ukraynaya birbaşa hərbi dəstəyə ehtiyatla yanaşırdı. Lakin bu həftə o, Kiyev hökumətinə hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına dair yeni qərar verib.
Respublikaçı senator Lindsey Graham tərəfindən irəli sürülən yeni sanksiyalar paketi də gündəmdədir. Ağ Ev rəsmiləri Trampın bu paketə diqqətlə yanaşacağını və lazım gələrsə, tətbiq və geriçəkilmə səlahiyyətini dəstəkləyəcəklərini bildirib.
Tramp yaxın günlərdə Rusiya ilə bağlı “əhəmiyyətli açıqlama” verəcəyini də bəyan edib.