EN

Uşaqlıq və gənclikdən səhnələrdə uğurlara bürünüb... FOTO

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aynur xanımla ilk tanışlığımız 15 il əvvələ aiddir. Öz “Əhsən” qrupumla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səsyazma studiyasında Faiq Babayevin rejissorluğu ilə bir-neçə melodiyanı yazırdıq. Nə lazım idisə yazdıq, qrup üzvləri getdi, tamamlama işləri zamanı nağara ifaçısı Heybət Babayevlə mən qaldıq. Bu zaman gənc bir qız operator otağına daxil oldu, ədəb-ərkanla salamlaşaraq bir tərəfdə əyləşdi. Faiqdən soruşduqda ki, bu qız kimdir, müğənnidir-deyə cavab verdi. Gənc xanımdan adını soruşdum, cavab verdi:-Aynur. Ona xeyir-dua verdim. Aynur xanım gördü ki, Heybət və mən yaşlı adamlarıq, sevincək, səmimiyyətlə dilləndi:

-Siz mənim atamı tanıyarsınız, sizin yaşlardadır, pianoçudur, toylarda ionika, sonralar sintezator ifa edib.

-Atanızın adı necədir?

-Akif İsgəndərli.

Bir anlıq düşündüm və yadıma düşdü:

-Hə, tanıdım, əla musiqiçi, həm də səmimi və səviyyəli adamdır. Gənclik illərimizdə toy ifaçısı kimi çalışarkən dəfələrlə bizimlə birlikdə olub, həmişə də çalğısı ilə tamlıq və bütövlük yaradıb.

Heybət müəllim də Akif haqqında xoş sözlərini bildirdi və onun yaxşı sənət yoldaşlığı barədə ürək dolusu fikir söylədi. Söhbət zamanı bu gənc qızın səmimiyyəti, mədəni səviyyəsi, xoş rəftarı onun daxili aləmini və mənəvi saflığını açıb göstərdi.

Akif İsgəndərli A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini, Xalq Konservatoriyasını, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və bütün ömrünü musiqiyə həsr edib.  Ə.Bakıxanov adına ansamblın üzvüdür, Zeynəb Xanlarovanın ansamblında da çalışıb.

Aynur Akif qızı İsgəndərli 1987-ci il avqust ayının 20-də Bakı şəhərində musiqiçi ailəsində anadan olub.  Ana İradə Mirzəağa qızı İsgəndərli fortepiano ixtisası üzrə təhsillidir, əla səsi və yüksək ifaçılıq bacarığı var. O, gücünü, bacarığını və məhəbbətini ailəsinə və övladlara yönəldib. Bu istedadlı xanım sənətə dair arzu-istəklərini qızı Aynurla reallaşdırıb.

Haşiyə: “İradə xanımın atası Mirzağa Ələsgər oğlu Məmmədov (1929-1987) yaxşı muiiçilərdən biri idi. 1 saylı uşaq musiqi məktəbinin fortepiano sinfini bitirmişdi. 16 yaşında A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin klarnet sinfinə qəbul olunmuş və ixtisas üzrə məşhur pedaqoq Qulam Səmədzadədən dərs almışdı.Buranı fərqlənmə diplomi ilə bitirmişdi. Əsgərlik zamanı Ukraynanın Jitomir şəhərində hərbi orkestrin klarnet ifaçı olmuş, tərxis olunub Bakıya gəldikdən sonra simfonik orketrdə çalışmışdı. Budan əlavə o, toyların ən mahir klarnet ifaçılarından biri kimi də məşhurlaşmışdı, sevilən sənətkar idi (Bax. Əhsən Rəhmanlı “Azərbaycanda klarnet ifaçılığı sənəti”. MBM, 2010, səh.246-248).

Akif və İradə xanımın mehriban ailəsində iki qız-Aygün və Aynur böyüyüb. Bu ailənin mənsub olduğu şəcərə əsli-nəcabəti, istedadı, ziyalılığı və mədəniyyətimizə xidmətləri ilə cəmiyyətdə daim seçilib.

Aynurun ilk musiqi müəllimləri valideynləri olub. Onun fikirlərindən: “Üzərimdə atamın zəhməti çoxdur, daim məni müşayiət edir. Sənətdə mənim yol göstərənim, mayakım anamdır. İndiyə qədər də mahnılar üzərində işləyib ortaya çıxarana qədər anam mənimlə çalışır, dəyərli fikirlərini bildirir və həmişə mənə dayaq olur. Anamın tövsiyələri mənim üçün çox önəmlidir. Repertuar seçimimdə də onun xüsusi rolu var”.

Aynur Samir Hacıyev adına 5 saylı ümumtəhsil məktəbi 2005-ci ildə başa vurub. Məktəbi bitirənə qədər o, bu təhsil ocağının bütün tədbirlərində, konsertlərdə vətənimizə həsr olunmuş mahnıları incə, zərif, kövrək səsilə həvəslə oxuyub. Məktəblər arası keçirilən baxış müsabiqələrdə öz doğma məktəbini təmsil edərək oxuyur və hər dəfə birincilik qazanırdı. 5–ci sinifdə məktəb tədbirlərinin birində M.Müşfiqin “Yenə o bağ olaydı” şeirini məntiqli, təsirli və yüksək səviyyədə söyləyərək, bir daha istedadını sübut edib alqışlar qazanıb. 

O, Kövkəb Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinin 7 illik fortepiano sinfini 2006-cı ildə uğurla başa vurub. Burada onun ixtisas müəllimi Rubina xanım olub.

Həmin zaman 5-ci sinfi bitirənə qədər  Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Ələkbər Hüseynovun (uşaqlar üçün Ələkbər əmi, 1961-2007) AzTV-də apardığı “Hər birimiz bir çiçək” adlı verilişlərdə müntəzəm oxuyub. Aynur verilişin ən kiçik ulduzu sayılırdı. Azərbaycanı vəsf edən mahnıları oxuyur və onu fortepianoda Akif İsgəndərli müşayiət edirdi.  

Sonra isə o, bəstəkar Vaqif Gərayzadənin “Şərq ulduzları” vokal-estrada qrupun solisti kimi çıxış edib. Məşqlər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində aparılırdı. Bu qrup televiziyalar, radiolar və səhnələrdə müntəzəm çıxış edir, ifalar disklərə yazılır və yayımlanırdı. A.İsgəndərli “Şərq ulduzları” qrupu ilə 15 yaşa qədər sıx əlaqədə olaraq xeyli irəliləmişdi. Artıq onun ifalarını izləyən xeyli musiqisevərlər və tamaşaçılar vardı. O, həmin estrada-vokal qrupun tərkibində Şəhriyar mədəniyyət mərkəzində, Mahnı Teatrında, Opera və Balet Teatrında çıxış edərək daim uğurlar qazanmışdı.     

Bəstəkar Faiq Sücəddinovun Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə bəstəsi var. Bu əsəri A.İsgəndərli çox gözəl ifa edib və 2002-ci ildə buna klip çəkilərək AzTV, ANS, Space və digər televiziya kanallarında yayımlanıb.

Aynur 2004-cü ildə “Azəri star” televiziya səs yarışmasında üçüncü yeri tutub. Həmin ildə “Musiqili qədəm” adlı albomu işıq üzü görüb. Alboma onun ifasında bəstəkarlarımızın klassik əsərləri daxil edilib, burada çox gözəl ifalar var..

Aynur xanım bəstəkar Nailə Mirməmmədlinin (1961-2021) yaratdığı “Səmavi” qrupunun 2004-2006-cı illərdə solisti kimi fəaliyyət göstərib. O, V. Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupunun 2005-2014-cü illərdə solisti olub. Burada haşiyə çıxaraq deməliyik ki, gənc, istedadlı müğənnilərin, bu sırada Aynur İsgəndərlinin də sənətdə layiqincə yetişib, püxtələşib, inkişaf edib formalaşmasında V.Gərayzadə də xüsusi xidmət göstərib.

Aynur xanımın daha böyük nailiyyətlərindən biri 2005-ci ildə Şanxayda olub. Orada VIII Beynəlxalq Asiya festivalı olduqca möhtəşəm şəkildə keçirilirdi. Həmin zaman A.İsgəndərli gənclərin ən perspektivli nominasiyasını qazanıb. 2015-cı ildə Latviya Respublikasında baş tutan Atlantik Breeze Beynəlxalq vokalçılar festivalının da qalibi olaraq ikinci dərəcəli diplomla təltiflənib. Ona “Best vokal” diplomu verilib və “Asiyanın səsi nominasiyası”nı qazanıb.  

Onun fikirlərindən: “2011-ci ildə Bakı Musiqi Akademiyasında keçirilən master-klaslarda münsiflər heyətinin üzvləri xarici ölkələrdən gəlmişdilər. Burada çıxış edən xeyli gənclər arasından üç nəfər seçildi və biri mən idim. Bizi Finlandiyaya göndərdilər. Savonlinna şəhərindəki Musiqi Akademiyasında 2011-ci ildə 2 ay dərs alaraq master-klass keçdik. Çox sevindirici, məsuliyyətli, maraqlı və şərəfli idi”. 

Aynur İsgəndərli 2012-ci ildə Bakıda vokalçılar arasında keçirilən Bülbül adına müsabiqənin də uğurlu iştirakçılarndan biri olub. Türkiyənin İstanbul şəhərindəki Leyla Gəncər adına vokalçıların Beynəlxalq müsabiqəsində də yüksək nailiyyətlər əldə edib.  

Bu tədbirlərin hər birində onun sərgilədiyi unikal sənət münsiflər heyətini heyrətə gətirmişdi, teleradio əməkdaşları, mətbuat orqanı işçiləri onu əhatəyə alaraq yaxından tanış olmuş və müsahibələr götürüb yayımlamışdılar.    

A.İsgəndərli 2005-2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində solo oxuma-estrada müğənnisi ixtisas üzrə təhsil alıb və Vaqif Gərayzadənin sinfini bitirib.

  Aynur xanım atası Akif bəyin və Vaqif Gərayzadənin tövsiyəsi ilə ustad xanəndə, əməkdar müəllim Qəzənfər Abbasovdan dərs alaraq muğam janrının da sirlərini öyrənib. Bu, Aynur xanıma ondan ötrü lazımdır ki, o, oxuduğu milli vokal əsərlərinin ifasında muğama xas səs işlətmələrinə yer verərək zil oktavalarda sərbəst xırdalıqlar, boğazlar, incə nəfəslər, bər-bəzəklər, melizmlər işlədib hər mahnıya gözəlliklər və təsir gücü qataraq milli üslubu təqdim edə bilir. Həqiqətən bu yol, bu üslub, belə qayda onun ifasında öz yerini almaqda və gözəl səslənməkdədir. Əlbəttə, afərin, səd afərin!

Aynur İsgəndərli ikinci təhsili Bakı Musiqi Akademiyasının II kursuna qəbul olunaraq opera müğənnisi ixtisası üzrə təhsil alıb və buranı 2013-cü ildə bitirib. İxtisas müəllimi Hüseyn Əliyev olub. Aktyor sənətindən isə kursu Şəfiqə Məmmədova aparıb. Burada bir məsələyə də toxunaq, bu ondan ibarət idi ki, bəstəkar Oqtay Rəcəbov Aynur xanımla yaradıcılıq əlaqələrində idi. Müğənni onun əksər mahnılarını oxuyub və hamısı Azərbaycan radiosunun fonduna yazılıb. Həmin bəstəkarın mahnılarını oxuması Aynur xanımın karyerasının yüksəlməsində mühüm rol oynayıb. Bəstəkar səs və simli alətlər orkestri üçün yazdığı 15 dəqiqəlik bir əsərini də Aynur İsgəndərli ilə hazırlayırdı. Bəstəkar Aynur xanımın səs diapazonu və ifa imkanlarını nəzərə alaraq bu əsəri bəstələmişdi, O, iş daha uğurlu, sanballı olsun deyə Aynurla Hüseyn müəllimi tanış edir. Məqsəd bu idi ki, H.Əliyev Aynur xanımla məşqlər apararaq onu həmin əsər üçün hazırlasın. Hüseyn müəllim Aynurun səsinin dəyərini, qeyri-adi, həm də geniş diapazonlu olduğunu bildirir və xanımın mütləq BMA-da təhsil almasını tövsiyə edir.

Haşiyə: “O.Rəcəbovun həmin əsəri simfonik orkestrin müşayiətilə Aynurun ifasında bəstəkarın Dövlət Filarmoniyasında keçirilən 75 illik yubileyində təqdim olunub və böyük maraq oyadıb. O.Rəcəbov ömrünün sonlarında “Atatürk” operası üzərində işləyirdi. Atatürkün qızı obrazında Aynur xanımı görmək istəyirdi. Lakin amansız əcəl bəstəkara bu işi sona yetirməyə imkan vermədi”.

Aynur xanımın dediklərindən: “Çox istəyirdim, böyük arzum idi ki, Atatürkün anası rolunda çıxış edim. Lakin qismət olmadı”.  

A.İsgəndərli BMA-da təhsil alarkən bir sıra operalarda obrazlar da yaradıb. Nümunə kimi qeyd edək: “Traviata” (C.Verdi), Lakme (Leo Delit), Gecə şahzadəsi (Motsart), Gülçöhrə (Ü.Hacıbəyli “Arşın mal alan”),  “Sevil” (F.Əmirov). Aynur xanım bu rolları BMA-nın opera studiyasında oynayıb. O, həmin studiyanın solisti də olub.    

Özünə qarşı çox tələbkar olan A.İsgəndərli təhsilini daha da artırıb və 2015-2017-ci illərdə ADMİU-da magistratura üzrə oxuyub. Müdafiə mövzusu “Azərbaycan vokal məktəbinin inkişafında Bülbülün rolu” idi.

Bu yorulmaz xanımın həvəsinə, gücünə, məsuliyyətinə baxın. O, 2019-cu ildə BMA-a doktorantlıq üzrə daxil olub. Belə elmi mövzu üzərində işləyir: “Azərbaycan vokal sənətinin inkişafında Firəngiz Əhmədovanın rolu”. Elmi rəhbəri Nuridə İsmayılzadədir.

Aynur İsgəndərli sıradan bir müğənni deyil, dövlət sənətçisidir. Çalışqan, hünərvər, zəhmətdən yorulmayan, öz sənətindən böyük zövq alaraq pərvazlanan bu xanım 2013-cü ildən 2020-ci ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin solisti olub. 2013-cü ildən R.Behbudov adına Dövlət Mahnı Teatrının, 2014-cü ildən Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti kimi çalışmaqda, səsini, nəfəsini, bir-birindən gözəl nəğməsini insanlara bəxş etməkdə və musiqisevərlərə zövq aşılamaqdadır.. 

A.İsgəndərli illərdir ki, Azərbaycan tele-radiosu ilə geniş yaradıcılıq əlaqəsindədir. Radio fondunda onun 40-dan artıq ifaları qorunur və səsləndirilir. AzTV-də onun oxuduğu mahnıların çəkilişləri qorunmaqda və yayımlanmaqdadır. O, S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin, “Dan ulduzu” və digər ansamblların, estrada-simfonik orkestrin müşayiətilə oxuyub. Müxtəlif səslənməyə malik bədii kollektivlərlə birgə çalışmaq özü də böyük məsuliyyət və məharət tələb edir.

Aynur İsgəndərli böyük istedad, yüksək sənət eşqi, məlahətli, dəyərli, tutumlu səsi ilə seçilən və sevilən bir müğənni kimi göz önündədir. Onun səsi koleratura soprano olaraq diapazonu dörd oktavadır. Aşağı registrdə onun sinə səsindən ustalıqla istifadəsi də sənət xüsusiyyətlərinə dəlalət edir.

Uca Allah ona qənirsiz gözəllik, səhnə görünüşü bəxş edib. Adını da doğruldur. Ayın nuru daim üzündə, çöhrəsində təcəlla edir, Ayın nuru pak, təmiz qəlbini işıqlandırır.

O, yüksək təhsil gördüyü üçün səsdən bacarıqla istifadəni çox yaxşı bilir və əla səhnə mədəniyətinə malikdir. Bu savadlı, kamil bilikli, elmli müğənninin yüksək mədəniyyəti və kübarlığı hər an sənətində özünü biruzə verir.       

Bəli, bu xüsusiyyətləri onun ifa etdiyi mahnılarda cilalanaraq formalaşmış halda zəngin repertuarında daim özünü təsdiq edir. Artıq çoxdandır ki, vokal sənətində o da bir nümunədir. Yüksək mədəniyyəti, əxlaqı, insani münasibətləri, sənətinə dərin sevgisi, məsuliyyətlə yanaşması, özünü, sözünü bilməsi, daim öz işi üzərində işləməsi onu sənət aləmində yüksəldərək geniş və çoxsaylı tamaşaçı auditoriyasına sevdirməkdədir. 

Hə, bu tam doğrudur, Aynur xanım sevilən populyar müğənnilərin sırasında boy verib ucalaraq sənət dünyasında və cəmiyyətdə halal sevgisini qazanmaqdadlr. Onun sənət fəaliyyəti adi, sadə deyil, həddən artıq zəngin və çoxşaxəlidir. O, uşaqlıqdan və gənclikdən indiyə qədər səhnələrdə, səsini milyonlarla tamaşaçılara ərməğan etməkdədir. Əziz oxucular, bu məqaləni diqqətlə oxusanız fikrimizin doğruluğunu müşahidə edəcəksiniz.

Aynur xanımın repertuarında Tofiq Quliyev, Cahangir Cahangirov, Şəfiqə Axundova, Ələkbər Tağıyev, Elza İbrahimova, Oqtay Rəcəbov, Tahir Əkbər, Eldar Həsənov, Novruz Aslan, Dilşad Əliyeva və başqalarının mahnıları özünə yer tutur. O, dövlət tədbirlərində vətənpərvər ruhlu mahnılara da yer ayırır. Onu dinləyirəm: “Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəylinin bəstələdiyi çox məşhur “Çırpınırdı Qara dəniz” adlı mahnı mənim daimi repertuarımda olaraq xüsusi önəm daşıyır. Xarici ölkələrə qastrol səfərlərimdə bu əsəri mütləq mənada və böyük məhəbbətlə oxuyuram”. 

İllərdir ki, Aynur İsgəndərlinin H.Əliyev sarayında xalq şairlərinin, görkəmli bəstəkarların yaradıcılıq gecələri ilə bağlı keçirilən konsertlərdə müxtəlif müğənnilərlə yanaşı Aynur İsgəndərlinin də gözəl, bizə çox doğma səsini eşidir və oxuduğu bir-birindən uğurlu mahnıları dinləyərək dərin zövq alırıq. O, hər dəfə “Dan ulduzu” və ya digər yaradıcı musiqi kollektivlərinin müşayiətilə canlı ifalara yer verir. Səsi həmişə yaxşı işləyir, formada olur, təqdim etdiyi hər bir mahnını zilli, bəmli, aydın, dolğun şəkildə və yüksək peşəkarlıq nümayiş etdirərək tamaşaçılara bəxş edir. Onun səsi həqiqətən də nadir səslərdəndir. Səs diapozonu geniş olan bu müğənni səhnəyə arxayın çıxır və hər dəfə əsl sənət sərgiləyərək alqışlar qazanır.

Aynur xanımın genində musiqi istedadının güclü olması təsadüfi deyil. Yazının əvvəlində onun şəcərə xəttində sənət adamlarının olmasını qeyd etmişik. Ata babası Kamal İsgəndərov (1927-2002) Akademik Opera və Balet Teatrında rejissor olaraq zəngin yaradıcılıq yolu keçib. Ulu babası, Azərbaycan SSR-in əməkdar artisti (1940) Qulam İsgəndərov (1901-1975) adını qeyd etdiyimiz teatrın 1930-cu ildən solisti kimi çalışıb, milli operalar və operettalarda da bir-birindən uğurlu obrazlar yaradıb. Nümunə olaraq göstəririk: “Leyli və Məcnun”da Məcnunun atası, “Şah İsmayıl”da Rəmmal, “Əsli və Kərəm”də şah, “Arşın mal alan”da Vəli, “Koroğlu”da Təlxək, “Sevil”də Atakişi, “Durna”da Dursun. Qulam İsgəndərov operalarda Bülbül ilə birlikdə də çıxış edib.

Qulamın atası Məşədi Kazım İsgəndərov mışhur xanəndə idi. O, muğamları dərindən bilərək oxuyardı. Yazıçı Ə.Haqverdiyevin 1902-ci ildə Bakıda H.Z.Tağıyevin teatr binasında təşkil etdiyi ilk Şərq konsertlərində Seyid Mirbabayev (1867-1953), Cabbar Qarayağdıoğlu (1861-1944) və Kazım İsgəndərov da oxumuşdu. O, az yaşayıb, 1914-cü ildə dünyasını dəyişib.

Ailənin böyük qızı barədə də məlumat verək. Aygün İsgəndərli 1983-cü il mayın 14-də dünyaya gəlib. 5 saylı ümumtəhsil məktəbi bitirib. Lap kiçik yaşlardan istedadı üzə çıxıb, rəqs, edib, şənlənib, oxuyub. Bacısı Aynurla Ələkbər əminin verilişlərində müntəzəm çıxış edib. Onun əla və diapazonlu səsi var. Ata-ana onun musiqi tərbiyəsi ilə ciddi məşğul olub. Xarici Dillər Universitetini ingilis dili ixtisası üzrə əla qiymətlərlə bitirib. Xarici ölkədə inter dizayner ixtisası üzrə təhsil alıb. 2023-cü ildə Rəssamlıq Akademiyasına qəbul olunub. Hazırda II kursdadır. Bir-birindən maraqlı əsərləri mütəxəssislərin diqqətini cəlb etməkdədir. Yaratdığı rəsmləri dəfələrlə sərgilərdə nümaiş etdirilib. 

Aynur İsgəndərli istər ata, istərsə də ana tərəfdən istedadlı insanların, musiqi xadimlərinin nəsil davamçısıdır. Göründüyü kimi o, öz şəcərə xəttinin layiqli davamçısı kimi sənətdə özünə geniş yol açaraq irəliləməkdə və daim inkişafdadır. Maşallah, təki həmişə belə oslun. Görək, bilək, agah olaraq sevinək. Onun elmi müdafiəsini səbrsizliklə gözləyirik. Uğurlar !

Əhsən RƏHMANLI

Tədqiqatçı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
hurriyyet.az

2Sources