EN

“İlanlar artmayıb, onların yaşadığı ərazidə insanların sayı artıb”-MARAQLI+ÖZƏL

“Rayonlarda, bölgələrdə hansı ilana rast gəlirlərsə, dərhal deyirlər ki, gürzə gördüm. Onu gürzə hesab edirlər. Azərbaycanda 28 növ ilan var, onlardan yalnız gürzə zəhərlidir. Bir də gürzələrə qohum olan digər növlər var. Məsələn, Talış zonasında qalxansifət ilan, yaylaq dediyimiz yüksək dağlıq ərazilərdə yaylaq gürzəsi, yaxud da şərq çöl gürzəsi, Naxçıvanda orta və alçaq dağlı ərazilərdə raddil dağ gürzəsi adlı ilan növləri var. Amma Azərbaycanda çox yayılmış ən zəhərli ilan levontin gürzəsidir. Bu da quraq və səhra ərazilərdə olur. Bu gürzə təkcə meşədə olmur. Meşənin öz gürzəsi var. Qalan 28 ilandan 22-si zəhərsizdir”
 
Bunu Moderator.az-a açıqlamasında AMEA Zoologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov deyib. O daha sonra əlavə edib:
 
“Bu gün ilanlar hansı gününə artmalıdır? Biz onlara nə gün qoyuruq ki? Əksinə, onların yaşayış yerlərini azaldırıq. Belə şəraitdə onların artması qeyri-mümkündür. Amma ilanlarla insanların rastlaşması halları artıb. İlanlara biz daha çox rast gəlirik. Bu ilanların sayca artması demək deyil. İlanlar olan ərazidə insanların sayı artıb. Konkret bir ərazidə 5 ilan varsa, 5 ilana 20 adamdan 2-3-ü rast gəlirdi, amma indi 5 ilan olan yerdə 20 nəfər yox, 200 adam var. Həmin 5 ilanla 2-3 nəfər yox, 20-30 adam rastlaşır. Ona görə də hər dəfə deyirlər ki, ilanlar artıb. İlanla rastlaşma hallarının artması ilanların sayca artması halı demək deyil. Bu ilan olan ərazilərdə insanların sayı artıb. Bakıətrafı ərazilərdə çoxlu boş yerlər var idi. Örüş kimi istifadə olunurdu, insan iştirakı yox idi. Ona görə də ilanlar Abşeronda geniş əraziyə səpələnmişdilər. İndi o geniş ərazilər yoxdur. Hamısı villadır, evdir, bağ-bağatdır. İndi ilanlar lokal olaraq bir sahəyə sıxışdırılıb. Ona görə də boş qalmış əraziyə girəndə daha çox ilan görürük” deyə o bildirib.
Chosen
103
50
moderator.az

10Sources