EN

Kasıblara “toy tutan” toylar – Varlılarla ayaq uzadanlar cərcənək olur

Bu məsələ öz ölkəmizdə də aktualdır, ancaq dünən Özbəkistan mediasında dərc olunan sorğu nəticələri göstərir ki, orada da insanlar eyni problemin içindədir.

Heç demə, özbəklərin yarıdan çoxu toylara ailənin illik gəliri ilə müqayisə olunan məbləğdə pul xərcləyir və hər dörd adamdan biri toy etmək üçün borc pul alır.

“Yüksəliş” adlanan sorğu mərkəzinin respondentləri bildiriblər ki, toyların sadələşdirilməsinin, xərclərinin azaldılmasının tərəfdarıdırlar.

Söz yox, sovet dövründəki “komsomol toyları” bərpa olunmayacaq, amma insanları böyük ölçüdə maddi  problemlərə düçar edən, banklara və sələmçilərə borclu edən bu “bəhsəbəhs ənənəsi”nə son qoyulmalıdır.
Bəlkə də müasir gənclərin çoxu “komsomol toyları”nın nə olduğunu bilmir. Bu, SSRİ dönəmində eyni kollektivdə işləyən və əsasən valideynləri olmayan, yaxud uzaqlarda yaşayan kasıb valideynlərin övladları olan gənclərin sadə bir ziyafət məclisi ilə ailə qurması idi.

Ölkəmizdə bu cür toylar az-az təşkil olunsa da, ucsuz-bucaqsız Rusiyanı,n demək olar ki, bütün şəhərlərində, o cümlədən Moskva və Leninqradda belə toylar olurdu: sevgili gənclər, obrazlı desək, “üç manat pul, bir kəllə qənd, bir molla” (Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının replikası) prinsipi ilə evlənirdilər. Mollanı VVAQ şöbəsinin müdiri əvəz edir, gənlclərə nikah şəhadətnaməsi verirdi, 30-40 nəfərin toplaşdığı ziyafətdən sonra yeni evlənənlər ailəvi yataqxanaya köçürdülər.

İndiki imkansız gənclər kredit götürüb təmtəraqlı toy edir, ya ipoteka ilə alınmış evə daşınır, ya da bahalı mənzil kirayələyirlər və 20-30 il boyunca kredit ödəyirlər. İnsan həyatı nə qədərdir ki? Kredit bağlanıb bitəndə ömür də bitir.

Özbəkistanda ümumi mənası “nədən ayağınızı yorğanınıza görə uzatmırsınız” olan suala cavab verən respondentlər bildiriblər ki, ifrat xərclərin əsas səbəbi cəmiyyətin təzyiqi və toy edənlərin başqaları qarşısında “özlərini göstərmək” istəmələridir. Hər kəs özünü malik olduğundan daha təminatlı, daha varlı göstərmək istəyir. Bunu daha çox ailə quran gənclər (31 faiz) və valideynlər istəyir (29 faiz).

Bu, bizə də tanış mənzərədir. İllərdir ölkəmizdə “kim daha təmtəraqlı toy edər” yarışması gedir. Varlı ailələr üçün problem yoxdur, onlar şəhərdə və rayonlardakı villaları, lüks avtomobillərdən ibarət qarajları, bahalı aksessuarları ilə permanent yarışdadırlar. Amma maddi imkanları limitli olan şəxslər onlarla ayaq uzadanda cərcənək olurlar. Varlı ailənin oğlu gəlinə 10 min manatdan başlayan gəlinlik ala bilirsə, adi adamlar o qədər pulu banklardan götürürlər və onun on min dərdi, xərclənəsi yeri olur.

Maraqlıdır ki, ölkənin ən tanınmış, ən varlı ailələri bəzən 150 nəfərlik toy keçirdiyi halda aşağı ranqdan olan vəzifə adamları toylarına 500 nəfərdən artıq qonaq dəvət edir, ətrafa özünü təminatlı biri kimi göstərməyə çalışırlar.

Belə təmtərağın ömrü bir gündür. Ertəsi gün qonaqlar toyda hansı bahalı delikateslərdən daddıqlarını, necə bahalı içki içdiklərini, toyda hansı məşhur müğənnilərin oxuduğunu unudurlar.

Məsələn, ötən il oğlunun toyuna 2 milyard dollardan çox vəsait, 5-6 ay vaxt (silsiləvi toy şənlikləri davam edirdi) sərf edən, dünyadakı ən məşhur adamların toyda iştirakına nail olan hindistanlı milyarderin adı kimin yadındadır? (Oxucuların 90 faizi bunu öyrənmək üçün Google-də axtarış verməli olacaq).

Bu, elə məsələdir ki, bunu inzibati resurslarla həll etmək mümkün, bəlkə də düzgün deyil. Ancaq müsbət örnəklər göstərməklə müəyyən nəticələr əldə etmək olar. Məsələn, varlı adamlar ailə səadətinin heç də təmtəraqlı toy təşkil etməkdə, varidat sərgiləməkdə olmadığını dərk edərək övladılarınin toyunu müəyyən təvazö çərçivəsində keçirsələr, bəlkə də yeni dəb yaranar.

Onu da qeyd edək ki, dünyanın ən varlı ölkələrinin milyarder və milyonçularının çoxu təmtəraqlı toy etmirlər. Təbii ki, belə edənlər də olur və dünya mediası onlardan bəhs edir.

Varlıların özlərini necə aparmasından asılı olmayaraq, maddi imkanları bir yerə qədər olan şəxslər özlərini bir günlük təmtəraq üçün sıxıntıya salmamalı, israfçılıq etməməli, əllərindəki pulu, borca götürdükləri vəsaiti səmərəli xərcləməlidirlər.

Parisin bahalı restoranında bir dəfə 1500 dollarlıq şam yeməyi yeyib, sonra bir həftə boyunca ac oturmaq ağıllı hərəkət sayılmaz.

 

Chosen
22
14
musavat.com

10Sources