EN

“Qarabağ”dan ayrılan futbolçu peşmandır: Mənimlə rəftardan danışmaq istəmirəm - MÜSAHİBƏ

BAKI, 12 iyul. TELEQRAF

UEFA Çempionlar Liqasının II təsniafat mərhələsinə hazırlaşan “Qarabağ” yay transfer dönəmində 5 futbolçu ilə yoları ayırıb, əvəzində isə 3 yeni oyunçunu komandaya cəlb edib.

Ağdam təmsilçisini tərk edənlərdən albaniyalı hücumçu Redon Cica Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

2023-cü ildən “köhlən atlar”a qoşulan və qısa müddətdə azarkeşlərin sevimlisinə çevrilən 27 yaşlı futbolçu Teleqraf-a müsahibə verib:

- “Qarabağ”dan ayrılmağınızın əsl səbəbi nə oldu?

- Ayrılmağımın səbəbi kifayət qədər oyun vaxtı əldə edə bilməməyim idi.

- Hətta mövsümün yarısından Ağdam təmsilçisindən gedəcəyiniz deyilirdi. Klub sizə bildirmişdimi ki, özünə yeni klub axtar?

- “Qarabağ” mənə klub axtarmağımı demədi. Artıq bir ildir ki, getmək istəyirdim, amma buna icazə vermirdilər.

- Necə oldu ki, “SSPA Şabab Riadi Beluizdad”ə getdiniz?

- Təklif gəldi və Əlcəzair klubunu seçdim. Çünki bunun mənim üçün doğru seçim olduğunu düşünürəm.

- Əlcəzairdən olan sabiq komanda yoldaşınız Yassin Benziadan bu klub barədə məlumat almışdınız?

- Bəli, Yassin mənə müəyyən məlumatlar verdi. Cavablar müsbət idi. İnanıram ki, bu seçim karyerama müsbət təsir göstərəcək.

- 73 oyunda 13 qol və 5 məhsuldar ötürmə - azarkeşlər sizin performansınızı yaxşı dəyərləndirir. Lakin klubu qınayırlar ki, tam istedadını açmağa icazə vermədilər. Siz özünüzə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?

- Mənə həmişə inanıb dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onların sevgisini hər zaman hiss etmişəm. Hər şey üçün “çox sağ olun” deyirəm. Mənimlə necə rəftar olunması ilə bağlı suala gəlincə, bu barədə danışmaq istəmirəm.

- “Qarabağ”da keçirdiyiniz 2 il karyeranıza necə təsir etdi, nəyəsə görə peşmansınız?

- Bu müddət mənə müsbət təsir göstərdi, çünki futbolçu kimi səviyyəmi artırdım. Amma peşmanam ki, performansımı göstərmək üçün kifayət qədər oyun vaxtım olmadı.

- Azərbaycandakı dönəmləri nə ilə xatırlayacaqsınız? Ümumiyyətlə, başqa klublardan təklif aldınızmı, yaxud təklif gəlsə, yenidən Azərbaycanda oynayarsınızmı?

- Azərbaycandakı günlərimi gözəl xatırlayacağam. Buranı çox bəyənmişdim və darıxacağam. Azərbaycan klublarından heç bir təklif almamışam. Amma gələcəkdə qayıtmaq imkanı olsa, niyə də yox?!

- İndiyə qədərki ən unudulmaz oyununuz hansı olub?

- Xatırladığım və digərlərindən fərqləndirdiyim 2023-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduğumuz matçdır. Çünki 3 dəqiqə ərzində 2 qol vurmağı bacarmışdım. Həmçinin “Qalatasaray”a 1:2 hesabı ilə yenildiyimiz yoldaşlıq oyunu da mənim üçün yaddaqalan idi. Burada da atmosfer möhtəşəm idi və həmin görüşdə də qol vura bilmişdim.

- Qurban Qurbanovla şəxsi söhbət edərək nə üçün az oyun şansı verdiyini öyrənmisinizmi?

- Xeyr, baş məşqçi ilə niyə oynamadığım barədə heç bir danışığımız olmayıb.

- Futbolçu kimi məqsədləriniz nələrdir?

- Məqsədim mümkün qədər çox oynamaq, qollar vurmaq və Albaniya milli komandasında çıxış etməkdir.

- Azərbaycandan ayrılarkən hər hansı bir narazılıq və incikliyiniz oldumu?

- Heç bir narazılığım yoxdur. Amma Bakı üçün çox darıxacağam, indidən darıxıram. Bunu açıq etiraf edirəm.

Chosen
2
3
teleqraf.com

4Sources