EN

"Trampın Ukrayna müharibəsinə yanaşması tərəddüdlərlə doludur" - Qərb mətbuatı

"Trampın qeyri-müəyyən siyasəti həm Ukraynanın müqavimətini, həm də onun bərpa ümidlərini zəiflədir..."
 
Donald Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı artan narazılığı Qərbdə müəyyən ümidlər doğursa da, bu, ABŞ-ın Ukraynaya daha çox dəstək verəcəyi anlamına gəlmir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr yazır ki, Tramp hələ də Kiyev əleyhinə düşüncələrini açıq saxlayır və Putini münaqişənin əsas danışıqlı tərəfi, Zelenskini isə barışığın qarşısında dayanan "maneə" kimi görür. Qeyd olunur ki, Trampın qəzəbi Putinin güzəştə getmək istəməməsi ilə bağlıdır.
 
Bununla belə, bu narazılıq daha çox şəxsi məyusluq xarakteri daşıyır və administrasiyanın ümumi siyasətində radikal dəyişiklik demək deyil. "Bu, daha çox xəbərdarlıq xarakterlidir, ABŞ-ın birdən-birə Ukraynanın əsas tərəfdarına çevrilməsi anlamına gəlmir", - ekspertlər qeyd edir.
 
Ukrayna ərazilərinin bir hissəsini itirə bilər
 
"The Telegraph" nəşri daha da narahatedici bir ehtimalı gündəmə gətirir: Trampın vasitəçiliyi ilə baş tuta biləcək hər hansı bir sülh sazişi, Ukraynanın bir hissəsinin - Luqansk, Donetsk, Xerson və Zaporojye bölgələrinin Rusiyaya verilməsi ilə nəticələnə bilər.
 
Belə bir senari Avropa liderlərini ciddi şəkildə narahat edir. Çünki Tramp belə bir sazişi Kiyevin razılığı olmadan da irəli apara bilər. Bütün bu proseslər fonunda isə Qərbin özü hələlik Putinin təzyiqini sarsıdacaq alternativ planlar ortaya qoya bilməyib. Bu da Trampa daha çox manevr imkanı yaradır.
 
Trampın tərəddüdləri Ukraynanın bərpasını da zəiflədib
 
Trampın dəyişkən mövqeyi yalnız müharibənin diplomatik cəbhəsində deyil, eyni zamanda Ukraynanın gələcək bərpası ilə bağlı planlarda da ciddi əngəllər yaradır. "The Telegraph" yazır ki, Romada keçirilmiş Ukraynanın bərpası üzrə beynəlxalq sammitdə nikbinliyə kölgə salan əsas məqam Trampın siyasətinə olan etimadsızlıq olub.
 
ABŞ-ın ən böyük investisiya şirkətlərindən biri olan "BlackRock" şirkəti müharibədən sonrakı bərpa fondunun əsas təşkilatçısı olmasına baxmayaraq, Trampın siyasətindən ehtiyatlanaraq layihədən geri çəkilib. 2,5 milyard dollarlıq ilkin fond nəzəri olaraq 15 milyarda qədər artıra bilərdi lakin bu da 525 milyard dollarlıq ehtiyacın cəmi kiçik bir hissəsini təşkil edirdi.
 
Trampın Ukraynaya qarşı qeyri-sabit mövqeyi investorlar üçün əlavə risk amilinə çevrilib. Nəticədə bərpa prosesinə dair planlar əsas donorlar tərəfindən təxirə salınıb.
 
Vaşinqtonun qərarsızlığı Kiyevin taleyinə kölgə salır
 
ABŞ hələ də Ukraynanın ən böyük hərbi və maliyyə dəstəkçisidir. Lakin Tramp administrasiyasının ikiüzlü və qeyri-müəyyən davranışları bu dəstəyin davamlılığına dair ciddi suallar doğurur. 2025-ci il üçün nəzərdə tutulan ABŞ hərbi büdcəsində Ukraynaya 500 milyon dollar ayrılması təsdiqlənsə də, bu, kifayət deyil.
 
Trampın keçmişdə Ukraynaya qarşı nümayiş etdirdiyi etinasızlıq və zaman-zaman düşmənçilik ritorikası indi də fondların gələcəyinə mənfi təsir göstərməkdədir. "The Telegraph" yazır: "Bəlkə də bu, ən təhlükəli məsələdir - Ukraynanın öz taleyini müəyyən etməsi gücü tədricən bir nəfərin dəyişkən fikirlərindən asılı vəziyyətə düşür".
 
Donald Trampın Ukrayna məsələsindəki dalğavari mövqeyi - gah sərt tənqid, gah güzəşt mesajları nə Kiyevə aydın dəstək verir, nə də Moskvanı geri çəkilməyə məcbur edir. Əksinə, bu siyasət qeyri-müəyyənlik yaradır, həm Ukraynanın müqavimətini, həm də onun bərpa ümidlərini zəiflədir. Və görünən odur ki, Trampın qərarsızlığı təkcə müharibənin gedişatına deyil, həm də onun sonrakı tarixini müəyyən edən əsas amillərdən birinə çevrilməkdədir.
Chosen
6
moderator.az

1Sources