“Nəqliyyat vasitələrini idarə edən sürücülərimizə tövsiyyə edərdim ki, avtomobillərində odsöndürən balonlar saxlasınlar. Texniki baxış zamanı kimdənsə borc alırıq, maşında görsədirik və daha sonra onu sahibinə qaytarırıq. Bu balon mahiyyət etibarı ilə böyük məbləğdə satılmır. Hazırda yay ayıdır, hər an yanğın baş verə bilər. Bu bizim özümüzə lazımdır. Deyək ki, nəqliyyat vasitəsində ilkin yanğın zamanı müdaxilə etmək üçün bir vasitədir. Həm də yolla getdiyimiz ərazidəki yanğını söndürə bilərik. Yol Patrul Xidməti inspektorlarına tövsiyyə olaraq deyə bilərik ki, hansısa reyd zamanı odsöndürən balonların yoxlanılmasına da nəzarət etsinlər. Bu sürücünün özündən başqa heç kimə lazım deyil”.
Bunu Moderator.az-a açıqlamasında Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev deyib.
O daha sonra bildirib ki, avtomobildə təhlükə qaçılmazdır:
“Ümumiyyətlə alışma, yanma prosesi köhnə maşınlarda daha çox olur. Bu da orada naqillərin çürüməsi, düzgün izolyasiya olunmaması səbəbilə baş verir. Bir də deyək ki, əlavə avtomobilə lupa dediyimiz faraların quraşdırılması yanğına səbəb ola bilər. Orada da eletrik düzgün tənzimləmədiyinə görə yanğına gətirib çıxara bilər. Təcrübədə biz müşahidə etmişik ki, maşın alışıb yanıb, nə sürücü, nə də sərnişin avtomobili tərk edə bilib. Nəticədə bədbəxt hadisə baş verib. Ümumiyyətlə bu kimi əlavə quraşdırıcılardan çalışaq istifadə etməyək. Avtomobilin kabelləşməsini daha peşəkar ustalara etibar etmək lazımdır. O cümlədən də odsöndürən balonlar avtomobildə mütəmadi saxlanılmalıdır”.
