İyulun 14-də Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış daha bir neçə ailə bu gün doğma yurda qayıdıb.
İlk mərhələdə Xocalının Təzəbinə kəndinə 125 nəfərdən ibarət 28 ailə, Xanyurdu kəndinə isə 33 ailə yəni 122 nəfər köçürülüb.
Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır.
Təzəbinə və Xanyurdu kəndlərində də keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kəndlər fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.
S. Qəhramanovun sözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Kəndlərə köç prosesi mərhələli şəkildə davam edəcək.
Keçmiş məcburi köçkünlər isə çıxışlarında doğma yurda dönməyin mənəvi rahatlıq, böyük sevinc hissi yaratdığından danışıb, dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər”.
Xatırladaq ki, Təzəbinə və Xanyurdu kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində hər iki kənd işğaldan azad olunub.
"Cebheinfo.az"