EN

Bu gün 34 mindən çox abituriyent imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

 

Senzor.az bildirir ki, bu barədə DİM məlumat yayıb.

 

Qeyd olunub ki, bu gün, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər coğrafiya fənni üzrə imtahan verirlər.

 

Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan  imtahanlar saat 10:00-da başlanıb. Saat 09:45-də buraxılış rejimi başa çatıb və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayıblar.

 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də əvvəlcədən imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunub.

 

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməli idilər:

 

- İmtahana buraxılış vərəqəsi;

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 144 imtahan binası, 2 537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3 177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

 

Bugünkü imtahanda I ixtisas qrupu üzrə 24 059, IV ixtisas qrupu üzrə 5 634, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 4 536 nəfər olmaqla, ümumilikdə 34 229 abituriyentin iştirakı nəzərdə tutulub.

 

İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edir. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Chosen
1
50
senzor.az

10Sources