EN

Tovuz döyüşlərinin beşinci ildönümündə sərhəd kəndindən REPORTAJ

Tovuz, 12 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Bu gün Tovuz döyüşlərindən beş il ötür. Qəhrəman əsgərlərimizin canı və qanı bahasına qorunan sərhəd kəndlərində xatirələr bu gün də təzədir.

AZƏRTAC-ın bölgə müxbiri xatırladır ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz istiqamətində təxribatından ən çox əziyyət çəkmiş sərhəd kəndlərindən biri də rayonun Ağdam kəndidir.

5 il əvvəl iyulun 12-də düşmən qüvvələri Ağdam kəndində yerləşən Qaraqaya adlanan istiqamətdən atəşkəsi kobud şəkildə pozaraq təxribata əl atdı. Öncə ordumuzun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələri daha sonra sərhəd kəndlərini hədəfə aldı. Tovuzun sərhəd Ağdam, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Dondar Quşçu kəndləri ağır artileriya qurğularından atəşə məruz qaldı.

Bir neçə gün davam edən qızğın döyüşlər zamanı hərbçilərimiz mövqelərini qorudu. Hər kəsin ürəyi döyüşən əsgərlərə birgə döyünürdü, hər bir vətəndaş əsgərlərə öz yardımını etməyə çalışırdı.

İyul döyüşləri təəssüf ki, itkisiz ötüşmədi. Elə atışmanın ilk anlarında Ağdam kənd sakini Elşad Məmmədov həlak oldu. İndi Elşad Məmmədovun yaşadığı evin qapısı onun adı ilə anılır.

Şəhid atası Dönməz Məmmədov həmin günləri belə xatırlayır: “Həmin vaxt təxribatların hər gün olduğu danılmaz bir faktdır. Amma iyulun 12-də böyük təxribat oldu. İndi dayandığım yerdən dağın başında mənim oğlumun postudur. Hava xətti ilə məsafə 300-400 metrdir. Oğlum bu kənddə, sərhəddə xidmət edib. Kiçik çavuş idi, post başçısı idi. Döyüşlər başlayanda bizim kənddən heç kəs çıxmadı. Hamı öz məhəlləsində əkin-biçinlə məşğul olurdu. Həmişə də elə olub. Bu kənddən heç kim çıxmayıb. Mən özüm Birinci Qarabağ müharibəsi zamanı müdafiə dəstəsində qoşalülə tüfənglə kəndin müdafiəsində iştirak etmişəm. Bir məsəl var, deyirlər oğul nədən ötrüdür, oğul düşmən çəpəridir. Mənim oğlum da Vətən uğurundan canından keçən oğullardan biridir. İndi daha qürurluyuq. Təkcə iyul döyüşlərində qalib gəlmədik. Burada əldə etdiyimiz zəfər, Qarabağda böyük qalibiyyətimizlə bitdi”.

Ağdam kəndində beş il öncə də bu vaxtlar kənddə əkin-biçinin, məhsul yığımının qızğın dövrü idi. Sahələrdən kartof, taxıl, digər kənd təsərrüfatı məhsulları yığılırdı. Sakinlər həmin günlərdə təhlükəli olsa da, döyüşlər gedə-gedə də təsərrüfatlarından əllərini çəkmirdilər. İyul döyüşləri zamanı kəndə xeyli ziyan dəydi. Hətta Ağdam kəndinin artilleriya atəşinə tutulması zamanı kənd sakini Əziz Əzizov da həlak olub. “Mənim əmim kənd sakini 76 yaşlı Əziz Əzizov iyulun 14-də öz evində səhər saatlarında yemək yediyi zaman artilleriya atəşi nəticəsində öldürüldü. Ağdam kəndi atəşə tutulsa da, ziyanlar vurulsa olsa da, döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı. Hazırda əvvəlkindən daha yüksək əhvali-ruhiyyədəyik. İndi biz bütöv Azərbaycanıq. Allah şəhidlərimizə rəhmət eləsin. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, ordumuzun qüdrəti sayəsində indi bu sərhəd kəndində daha da qürurlu, xoşbəxt və firavan yaşayırıq. Kəndimiz inkişaf edir, böyük canlanma var və həyat öz axarı ilə davam edir” - deyə, Ağdam kəndinin sakini Pərvanə Əzizova bildirib.

Ağdam kəndinin icra nümayəndəsi Elman Sadıqov deyib ki, hər kəs burada ordu-xalq birliyinin şahidi olub. Sakinlərin orduya güvəni, onlara arxa durması sonda Azərbaycanın qələbəsi ilə nəticələndi. O, bildirib: “Beş il bundan qabaq həmin bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriyası ilə kəndimizə atəş açıldı. Kənddə 13 yaşayış və qeyri yaşayış evinə ziyan dəydi. Bir sakinimiz həlak oldu. Kəndin infrastrukturuna, qaz, elektrik, su təsərrüfatına güclü ziyan dəydi. Həmin ziyan qısa müddət ərzində dövlət tərəfindən qısa müddətdə bərpa olundu, dağıdılmış evlər bərpa olundu”.

İyul döyüşlərində 12 hərbi, bir mülki şəhidimiz oldu. Düşmən isə qat-qat artıq itkilər verərək darmadağın edildi.

Bu gün Ağdam kəndi yenidən dirçəlir. Həyat öz axarındadır. Güllə səsləri indi təbiətin öz səsi ilə əvəzlənib. İyul döyüşlərinin simvolu sayılan Qaraqaya da bu gün səssiz görünür. Lakin onun sinəsində tarix danışır — mərdlik, şəhidlik, vətən sevgisi ilə yazılan bir tarix… Qaraqayadan başladı, Şuşada, Xankəndidə Bayrağımızın dalğalanması ilə başa çatdı.

Chosen
5
1
azertag.az

2Sources