EN

Yoxsulluq artır: Səbəb nədir və nə etmək olar? | TƏHLİL

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə yoxsulluq artıb. 2023-cü ildə 247 manat olan yoxsulluq həddi ötən ilin sonunda 270 manat təşkil edib. Bir ildə yoxsulluq həddində 23 manat, yəni 9,31% artım baş verib. Yoxsulluq həddinin artması, yəni 270 manata çatması bu kateqoriyaya daxil insanların sayının, yəni faizinin də yüksəlməsinə səbəb olub. Belə ki, 2021-2023-cü illər ərzində yoxsulluq səviyyəsi davamlı azalaraq 6,2%-dən 5,2%-ə endiyi halda 2024-cü ildə 5,3%-ə yüksəlib.

Bunun əsas səbəbi hər şeyin bahalaşmasıdır. Bu proses əvvəlki dövrlərdən fərqli olaraq, davamlı xarakter daşıyıb. Söhbət ümumi inflyasiyadan gedir. 2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımı səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə birdən-birə 14%-ə yaxınlaşdı, 2023-cü ildə 8,8%, keçən il isə 5%-ə yaxın təşkil etdi.


Prosesə dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin cüzi artırılması da təsir edib. Yaşayış imkanlarının çətinləşməsində idxalın getdikcə genişlənməsi də mühüm rol oynayıb və real olaraq oynamaqda davam edir. Bu tendensiyanin nəticəsində məşğulluq imkanları istər-istəməz daralmalı idi, daralıb da. Bu özünü xüsusən, son 2-3 ildə daha çox büruzə verib.

Bu cür həm obyektiv, həm də subyektiv xarakterli bir sıra səbəbləri göstərmək çətin deyil. Əslində proses bir neçə ildir gedir. Pandemiya ilindən bəri həm dünyada, həm də ölkəmizdə yoxsullaşmaya meyl artıb.

Lakin ortada hələ bir sual da var: Biz yoxsulluq həddini nəyə, hansı meyarlara əsasən müəyyən edir və ölçürük?! Ölkəmizdə “yaşayış minimum” və “ehtiyac meyarı” deyilən anlayışlar mövcuddur. Məsələn, ünvanlı dövlət sosial yardımını təyin etmək məqsədilə 2025-ci il üçün ehtiyac meyarı 285 manat müəyyən edilib. Yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manatdır.
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdi. Xatırladım ki, ölkə üzrə ehtiyac meyarı ilə yaşayış minimumu göstəricisi 2023-cü ildən etibarən bərabərləşdirilib.

Şəkil Leonardo Aİ ilə generasiya edilib
Ölkədə yoxsulluq həddinin təkcə bir ildə, yəni keçən il ərzində 23 manat (9,31 faiz) artması hesab edirəm, bu rəqəmləri ən azı növbəti ildən etibarən tamamilə əsassız edir. Bu baxımdan “Yaşayış minimumu haqqında” qanuna edilən dəyişikliklər vacib xarakter kəsb edir. 11 ildən sonra minimum istehlak səbətinə həm tərkib, həm də onunla bağlı digər detallar sarıdan yenidən baxılacaq.

Ümumiyyətlə, “yaşayış minimum” göstəricisinə elə-belə yanaşılmalı deyil. İllər öncə hətta ölkə üzrə minimum əməkhaqqı yaşayış minimumundan aşağı idi ki, bu da heç bir məntiqə uyğun gəlmirdi. 2019-cu ilin mart və aprel aylarında həyata keçirilən iki sosial islahat paketi nəticəsində ilk dəfə olaraq sözügedən göstərici yaşayış minimumu üzrə müəyyən edilən həddi keçdi.

Hazırda isə söhbət ondan gedir ki, yaşayış minimumu üzrə müəyyən edilən hədd özü mükəmməl deyil və buna əsasən də yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi əslində heç bir məntiqə uyğun gəlmir. Çünki görünən budur ki, ölkədə yoxsullaşma getdikcə artmaqda davam edəcək. Buna qlobal miqyasdakı vəziyyət, həm də daxili səbəblər təsir göstərir və göstərəcək. Xüsusən də, şəhər yerlərində bu özünü daha yüksək tempdə büruzə verəcək. Halbuki proses hələ kənd yerlərində təzahür edir.


Pərviz Heydərov
Xüsusi olaraqAzVision.azüçün
Chosen
8
4
azvision.az

10Sources