EN

"Səssiz qəhrəman"ın qətli: Polkovnik Voroniç kim olub və onu kim və niyə qətlə yetirib? - "The New York Times"

"Səssiz qəhrəman"ın qətli: Polkovnik Voroniç kim olub və onu kim və niyə qətlə yetirib? - "The New York Times"
 
"Qatillərə polkovniki izləmək, gündəlik marşrutunu öyrənmək və sonda ona silahlı hücum etmək əmri verilib..."
 
İyulun 10-da səhər saat 9 radələrində Kiyevin Qoloseyevsk rayonunda naməlum bir şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) polkovniki İvan Voroniçə yaxınlaşaraq beş dəfə tapançadan atəş açıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "thenewyorktimes.com" nəşri yazıb.
 
Kiyevin mərkəzində amansız qətlin izi Moskvanın dərinliklərinə aparır
 
Ukraynanın təhlükəsizlik strukturlarında yüksək rütbəli bir şəxsin gündüz vaxtı küçədə güllələnməsi həm ictimaiyyətdə, həm də xüsusi xidmət orqanlarında şok effekti yaradıb. Qatil hadisə yerindən qaçmağı bacarıb. Lakin bu, uzun sürməyib.
 
İlkin istintaq və əməliyyat məlumatlarına görə, Voroniçin öldürülməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ukrayna ərazisində həyata keçirdiyi növbəti diversiya əməliyyatı olub. Ukrayna Daxili İşlər Nazirliyi və UTX-nın birgə araşdırması nəticəsində cinayəti törədənlərin biri kişi, digəri isə qadın olmaqla iki xarici vətəndaş olduğu müəyyən edilib.
 
Onların Rusiyaya işlədiyi və qətli birbaşa FTX-nın tapşırığı ilə planlaşdırdıqları üzə çıxıb. Qatillərə polkovniki izləmək, gündəlik marşrutunu öyrənmək və sonda ona silahlı hücum etmək əmri verilib. Silah - səsboğucu ilə təchiz edilmiş tapança əvvəlcədən gizli bir yerdə yerləşdirilib və koordinatlar onlara ötürülüb.
 
UTX qatil agentləri məhv edib
 
UTX rəhbəri Vasili Malyukun şəxsi nəzarəti altında iyulun 13-də səhər xüsusi əməliyyat keçirilib. Kiyev vilayətində terrorçuların gizləndiyi yer müəyyən edilərək mühasirəyə alınıb. Həbs zamanı Rusiya agentləri silahlı müqavimət göstərdiyindən, onların hər ikisi yerindəcə məhv edilib. Malyuk bu əməliyyatı şərh edərkən, sərt və aydın bir mesaj verib: "Ukrayna ərazisində düşmənin yeganə taleyi ölümdür!"
 
İvan Voroniç - görünməyən cəbhənin əfsanəsi
 
“The New York Times”ın araşdırmasına əsasən, polkovnik İvan Voroniç təkcə yüksək rütbəli təhlükəsizlik əməkdaşı deyil, həm də illərlə Rusiya ərazisində həyata keçirilən gizli əməliyyatların memarı olub. O, UTX-nın xüsusi təyinatlı "5-ci idarə"sində xidmət edib və bu bölmə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə Rusiyaya qarşı bir sıra strateji əməliyyatlara imza atıb.
 
Voroniç 2016-cı ildə Donbasda separatçıların tanınmış komandiri, "Motorola" ləqəbli Arsen Pavlovun aradan götürülməsində rol oynamış, həmçinin "Hörümçək toru" əməliyyatı zamanı Rusiyanın strateji bombardmançı hava limanlarına təşkil edilən dron hücumlarının planlaşdırılmasında iştirak edib.
 
O, 2024-cü ilin yayında Ukrayna qoşunlarının Kursk vilayətinə qəfil hücumunda da əsas fiqurlardan biri olub. Həmin hücum nəticəsində Ukrayna ordusu 8 ay ərzində Rusiyanın bir hissəsini nəzarətdə saxlayıb.
 
Ukrayna təhlükəsizlik sisteminin sütunlarından biri
 
Keçmiş döyüş yoldaşları və sabiq UTX əməkdaşları Voroniçi "görünməyən cəbhənin qəhrəmanı" adlandırır. Onun rəhbərlik etdiyi bölmə Rusiya üçün ciddi strateji təhdid sayılıb. Məhz buna görə də Voroniç Moskva üçün prioritet hədəflərdən birinə çevrilib. Onun ölümünün ardınca keçmiş deputatlar və təhlükəsizlik ekspertləri bildirib ki, Voroniç UTX-da "gizli zonada" fəaliyyət göstərən, Rusiya üçün təhlükəli olan əməliyyatlar sahəsini bərpa edən şəxslərdən biri olub.
 
Bir şəxsin ölümü, bir xalqın qəzəbi
 
İvan Voroniçin qətli təkcə bir polkovnikin həyatının sonu deyil, həm də Ukraynanın təhlükəsizlik sisteminə qarşı yönəlmiş açıq çağırışdır. Lakin bu hadisə Ukrayna cəmiyyətində qorxu deyil, qəzəb və müqavimət əzmini daha da gücləndirib. Bu gün onun adı bir qəhrəman kimi çəkilir, ölümündən sonra isə əməlləri Ukraynanın suverenliyi uğrunda mübarizədə rəmzinə çevrilir.
Chosen
43
1
moderator.az

10Sources