BAKI, 14 iyul. TELEQRAF
"Canım atam. Şəhidlik məqamına ucalmağından 5 il ötdü. Sənsiz keçən illər mənə çox çox ağır oldu. Bəzən, yoxluğun mənə qəribə gəlir. Çünki sağlığında elə böyük, elə gözəl, elə dəyərli insanıydın ki..."
Teleqraf xəbər verir ki, bunu Milli qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının şəhid olmasının 5-ci ildönümündə sosial şəbəkələrdəki paylaşımında bildirib.
E.Mirzəyev atasızlığın onun həyatında buraxdığı izləri belə təsvir edib: "Atasızlıq mənə həm həyatda qalmağı, həm də sənin dəyərini, yerini öyrətdi. Əmin ol ki, sən bütün sahələrdə öz vəzifəni mükəmməl yerinə yetirdin. İstər ata, istər şəxsiyyət, istərsə də zabit kimi... Nə xoş mənə ki, sənin kimi bir insanın övladı, davamçısıyam. İdealım, hər zaman çalışacam ki, sənin kimi şəxsiyyət, ATA olum. Sənin haqqda hər zaman danışılacaq, heç zaman unudulmayacaqsan. Sənin ardınca minlər, milyonlar bu şərəfli yola baş qoyacaqlar. Siz şəhidlərin bizlərə ötürdüyü, əmanət etdiyi bu doğma vətən hər zaman var olacaq, üçrəngli bayrağımız başımızın üstündə daim dalğalanacaqdır. Ruhun qarşısında baş əyirəm, qanının axdığı VƏTƏN torpağından öpürəm. Ailəmizə əmanət etdiyin şərəfli adını ucalardan uca edəcəyimizə söz veririk. İmkan verməyəcəyik ki, düşmən bir daha vətənimizə silah tuşlasın, xalqımıza güllə atsın. 5 il öncə yumruq olub düşmənin başını əzdik, bundan sonra da həmin qətiyyətlə həm sərhəddə, həm siyasətdə irəliləyəcəyik. Ruhun şad olsun, Qəhrəmanım! Ruhun şad olsun millətin Qəhrəmanı!"
Xatırladaq ki, iyulun 12-də baş verən və 5 gün davam edən Tovuz döyüşlərdə Azərbaycan Ordusunun ümumilikdə 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.