EN

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

Bu baxımdan Əbu-Dabi görüşü çox faydalı və səmərəli oldu

Cənubi Qafqazın lideri Azərbaycan regionun inkişaf tarixinin yeni mərhələsini formalaşdırır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmiz bölgədə yeni reallıqların müəllifidir. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, dövlətimizin əsas məqsəd və hədəfi regionu sülh və əməkdaşlıq məkanına çevirməkdir. Bu baxımdan, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü müəyyən perspektivlər vəd edir. 

Deputat bildirib ki, liderlərin görüşünün konstruktiv ruhda keçməsi regionda sülhün əldə olunması və kommunikasiyaların açılması yönündə proseslərin sürətlənəcəyinə ümidləri artırır. Görüşün nəticələrinə dair verilən rəsmi məlumata görə, görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. "Əbu-Dabi görüşündə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ümid edirik ki, bu görüş sülh üçün konkret nəticələr verəcək", - deyə o bildirib.

S.Fətəliyeva qeyd edib ki, ikitərəfli görüşlərdə tərəflər sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri daha da nəticəyə istiqamətlənmiş şəkildə müzakirə etmək imkanı qazanırlar. Təsadüfi deyil ki, indiyədək əldə olunan razılaşmalar ikitərəfli görüşlərin sayəsində baş verib. 2023-cü ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, İrəvanın Bakının COP29-a evsahibliyini dəstəkləməsi, ötən ilin aprelində Qazaxın 4 kəndinin qaytarılması, dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya olunması da bunun göstəricisidir.

Azərbaycanın mövqeyinin konstruktiv olduğunu deyən deputat vurğulayıb ki, dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır: "Azərbaycan bu məsələdə hər zaman özünün lider mövqeyini ortaya qoyur. Ermənistanın indiyədək öz havadarlarının təhriki ilə regionu fərqli məcraya yönəltmək cəhdləri fiaskoya uğrayıb. Qalib və güclü Azərbaycan dövləti bütün təxribatların qarşısını alıb. Bütün bunların fonunda İrəvan üçüncü qüvvələrin hansısa vədlərinə güvənməməlidir. Paşinyan hakimiyyəti anlamalıdır ki, Ermənistanın gələcəyi Azərbaycanla münasibətlərin bərpasından asılıdır. Bu baxımdan düşünürəm ki, Əbu-Dabi görüşü çox faydalı və səmərəlidir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources