EN

"Moody’s" SOCAR-ın reytinqini investisiya səviyyəsinə yüksəldib

"Moody’s" socar-ın reytinqini investisiya səviyyəsinə yüksəldib

“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Dövlət Neft Şirkəti (SOCAR) üçün uzunmüddətli emitent reytinqini “Baa3” səviyyəsində müəyyən edərək, şirkətin reytinqini spekulyativ səviyyədən investisiya səviyyəsinə qaldırıb.

"APA-Economics" xəbər verir ki, agentlik “Ba1” səviyyəsində olan əvvəlki korporativ ailə reytinqi və “Ba1-PD” defolt ehtimalı reytinqi ləğv olunub. SOCAR-ın baza göstəricisi (BCA) “ba2” səviyyəsində təsdiqlənib. Reytinq üzrə proqnoz isə “müsbət”dən “sabit”ə dəyişdirilib.

Qeyd olunan reytinq artımı Azərbaycanın suveren reytinqinin “Baa3” səviyyəsinə yüksəldilməsi ilə (4 iyul 2025) uzlaşdırılır və SOCAR-ın dövlətlə sıx maliyyə əlaqələrini, ölkə iqtisadiyyatında strateji əhəmiyyətini və makroiqtisadi mühitdəki yaxşılaşmanı əks etdirir.

“Moody’s” qeyd edir ki, zəif neft-qaz bazarına baxmayaraq, SOCAR son illərdə maliyyə intizamını və səhmdar qərarlarında dayanıqlılığını artırıb. Şirkətin 2023-cü ildə Moody’s-ə əsasən tənzimlənmiş faizsiz əməliyyat gəlirliliyi 9,1%, 2024-cü ildə isə 10,1% təşkil edib. Bu göstərici 2022-ci ildə 11,8%, 2021-də 8,7% və 2020-də isə 6,2% olub. SOCAR ardıcıl dördüncü il ərzində müsbət azad pul axını (FCF) formalaşdırıb.

2024-cü ildə şirkətin ümumi borc yükü 2,9 dəfə yüksəlib ki, bu da əsasən Cənub Qaz Dəhlizi QSC-nin (SGC) konsolidasiyası ilə bağlıdır. Lakin bu göstəricinin 2025-2026-cı illərdə 3 dəfədən aşağı olacağı proqnozlaşdırılır. Şirkətin borcların restrukturizasiyası fonunda likvidlik vəziyyəti qənaətbəxşdir.

2024-cü ildə SOCAR-ın neft və qaz hasilatında müvafiq olaraq 3,8% və 8,3% azalma qeydə alınıb. Şirkət bu azalmaları qısamüddətli dalğalanma kimi qiymətləndirir və gələcəkdə sabit istehsalı təmin etməyi planlaşdırır. Bu məqsədlə SOCAR beynəlxalq upstream fəaliyyətlərini genişləndirərək 2024-cü ildə BƏƏ-də “ADNOC”dan Umm Lulu və Satah Al Razboot yataqlarında 3% pay, 2025-ci ildə isə İsrailin Tamar qaz yatağında 10% pay əldə edib.

“Moody’s” bildirir ki, SOCAR-ın reytinqi həmçinin şirkətin Azərbaycanın neft-qaz sektorundakı əsas rolu, dövlətlə sıx əlaqələri, strateji və maliyyə qərarlarında nisbətən artan intizam və Cənub Qaz Dəhlizi üzərində nəzarətin ona verilməsi ilə güclənib.

Bununla yanaşı, reytinqin məhdudlaşdırıcı faktorları kimi şirkətin kompleks təşkilati strukturu, məhdud şəffaflıq, yüksək daxili ticarət həcmi, konsentrasiyalı əməliyyat coğrafiyası və SOCAR-ın nəzarətində olan bəzi zəif investisiyalar – məsələn, Türkiyədəki Petkim Petrokimya Holdinq (Caa1, mənfi proqnoz) – göstərilir.

Chosen
10
3
xalqcebhesi.az

4Sources