EN

150 illiyin ƏN BÖYÜK mükafatı: Həsən bəy sağ olsaydı, “Əkinçi”də nələr yazardı?..

Böyük Ustadımız və ədibimiz Həsən bəy Zərdabi “Əkinçi”nin əsasını qoyanda şübhəsiz ki, çox sevinmişdi, həm də Azərbaycan adına. 1875-ci ildə min illərdir keşməkeşli yollar qət edən millətin varlığını, imzasının imzalar içində olmasını əks etdirən daha bir ilkə imza atarkən Milli Mətbuatımızın bünövrəsini qoyarkən həm də kədər dəryasına qərq olduğu da şübhəsizdir.

Onun əkdiklərini – yazdıqlarını oxuyan neçə nəfər olacaq, sualı ətrafında düşüncələr içərisində...Qaranlığı yarmaq istiqamətində cəsarətli addımını atan və 1877-ci ilədək ümumilikdə 56 sayını nəşr etdirdiyi, ayda iki dəfə, 300-400 tirajla yayımlamağa fürsət tapdığı “Əkinçi”mizi qaranlıqları yaran ümid işığı kimi tarixin şərəfli guşəsinə həkk edə bildi unudulmaz düha...

1812-ci ilin 12 iyulunda anadan olan böyük dramaturqumuz Mirzə Fətəli Axundovun da Həsən bəy Zərdabiyə dəstəyini və məsləhətlərini unutmaq olmaz. Həmçinin Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və digərlərinin də...

Amma o zaman Azərbaycanın Çar Rusiyasının əsarəti altında olması acı gerçəklik idi, bu, mütəfəkkirlərimizin, aydınlarımızın da millətimizin gözünü açmağa yönəlik fəaliyyətinə əngəllərdən idi.

Bəzən Azərbaycanın İran və Rusiya arasında iki böyük müharibə nəticəsində bölüşdürülməsinin nəticəsi olaraq şimal hissəsində məktəblərin açılması, təhsil, mədəniyyət və digər sahələrdə addımların açılmasını şimal qonşumuzun “hədiyyəsi” kimi təqdim edənlər də olur. Paralel şəkildə Cənubi Azərbaycanda hələ indiyədək ana dilində təhsilin hətta İran prezidenti, milliyyətcə türk olan Məsud Pezeşkianın etiraf etdiyi kimi, əlçatmaz olduğu xatırladılır.

Amma kimsə demir ki, Azərbaycan uğrunda böyük müharibələr olmasaydı, torpaqlarımız tikə-para edilməsəydi, xalqımızın ixtiyarı öz əlində olsaydı, vəziyyətimiz necə olardı... Fakt budur ki, Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra belə, çap mətbuatının qeydə alınması və fəaliyyəti müşkül məsələ idi. Məhz buna görə də qəzet çıxarmaq fikrinə 1868-ci ildə düşən Həsən bəy Zərdabi çar idarələrindəki süründürməçilikdən, hərc-mərclikdən “Əkinçi”ni yalnız 7 il sonra nəşr etdirə bildi. Çar Rusiyasının Qafqazda da tətbiq etdiyi hökmranlıq siyasəti, qubernatorların qəzəbli nəzərləri fonunda maarifçilik fikirlərini əkinçi-biçinçinin dili ilə, ehtiyatlı şəkildə ictimailəşdirən Həsən bəyin ürəyində niskilli hadisələr də az deyildi...Məsələn, Xankəndidəki Çar qarnizonu ilə bağlı... Həmin qarnizonun yerləşdirilməsindən sonra Xanın bağ evinə rusların, ermənilərin köçü təşkil olunmağa başlamışdı, sonrakı, 200 ilədək davam edən hadisələr məlum...

Günlər sürətlə keçir. Özü də dopdolu hadisələrlə zəngin...Həsən bəyin və müasirlərinin tamarzı qaldığı xoş xəbərlərlə dolu ömür yaşayırıq 5 ildir, çox şükürlər olsun. 11 gündən sonra, 22 iyulda Həsən bəy Zərdabinin təməlini qoyduğu o mübarək hadisənin 150-ci yubiley tarixini qeyd edəcəyik.

Bu ilin aprelində Azərbaycan Respublikası Prezidenti milli mətbuatımıza, onun keçdiyi şərəfli yola, müasir jurnalistikamıza böyük diqqət göstərdiyini, hər zamankı kimi həssas yanaşdığını növbəti dəfə təsdiqləyərək Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı.

Sərəncamda qeyd olunduğu kimi, 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb.

“Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”, - Prezident Sərəncamında “Əkinçi”yə böyük qiymət verilir.

“Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlərin dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirdiyini, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynadığını da dövlət başçımız xüsusi vurğulayıb. Eyni zamanda keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdığı, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyduğu da qeyd olunub.

Prezidentin imzaladığı Sərəncamda mətbuat nümayəndələri qarşısında yeni vəzifələr qoyulub. Xüsusilə də “media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”, tövsiyəsi çağdaş dövrümüzün media təmsilçilərinin masaüstü yaddaş kitabçasında özəl yerə sahib olan qızıl kəlmələrdir.

Prezidentin milli mətbuatımızın 150 illiyinə dair Sərəncamında Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanması və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa etdiyini xatırlatması mühüm məqamdır. Bəli, Qərhəman Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, şəhid və qazilərimizin qanı, canı bahasına əldə olunan Böyük Zəfərimiz, ərazi bütövlüyümüzün tam bərpası 150 illik Azərbaycan milli mətbuatına ən böyük yubiley hədiyyəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev hələ illər öncə, mətbuat nümayəndələri ilə görüşərkən bildirmişdi ki, jurnalistlər mənim köməkçilərimdir. Bu, obyektiv, peşəkar, məsuliyyətli media mənsublarına böyük etimad idi. Eyni zamanda dövlət başçımız mətbuat təmsilçiləri qarşısında ləyaqətli fəaliyyət və xidmətlə bağlı tövsiyələrini də vermişdi. Bütün bu tövsiyələr həm də Azərbaycan xalqı və dövləti naminə irəli sürülmüşdü. Necə ki, Vətən müharibəsində biz jurnalistlər Azərbaycan Prezidentindən çox şeylər öyrəndik, onun 44 gün ərzində öncə cəbhədəki savaşa Ali Baş Komandan olaraq rəhbərlik etdiyi şəraitdə həm də düşmənin media, diplomatiya sahəsində müharibəsinə də tutarlı arqumentlərlə, öldürücü zərbələrlə cavab verdiyini fəxarətlə izlədik.

Dövlət başçımız imzaladığı Sərəncamda Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasını, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etməsini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməsini tapşırıb.

Artıq bir neçə aydır yubiley tədbirlərinə start verilib və qarşıda digər tərdbirlər də keçiriləcək. Eyni zamanda Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan media mənsublarının mükafatlandırılacağı da gözləntilər arasındadır. Amma ən böyük mükafatı artıq cənab Prezident nəinki media təmsilçilərinə, bütövlükdə xalqa təqdim edib, Şuşada, Xankəndidə, Xocalıda...Azərbaycan bayrağını ucaltmaqla, torpaqlarımızda 200 ilə yaxındır kök salmış separatizmin kökünü kəsməklə, hətta Ermənistan rəhbərliyinə də “Qarabağ Azərbaycandır” dedirtməklə! 5 il öncənin bu günlərində Ermənistan Tovuz istiqamətindən yeni ərazilər işğal etməyə cəhd göstərmişdi. İlham Əliyevin Baş Komandanı olduğu Ordumuz düşmənə və vadarlarına elə bir od qoydu ki! Bakıya tanklarla gəlmək istəyənlərin tankları Xəzər sahilindəki Qənimətlər Parkındadır, bizi təhdid edən separatçılar Bakıda mühakimə edilir!

Qürurverici olan odur ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyi Vətən müharibəsinin 5-ci yubiley ilinə təsadüf edir, Azərbaycan özünün ərazi bütövlüyünü tamamilə təmin edib və 2025-ci il həm də Prezidentin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” olaraq tarixə həkk olunacaq!

Azərbaycan mediası artıq 5 ildir zəfər xəbərlərini, qələbə reportajlarını yazır, Prezident İlham Əliyevin bütün dünyanı mat qoyan uğurlu siyasətinin məntiqi nəticəsi olaraq qazandığımız tarixi nəticələrdən bəhs edir. Dünyanın ayrı-ayrı ölkələrinin rəhbərləri Azərbaycan xalqına həsəd apardıqlarını etiraf edirlər, belə qətiyyətli, prinsipial, milli və dövlət maraqlarını fəaliyyətində daim prioritet sayaraq, zərrə qədər də güzəştə getməyən dövlət başçımızın olmasına görə!

Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafı naminə bir çox tarixi addımlar atıb, qərarlar verib, media təmsilçilərinin maddi vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması üçün nümunə sayılan sərəncamlar imzalayıb, Dövlətimiz jurnalistlərin bir qismi üçün şəhərcik tikib... Amma Azərbaycan milli mətbuatına ən böyük yubiley hədiyyəsi Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, böyük Zəfərimiz oldu! On illər boyunca Qarabağın işğalından yazan, ürəkparçalayan xəbərləri tirajlamağa vadar olan, bəzən də ümidsizləşən biz jurnalistlərə ZƏFƏR müjdələrini hədiyyə edən, bununla da hər birimizin üzünü güldürən cənab Prezident oldu.

Qarabağı, Şərqi Zəngəzuru kəndbəkənd, rayonbarayon azad edən ordunun Baş Komandanı bu gün şəhərlər salır, Ağdama sürət qatarı işləyir, Xankəndiyə dəmir yolu bərpa olunur, Laçında, Şuşada kanat xətlərin çəkilişinə hazırlıq gedir...50 min nəfər öz evinə qayıdıb!

Murovun bağrını dələrək Kəlbəcərə 12 km-lik tunel açmışıq! Ermənistanla sərhədi dəqiqləşdiririk! Qarabağdan, Şərqi Zəngəzurdan hər gün gözəl müjdələr almağın özü media üçün mükafatdır. 130, 140 illiyimizdə bunları arzulaya bilərdik, bu gün reallıqdır! Ömrü boyu ürəyindən Azərbaycana görə qara qanlar axan, Azərbaycan dövlətinin yaranmasını belə görə bilməyən, 1907-ci ildə əbədiyyətə qovuşan Həsən bəy Zərdabi sağ olsaydı, “Əkinçi”nin manşetindən Qarabağ zəfərlərini təqdim edib, Zəfərin Baş Memarına şəxsən təşəkkür edərdi, buna əminəm! Hələ qarşıda Qərbi Azərbaycandan olan əzizlərimizin həsrətinin bitəcəyi gözəl günlər var, inşallah!

“Konstitusiya və Suverenlik İli”ndə azad Qarabağda reallaşan tədbirlərin özü hər bir Azərbaycan vətəndaşının, eləcə də media mənsublarının ürəyini iftixarla doldurdu. Laçında Beynəlxalq Hava Limanının açılışı, dost-qardaş ölkələrin liderlərinin iştirakı ilə keçirilən tarixi tədbir, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü...Həsən bəy Zərdabinin zamanında Çar Rusiyasının əsgərlərinin at oynatdığı Xankəndidə bu gün, Prezident İlham Əliyevin xalqımıza qazandırdığı misilsiz qələbələr nəticəsində gənclərimiz xoşbəxt yaşayır, Qarabağ Universitetində təhsil alırlar! Bunun özü də xalqımızın hər bir üzvünə, həmçinin biz jurnalistlərə böyük mükafatdır!

Yubeliyimiz, zəfərlərimiz mübarək olsun! Uca Yaradan Dövlətimizi, Xalqımızı, tariximizin şərəfli səhifələrinin müəllifi olan, 200 ildə mümkün olmayanları reallaşdıran, tarix yazan və milli mətbuatın da üzünü zəfərlərimizlə güldürən Liderimizi qorusun!

Elşad Paşasoy

Chosen
15
5
yeniazerbaycan.com

6Sources