EN

Konstitusiya Məhkəməsinə sədr müavini TƏYİN OLUNACAQ

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədr müavini postu boşdur. 

Ölkə.az xəbər verir ki, Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, keçmiş sədr müavini Sona Salmanovanın səlahiyyət müddəti bir neçə gün öncə başa çatıb və o, təqaüdə göndərilib.

Sona Salmanova ilə yanaşı, hakimlər Ceyhun Qaracayev, Kamran Şəfiyev, Rövşən İsmayılov da 15 illik səlahiyyət müddətini başa vurduqlarından Konstitusiya Məhkəməsinin üzvlüyündən çıxarılıblar.

Sona Salmanova 14 iyul 1998-ci ildə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi, Prezidentin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə isə Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilmişdi.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz.

Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Konstitusiya Məhkəməsində sədr müavini postunun boş olduğunu nəzərə alsaq, belə qeyd edə bilərik ki, yaxın vaxtlarda bu vəzifəyə yeni təyinat həyata keçiriləcək.

Hazırda Konstitusiya Məhkəməsi 9 hakimi aşağıdakı hüquqşünaslardır:

Fərhad Abdullayev - sədr;
Humay Əfəndiyeva - üzv hakim;
Fikrət Məmmədov - üzv hakim;
İsa Nəcəfov - üzv hakim;
Xanlar Vəliyev - üzv hakim;
Rəşid Rzayev - üzv hakim;
Otari Qvaladze - üzv hakim; 
Fərhad Tatayuk - üzv hakim;
Rauf Quliyev - üzv hakim.

Chosen
26
6
olke.az

10Sources