EN

Ekspert: "Sürətlə hərəkət edən skuterlər piyadalarda beyin zədələrinə səbəb ola bilər"

Bakı şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb. Tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

Nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə, skuter, moped və velosipedlər xüsusilə piyada zonalarında düzgün istifadə edilmədikdə piyadalar üçün ciddi təhlükələr yarada bilər:

“Bu nəqliyyat vasitələrinin sürətli və səssiz hərəkəti onları ətrafdakılar üçün çətin sezilən edir və qəfil toqquşma riskini artırır. Səssiz hərəkət etdiklərinə görə, uşaq, yaşlı və ya diqqətsiz piyadalar skuter və velosipedləri zamanında hiss etmir. Sürətli və məsafəyə nəzarətsiz sürücülər piyada yollarında qəfil toqquşmalara səbəb ola bilər. Xüsusilə piyada səkilərində və park zonalarında yüksək sürətlə hərəkət edən skuterlər piyadalarda ayaq, qol və baş travmalarına, hətta beyin zədələrinə səbəb ola bilər. Kiçik uşaqlar və yaşlı insanlar reaksiya verməkdə gecikdikləri üçün bu vasitələrlə toqquşma zamanı ağır fəsadlar yaşanır. Skuter və mopedlərin piyada yollarında sürülməsi nizamı pozur, insanlar üçün gediş-gəlişi çətinləşdirir və sosial narahatlıq yaradır. Bu vasitələri sürənlərin çoxu dəbilqə, reflektor və digər təhlükəsizlik vasitələri istifadə etmədikdə, qəza zamanı həm özləri, həm də ətrafdakı piyadalar daha ağır zədələr ala bilər”.

Leyla Turan 
Demokrat.az
Chosen
38
1
demokrat.az

2Sources