Prezident İlham Əliyevin bu gün imzaladığı "İstilik təchizatı haqqında" qanunun tətbiqi barədə fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində "İstilik enerjisindən istifadə qaydaları"nı hazırlayıb dövlət başçısına məlumat verməlidir.
Aznews.az xəbər verir ki, hökumət həmçinin çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallarını və şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən etməli, həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Energetika Nazirliyi isə 9 ay müddətində istilik qurğularının quraşdırılması qaydalarını, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını, istilik qurğularının texniki istismar qaydalarını hazırlayıb Prezidentə məlumat verməli, həmin qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.