EN

Böyük Qayıdış: Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib –YENİLƏNİB

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün ilk köç karvanı ilə Xocalının Xanyurdu kəndinə köçürülən 122 nəfərdən ibarət 33 ailəyə evlərinin açarı təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köçən ailələri təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə ailələrə evlərinin açarları təqdim edilib və onlar yeni evlərində yerləşiblər.

14:58

Ölkənin müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 33 ailə olmaqla, 122 nəfər keçmiş məcburi köçkün öz yurduna qovuşub.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

1Sources