EN

“CNN Türk”: İnvestorların yeni ünvanı - Azərbaycan

“CNN Türk” televiziya kanalı Azərbaycanın təqdim etdiyi investisiya və biznes imkanları, eləcə də ölkəmizin həyata keçirdiyi layihələr ilə bağlı geniş süjet yayımlayıb.

AZƏRTAC xəbər verir ki, material qardaş ölkənin bir sıra nüfuzlu media qurumlarının əməkdaşlarının Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə səfəri əsasında hazırlanıb.

Ələt-Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin investisiya və iqtisadi təhlil bölməsinin müdiri Aqşin İbişsoy və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının müsahibələri əsasında hazırlanan süjetdə Türkiyə şirkətlərinin ölkəmizdə biznes qurmaları, eləcə də təklif olunan imtiyazlardan istifadə imkanlarının əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan qeyri-neft sektorunda mühüm addımlar atır. Bu çərçivədə azad ticarət zonası, sənaye park və məhəllələri inşa edilib, bölgədə fabrik qurmaq istəyən hər bir sərmayədar üçün bütün imkanlar yaradılıb. Azərbaycanda 2020-ci ildə inşa edilən azad ticarət zonası investorlar üçün böyük imkanlar təqdim edir. Azərbaycanın bölgədəki 280 milyon əhaliyə sahib təxminən on ölkə ilə Sərbəst Ticarət Anlaşması olduğu bildirilən sujetdə investisiya üçün böyük imkanlar olması vurğulanıb.

Bundan əlavə, qeyd edilir ki, bölgədə investorlar üçün doqquz sənaye parkı və dörd sənaye məhəlləsi də yaradılıb. Bunlardan ən böyüyü isə Bakıya yaxın bölgə olan Sumqayıtda yerləşən Kimya Sənaye Parkıdır. Bütün atılan addımların əsas məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, bölgəmizin inkişafı, ölkəmizdə iş yerlərinin artması və neftdən asılılığı azaltmaqdır.

Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında bir neçə Türkiyə şirkəti sərmayədar qismində iştirak edir. Süjetdə Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin rəhbərlərinin müsahibələrinə də geniş yer verilib. Onlar bildiriblər ki, xüsusilə son illər ərzində Azərbaycanın investorlara yanaşması dəyişərək daha çox təşviqedici siyasət izlənilib. Bununla bağlı bir çox islahatlar həyata keçirilib ki, bütün bunlar da Azərbaycanda daha etibarlı iş mühitinin yaranmasına səbəb olub. İnvestorlar müsahibələrində vergidən azad edilmənin məmnunluğunu ifadə ediblər.

Qeyd edək ki, türkiyəli jurnalistlərin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə baş tutub.

1Sources