Nijni Novqorod Hava Limanının Polis İdarəsinin rəisi azərbaycanlı zabit Namiq Musayev miqrantlardan rüşvət aldığı üçün saxlanılıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, polkovnik-leytenant Namiq qanunsuz miqrasiya kanalı təşkil edib.
Sxemdə 12 işçi iştirak edib, rollar bölüşdürülüb, bəziləri pul alıb, bəziləri rəisin qanunsuz əmrlərini yerinə yetirib. Hava limanında əməliyyatı Federal Təhlükəsizlik Xidməti keçirib. Faktla bağlı sərhədi qanunsuz keçmə (Cinayət Məcəlləsinin 322-ci maddəsi) və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə (CM-nin 285-ci maddəsi) ilə cinayət işi açılıb.
Rusiya mediası dərhal N.Musayevin regiondakı “Azərbaycan diasporu ilə sıx əlaqədə olduğunu” iddia edib. Bu xəbərlə bağlı xeyli şərhlər də var. Aydın görünür ki, Rusiyada təkcə miqrantların deyil, azərbaycanlı rəhbər vəzifəlilərə qarşı da əməliyyat başlayıb. Sosial şəbəkələrdə azərbaycanlıların DİN sistemindən uzaqlaşdırılması barədə çağırışlar da var.
Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairə İdarəsinin Daxili Təhlükəsizlik İdarəsinin məlumatından belə aydın olur ki, N.Musayevlə bağlı araşdırma bir müddət əvvəl başlayıbmış. Hava limanın rəisindən başqa daha neçə nəfərin həbs edildiyi barədə xəbər verilmir. N.Musayev barəsində artıq iki aylıq həbs qərarı verilib.
Maraqlıdır ki, Nijni Novqorod vilayətinin regional hakimiyyət orqanları iaşə, mehmanxana, taksi və təmizlik sənayesində miqrant əməyinə əvvəllər tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmağa məcbur olublar. Səbəb kəskin kadr çatışmazlığı idi – əcnəbi işçilər işdən çıxarıldıqdan sonra onları əvəz edəcək heç kim qalmayıb. Problemi xüsusilə kafe və restoran sahibləri hiss edib və bu sənayelərdə işləyən miqrantların sayı ilə bağlı rəsmi məlumatların reallıqdan xeyli fərqləndiyini bildiriblər. Onların fikrincə, əcnəbi işçilər olmadan müəssisələrin normal fəaliyyəti demək olar ki, mümkünsüz olub.